Ərəblinsikinin rus qadını donduran üzüyü, Yaşar Nurinin ağladan təsbehi – Gününüz mübarək
Bizi izləyin

Art

Ərəblinsikinin rus qadını donduran üzüyü, Yaşar Nurinin ağladan təsbehi – Gününüz mübarək

Bu gün Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaranma günüdür.

Muzeyin təntənəli açılış mərasimi 1934-cü il noyabrın 24-də baş tutub. Mərasimdə o dövrün görkəmli sənət xadimləri - Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Aleksandr Tuqanov, Ülvi Rəcəb, İsmayıl Hidayətzadə və başqaları iştirak edib.

1935-ci ildə muzeyə böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının adı verilir.

Xoş gündə muzeyin direktoru Sevinc Mikayılova Publika.az-a müsahibə verib.

- Bu gün təkcə muzeyimizin deyil, ümumilikdə Azərbaycan teatrının bayramıdır. Dövlət Teatr Muzeyi uzun illərdir ki, Azərbaycan teatrının inkişafına və təbliğinə xidmət edir. Biz mütəmadi olaraq korifey sənətkarlarımızın yubiley, xatirə və doğum günlərini qeyd edirik. Onların həyat və yaradıcığını əks etdirən sərgilərlə tamaşaçıların pişvazına çıxırıq.

- Tamaşaçı sarıdan qıtlıq yaşamırsınız ki?

- Qətiyyən.

- Əsasən hansı yaş və təbəqənin nümayəndələridir?

- Teatr nostaljisi ilə yaşayan yaşlılarımızdan tutmuş, uşaqlara qədər hər kəs muzeyi ziyarət edir.

- Yeri gəlmişkən, məktəblilərlə işinizi hansı istiqamətdə qurursunuz?

- Biz vaxtaşırı ekskursiyalar təşkil edirik. Eyni zamanda, müxtəlif bayram günlərində açıq qapılar təşkil edirik. Həmin vaxt muzeyimizdə izdiham yaşanır.

- Əcnəbi tamaşaçılar necə, gəlirlərmi və onları əsasən hansı eksponatlar maraqlandırır?

- Azərbaycanda teatrla bağlı keçirilən bütün tədbirlərdən sonra əcnəbi qonaqlar mütləq yolunu burdan salır. Eləcə də turistlərimiz. Bu yaxınlarda Ufa şəhərindən bir qadın gəlmişdi. Azərbaycan teatrının vurğunu idi. Hüseyn Ərəblinskinin barmağına taxdığı üzüyə saatlarla tamaşa elədi. Bir rus qadının milli teatrımıza olan sevgisi bizi təsirləndirdi.

- Beynəlxalq əməkdaşlıq istiqamətində hansı işlər görürsünüz?

- Beynəlxalq festivalallara və digər tədbirlərə qatılırıq. Bir sevindirici hadisəni qeyd edim. Rusiyadan bizə müraciət olunub. Dünya teatrlarının görkəmli sənət adamları - SSRİ Xalq artistlərinə həsr olunan Ensiklopediya hazırlanır. Biz də Azərbaycan teatrının görkəmli sənətkarlarının siyahısını və onlar barədə məlumatları göndərdik. Həmin Ensiklopediyada bizim sənətkarlarımız da yer alacaq. Bu yaxınlarda Estoniyadan bizə müraciət olunmuşdu. Biz orda bir tədbirdə maraqlı sərgi ilə iştirak etdik. Dünyanın bir çox ölkələrində muzeyimizin eksponatlarından ibarət sərgilər nümaiyş etdiririk.

- Hazırda muzeydə nə qədər eksponat saxlanılır?

- Artıq 135 mini ötüb.

- Necə toplayırsınız eksponatları, xüsusi qayda varmı?

- Mədəniyyət və Turizm Nazirliyi xüsusi əmr imzalayıb. Bu əmrə əsasən ölkədə fəaliyyət göstərən bütün teatr müəssisələri muzeyi materiallarla təmin edir. Sənətkarların ailə üzvləri və digər yaxınları tərəfindən də bizə eksponatlar gətirilir.

- Maraqlıdır, sonuncu dəfə hansı sənətkarın ailə üzvündən eksponat qəbul etmisiniz?

- Xalq artisti Yaşar Nurinin ailə üzvləri onun şəxsi əşyalarını gətirib. Təsbehi və barmağında gəzdirdiyi üzük, saatı muzeyimizə təhvil verilib. Bir dəfə muzeyə gələn pərəstişkarlarından biri Yaşar Nurinin təsbehinə baxıb ağladı.

- Muzeydə ən maraqla izlənilən və ən qiymətli eksponat hansıdır?

- Çoxdur. Məsələn, Hüseyn Ərəblinsikinin “Qacar” tamaşasında geyindiyi paltar, barmağında gəzdirdiyi üzük, 1873-cü ildə göstərilən “Lənkəran xanının vəziri” tamaşasının afişası, 1904-cü ildə Şuşada “Otello” tamaşası üçün paylanılan dəvətnamə… Təsəvvür edin, 1904-cü ildə Şuşada “Otello” tamaşası oynanılıb. Bu bir tarixdir.

Qeyd edim ki, muzeydə maraqlı tarixçəsi olan eksponatlar da var, hansı ki, ziyarətçilər tərəfindən həmişə maraqla baxılıb. Görkəmli aktyor Möhsün Sənaniyə pərəstişkarı tərəfindən bağışlanan boşqab, Hökumə Qurbanovanın rol dəftəri. Təsəvvür edin, o rol dəftərinin arasındakı qurumuş çiçəklər də durur. Fikir vermişəm, muzeyə gələn və teatrımızın nostaljisi ilə yaşayan insanlar o rol dəftərini görəndə necə təsirlənir, hətta ağlayanlar da olub. Nəcibə Məlikova, Səməndər Rzayevin filmdə oynayarkən geyindiyi libaslar bu gün də muzeyə gələnlər tərəfindən son dərəcə maraqla qarşılanır. Elə insanlar var ki, həmin filmin çəkilişlərini öz gözləri ilə seyr ediblər. Bir də görürsən kəndlərdən, rayonlardan gəlirlər, o libaslara baxanda deyirlər ki, bu film bizim kənddə çəkilib, mən o paltarı Səməndər Rzayevin, yaxud Nəsibə Zeynalovanın əynində görmüşəm. Hətta oturub xatirələrini bizə danışırlar.

- Bilirik ki, vaxtilə sənətkarlar saysız-hesabsız pərəstişkar və sevgi məktubları alırdılar. Muzeydə o məktublar saxlanılırmı?

- Rəsmi məktublar var, amma şəxsi məktublar yoxdu. Bu da yəqin mentalitetlə əlaqəlidir.

- Maraqlıdır, bu nadir nümunələr necə qorunur? Bilirik ki, dünyanın məşhur muzeylərində fotoşəkilləri, eksponatları qorumaq üçün xüsusi mütəxəssislər çalışır. Sizdə necədir?

- Bizdə də xüsusi qaydalar var və materialların xarab olmaması üçün xüsusi temperaturda saxlayırıq. Digər üsullar da var və təbii ki, bu işlə mütəxəssislər məşğul olur.

- İndiyə qədər muzeyə gələn ən maraqlı insanlardan kimlərin adını çəkərdiniz?

- Muzeyin iki böyük rəy kitabı var və orda çox məşhur imzalar yer alıb. Onları oturub vərəqləsəniz, görərsiniz ki, Azərbaycan teatrı istər yerli, istərsə də əcnəbi ziyarətçilər üçün necə maraq kəsb edir. Teatr muzeyi tarixdir.

- Muzeyin virtuallaşması üçün hansı işlər görülüb?

- Artıq bu istiqamətdə işə başlamışıq.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm