“Heydər Əliyev Rəsul Rzanı ermənilərdən qorudu” – ANAR
Bizi izləyin

Art

“Heydər Əliyev Rəsul Rzanı ermənilərdən qorudu” – ANAR

Anar Rzayev Heydər Əliyevin anım günü ərəfəsində onunla ilk tanışlığından bəhs edib, xatirələrini bölüşüb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev Heydər Əliyevin anım günü ərəfəsində onunla ilk tanışlığından bəhs edib, xatirələrini bölüşüb.

Teleqraf.com YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, Anar Rzayev Heydər Əliyevi ilk dəfə sovet dövründə komsomolun qurultayında gördüyünü söyləyib: “Mən Ümummilli lider Heydər Əliyevin iştirak etdiyi həmin qurultayda çıxış etmişdim. Sonra isə dəfələrlə görüşmüşük. O, Moskvada işləyəndə də görüşmüşük, vəzifədən istefa verəndən sonra da əlaqələrimiz olub. Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri olanda da, onunla Naxçıvanda görüşmüşəm. Eləcə də, müstəqillik illərində Heydər Əliyev dövlət başçısı olarkən dəfələrlə görüşümüz olub. Bütün bunlar haqqında “Unudulmaz görüşlər” adlı kitabımda müfəssəl yazmışam. Heydər Əliyev xarici səfərlərə gedəndə yazıçıları da aparırdı və mən də onun bir neçə səfərində iştirak etmişəm”.

Onun sözlərinə görə, Heydər Əliyevə nə vaxt müraciət edibsə, həmişə müsbət cavab alıb: “Təbii ki, müraciətlərim Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti ilə bağlı idi. O, AYB-nin ehtiyaclarını bilirdi və həmişə bizə qayğı ilə yanaşırdı. Müstəqillik illərində Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra AYB, onun qəzet və jurnalları dövlət büdcəsi hesabına maliyyələşdirildi. Çünki ədəbi jurnal və qəzetlər olmadan ədəbiyyat inkişaf edə bilməz.

Heydər Əliyevin bu qayğısı Azərbaycan ədəbiyatının xilası idi. Eləcə də, yazıçıların yubiley tədbirləri olanda, təşkilatımızın qurultaylarında Ulu öndər Heydər Əliyevə müraciət edirdik və həmişə ondan xoş münasibət görürdük. Biz Yazıçıların IX qurultayına Heydər Əliyevi də dəvət etmişdik və dəvətimizi qəbul edərək qurultayda iştirak etdi. O zaman vəzifədə deyildi. AYB-nin X qurultayında isə Heydər Əliyev Azərbaycan Prezidenti olaraq iştirak etdi. X qurultayda çıxışı zamanı Heydər Əliyev bildirdi ki, vəzifədə olmayanda ətrafımda olan bir çox insanlar ondan üz döndərəndə, yazıçılar tədbirlərinə dəvət etdilər, hörmətlə qarşıladılar və gördüm ki, yazıçılar daha etibarlıdırlar. Qurultayda onu da xatırlatdı ki, sovet dövründə kimlərsə gəlib yazıçılar haqqında cürbəcür sözlər deyirdilər. Məsələn, “Qobustan” jurnalında millətçilik var, Anarın yazdığı “Şəhərin yay günləri” anti-sovet əsəridir, onun babası da antisovet olub və s. Heydər Əliyev “Şəhərin yay günləri” pyesinə baxdı və bəyəndi, teatrın tarixində ilk dəfə səhnəyə çıxıb artistlərlə görüşdü, sonra da bu əsərə dövlət mükafatı verdi”.

Anar Rzayev qeyd edib ki, Heydər Əliyev sovetlər dövründə bir çox yazıçı-şairləri təhlükələrdən xilas etdi: “Fakt olaraq deyim ki, ermənilər Rəsul Rza haqqında Moskvaya böhtan dolu məktublar yazırdılar. Amma Heydər Əliyev Rəsul Rzaya Sosialist Əməyi Qəhrəmanı nişanı verilməsinə nail oldu. Eləcə də, Bəxtiyar Vahabzadəni təhlükədən xilas etdi, yüksək adlarla, mükafatlarla təltif etdi. Sovet dövründə bəzi gənc yazıçıları millətçi damğası ilə həbs etmək istəyirdilər. Heydər Əliyev onları yanına çağırıb demişdi ki, ağlınızı başınıza yığın, işləyin, millətə öz yaradıcılığınızla xidmət edin. Yəni, Ulu öndərimiz hər mərhələdə – həm sovet, həm də müstəqillik dövründə yazıçıları müdafiə edib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm