Polad necə bərkidi - -FOTO\VİDEO
Bizi izləyin

Art

Polad necə bərkidi - -FOTO\VİDEO

Mən SSRİ-ni görməmişəm.

Mən SSRİ-ni görməmişəm. Amma onun qüdrətli, böyük olmasını böyüklərimdən eşitmişəm. İmperiyalar böyük mədəniyyətlər yaradır. Hamıya bəlli olan gerçəkdir. SSRİ də imperiya olaraq musiqidə, memarlıqda və ədəbiyyatda böyük mədəniyyətlər yaratdı. Sovet dövrünün estradası haqqında maraqlandım. Adlardan üçü çox doğma gəldi. Rəşid, Müslüm və Polad.

Sovet dövünün əsl ehtiraslı cənub sevgilisi obrazının təcəssümü idi, dahi Bülbülün oğlu idi Polad, əslində, xoşbəxt olmaq üçün bütün bunlar yetərdi, əgər, Polad Polad olmasaydı.1970-80-cı illərdə oynaq, şıltax mahnıları ilə səhnələri fəth edən, hamının sevimlisi olan bir adam çox mutlu yaşayardı, əgər, Polad olmasaydı. “Barı zəng elə”, ”Dolalay”, “Hicran, “Gözlərinə de”, “Azərbaycan” və hamımızın əzbər bildiyi “Gəl ey səhər” yetər idi ki, bu adam tarixdə qalsın. Qalardı, amma Polad olmasaydı. Azərbaycan kino musiqisinin ən məşhur inciləri onun adıyla bağlıdı. Mahnılarını Sovetin bütün mümkün ifaçıları səhnəyə gətirdilər. Bir bəstəkar üçün bu yetərliydi. Amma Polad üçün yox. Şən-şux müğənni, performansı ilə seçilən sənətçi, fərqli bəstəkar, bəlkə də dünya aləm vecinə olmayan insan birdən-birə polad kimi bərkidi.

Qəribə taledi. Ata yurdu Qarabağın başına od ələnən çağında ölkənin Mədəniyyət Naziri oldu. Eşitdiyimə görə, nazir olanda birinci xahişi dövlət televiziyasına olmuşdu ki, onun bütün ifalarını efirdən yığışdırsınlar. Bu addımıyla milli mədəniyyətimizə çirkabdan, intirqadan uzaq bir ədalət gətirdi. Polad hələ bərkiyirdi.

Mədəniyyətin siyasətdən daha güclü qüvvət olduğunu anlayan Polad “Xarı bülbül” festivalının əsasını qoydu. Bütün dünyanın diqqətini Şuşaya, Qarabağa yönəltdi. O Müdafiə Naziri deyildi amma ondan daha çox iş gördü. Gücü çatana kimi Qarabağın “muğam”ını, “Cıdır düzü”nü, “Şuşa”sını, “Xarı bülbül”ünü qorudu. Eşitdiyimə görə, hətta, 1991-ci ildə parlamentdə hökümət üzvləri təsdiq olunanda onun adı çəkilən kimi yerdən kimsə “yenə Qarabağdadır, “Xarı bülbül” festivali keçirir” deyibmiş. Polad bərkiyirdi.

Polad Bülbüloğu dünya siyasətinə və mədəniyyətinə yeni anlayış gətirdi. Qaçqın sözünü eşitmişdik, qaçqın hökümət sözünü də eşitmişdik, qaçqın teatr sözü yeni idi. Azərbaycanlıların yaşadığı qədim İrəvan şəhərinin mədəniyyətinin bir parçası olan İrəvan teatrının fəaliyyətini bərpa edib və qaçqın teatr kimi yaşadaraq, dünyanın bir çox ölkələrinə yollayaraq, Mədəniyyət Naziri kimi, vətəndaş kimi öz böyük siyasi iradəsini ortaya qoydu. Qaçqın teatrın statusu ilə bizim İrəvanda olan böyük mədəniyyətimizə haqqımızı yaşatdı. Polad hələ bərkiyirdi.

Elə bil tale onunla oyun oynayırdı. Doğma Şuşasının bərpa etdiyi teatrını da qaçqınlıq taleyi gözlədi. Sonra Ağdam, Füzuli teatrların qaçqınlıq ömrünü yaşatdı. Onların da qaçqınlıq həyatını yaşatdı bircə ümüdlə haqq yerinə dönəcək. Məhz onun nazir olduğu vaxtda Yuğ, Gənclər, Kamera, Pantomima kimi mədəniyyətimizin o dönəm əvəzsiz məbədləri yarandı.

Uzun müddət səhnədən ayrı düşdü və yalnız 1995-ci ildə, özünün 50 illiyində tamaşaçılarının görüşünə gəldi. Bu yerdə onu da deyim ki, Qarabağ hadisələri başlayan kimi hələ 1988-ci ildə birinci bu mövzuda mahnı oxuyan Polad oldu. 1995-ci ildə uzun fasilədən sonra səhnəyə çıxan Polad xalq mahnılarına yeni bir həyat verdi. Elə bil, bəhrələndiyi milli musiqinin borcunu qaytarırdı. Oxuyanda gözündəki nur onu ifadə edirdi. Sonra səfir də oldu amma məmur olmadı, diplomat da olmadı əsl elçi oldu. Ölkəmizi, mədəniyyətimizi soyuqqanlı diplomat müdrüklüyü ilə yox, işıqlı mədəniyyət damı kimi təmsil elədi. Polad bərkidi, amma saxta olmadı, böyük oldu. Böyük Sovet Dövlətinə bəxş etdiyimiz, bizi tanıdan, gözəl Qarabağın, Şuşanın parlayan böyük nurlarından biri, ad günün mübarək!

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm