Məşhurlar Anarın qızının kitab təqdimatında - FOTOLAR
Bizi izləyin

Art

Məşhurlar Anarın qızının kitab təqdimatında - FOTOLAR

Yazıçı-publisist Günel Anarqızının “Seçilənlər” kitabının təqdimat mərasimi keçirilib.

Tədbir üçün seçilən gün də təsadüfi olmayıb. Mayın 19-u xalq şairi Rəsul Rzanın doğum günüdür. Bu təqdimatı nəvə Günelin babasının ruhuna ehtiram əlaməti kimi qəbul etmək olar.

Publika.az xəbər verir ki, gecədə müəllifin atası, xalq yazıçısı Anar mədəniyyət aləmində bayağılaşmanın baş alıb getdiyi bir dövrdə belə bir kitabın nəşrinin önəmindən danışıb. Bildirib ki, kitabda seçilmiş insanlarla söhbətlər, bəlkə də onların heç kəsə demədikləri ürək sözləri əksini tapıb: “Kitabı vərəqlədikcə fərəh hissi keçirirəm”.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə kitabı böyük maraq və həyəcanla oxuduğunu, Günel Anarqızının gözəl bir ailənin, ziyalı ocağının yetirməsi olduğunu bildirib.

Təqdimat mərasimində kitabda müsahibə və söhbətləri yer alan xalq artistləri Fidan və Xuraman Qasımovalar, Fərqanə Qasımova, xalq artisti, pianoçu Murad Hüseynov, əməkdar artist Mehriban Zəki, vokal instrumental “Qaya” qrupunun üzvləri və digər tanınmış sənətkarlar çıxış ediblər.

Günel Anarqızı “Seçilənlər”in nəşrinə verdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, mədəniyyətin müxtəlif sahələrini, eləcə də Azərbaycan diasporunun fəaliyyətini əhatə edən və doqquz bölmədən ibarət kitabda, ümumilikdə, 50-dən çox maraqlı müsahibə, esse, səyahət qeydləri, xatirə və ithaflar toplanıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm