Avropa Azərbaycan Məktəbində Anarla görüş - FOTO
Bizi izləyin

Art

Avropa Azərbaycan Məktəbində Anarla görüş - FOTO

Avropa Azərbaycan Məktəbinin şagirdlərinin Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüşü keçirilib.

Avropa Azərbaycan Məktəbinin şagirdlərinin Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüşü keçirilib.

Publika.az-ın məlumatına görə, məktəbin 2016-2017-ci dərs ili üzrə illik planlaşdırmasında nəzərdə tutulmuş “Yazıçı ilə görüş” adlı tədbir çərçivəsində baş tutan görüşün təşəbbüsçüsü və təşkilatçısı məktəbin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri olub. Tədbirə hazırlaşarkən məktəbin şagirdlərinin rəyi də nəzərə alınıb və onların istəyi ilə görüşə xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar dəvət edilib.

Tədbiri giriş sözü ilə məktəbin Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri Hüseyn Şahbəndəyev açaraq görüşün sonrakı axarını məktəblilərə həvalə edib. 9 a sinif şagirdi Şahanə Rzayevanın ingilis dilində çıxışından sonra Azərbaycan dili və ədəbiyyat müəllimi Turan Zəkəriyəyeva xalq yazıçısının yaradıcılığında səmimiyyət, xüsusən “Sizsiz” romanı haqqında yığcam məlumat verib. Şagirdlərdən Fatimə Abbasovanın Azərbaycan dilində, Məryəm Əliyevanın rus dilində çıxışları qonaqların və şagirdlərin alqışları ilə qarşılanıb. Ədibin “Yaxşı padşahın nağılı” əsəri əsasında 6-7-ci sinif şagirdləri tərəfindən təqdim olunan səhnəcik həm əsərin bədii dərki, həm də şagirdlərin yaradıcılıq qabiliyyətlərinin nümayişi baxımından olduqca maraqlı təsir bağışlayıb.

Yazıçının çoxcəhətli fəaliyyətini əks etdirən filmlərdən fraqmentlər Anarın kinodramatuq və ssenarilər müəllifi kimi yaradıcılığı barədə şagirdlərin təəssüratlarını genişləndirib. Tədbirdə məktəbin musiqi müəllimi Şəfiqə Həsənova tərəfindən yazıçı Anarın sözlərinə yazılmış müğənni İlqar Muradov ifasında “Taksi” mahnısının videoyazısı nümayiş olunub. Görüşdə Şəfiqə Həsənova yazıçıya mahnının diskini hədiyyə edib. Daha sonra söz Anar müəllimə verilib və yazıçı şagird və müəllimlərin suallarına əhatəli və səmimi cavablar verib.

Açıq dərs təsiri bağışlayan bu görüşü məktəbin İnsan Resursları və İctimaiyyətlə Əlaqələr üzrə direktoru Amalya Sezgin yekunlaşdırıb. O, hörmətli qonağa məktəbdə təhsil alan şagirdlərə bu anları yaşatdığı üçün təşəkkürünü bildirib. Sonda yazıçı ilə xatirə şəkilləri çəkilib. O, yola düşməzdən əvvəl məktəbin “Xalçaçılıq” klubunda şagirdlər tərəfindən toxunmuş xalçalarla tanış olmuş və xalq yazıçısına şagirdlərin toxuduğu xalçalardan biri hədiyyə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm