Art
Milli musiqimizin beynəlmiləl məzmunu
XX əsr musiqi mədəniyyətimizin ən görkəmli nümayəndəsi
Qara Qarayev zəngin yaradıcılığı və möhtəşəm sənət dünyası ilə
bəşəriyyətin diqqət mərkəzində dayanmış şəxsiyyətlərdən biri olub.
Böyük Üzeyir Hacıbəylidən dərs almış dünya şöhrətli bəstəkarın
bütün əsərləri bəşəri xarakter daşıdığından onun ədəbi irsi yalnız
bir xalqın deyil, dünya mədəniyyətinin incilərindən sayılır. Bu gün
hər birimiz fəxarət hissi keçiririk ki, Qara Qarayev Azərbaycan
mədəniyyətinə dünya şöhrəti gətirən musiqi xadimlərimizdən
biridir.
Qara Qarayev haqqında dünyanın tanınmış musiqiçilərinin, sənətçi və
bəstəkarlarının söylədikləri dəyərli fikirləri bir yerə toplasaq,
böyük bir dastan bağlanar. Görkəmli Azərbaycan bəstəkarı Fikrət
Əmirov öz həmkarı haqqında belə yazırdı: "Qarayev sənəti əzəmətli
Azərbaycan musiqi məbədinin ən etibarlı dayaqlarından biridir və bu
musiqinin dünya şöhrəti qazanmasında onun rolu böyükdür. İstedad,
üstəgəl əmək - bizim ictimai həyatımızda, mədəniyyətimizdə
Q.Qarayev sənətinin mahiyyəti və pafosu bax bundadır". Maestro
Niyazi isə Qara Qarayev musiqisini "ürəkdən od qoparan sirli bir
dünya" adlandırmışdır.
Qara Qarayev Azərbaycanın qədim musiqisi ilə Qərbi Avropa və rus
klassik musiqisinin ən yaxşı nümunələrini birləşdirərək yaradıcılıq
üfüqünü çox cəsarətlə genişləndirdi. Onun novatorluğunu bütün dünya
qəbul edirdi. Qara Qarayevin musiqisi bəşəri ideyalarla elə
zəngindir ki, tükənmək bilməyən bədii fantaziyası ecazkar bir aləm
yaradıb. Q.Qarayevin bədii təfəkküründən süzülən hər bir musiqi
əsəri təsirli, düşündürücü fikir və ideyalarla zəngindir. Onun
həyat və yaradıcılığının bəzi məqamlarına diqqət yetirək: 5 fevral
1918-ci ildə Bakıda məşhur həkim Əbülfəs Qarayevin ailəsində anadan
olmuş Qara ilk ali təhsilini Azərbaycan Dövlət Konservatoriyasında
alıb. Qara Qarayevə xoşbəxtlik hələ tələbəlik illərində nəsib olub.
O, xalq musiqisinin əsaslarını dahi Üzeyir Hacıbəyovdan,
kompozisiya qurmağın sirlərini isə professor L.M.Rudolfdan öyrənib.
Onun haqqında tədqiqat aparanlar yazırlar ki, Qara Qarayev hələ 5
yaşında ikən pianoda xoşuna gələn mahnıları ifa edə bilirmiş.
Qocaman aktyor Hacıməmməd Qafqazlı xatirələrində yazırdı: "Mən
tez-tez Əbülfəs Qarayevgilə qonaq gedərdim. Biz doktorla oturub
söhbət edərək çay içəndə balaca, qıvrımsaç oğlan olan Qara royal
arxasında oturub onun dillərini asta-asta dilləndirərdi".
Qara Qarayevin qeyri-adi istedada malik olduğunu ilk dəfə məhz
Üzeyir Hacıbəyli duymuşdur. Hətta onun haqqında ürəkdən gələn
fikirlər də söyləmişdir. Bir replikası isə uzun illər gənc
bəstəkarın yaradıcılıq yoluna işıq salmışdır: "Qara çox
istedadlıdır və filosofluq etməyi xoşlayır". Hələ tələbə ikən
həmkarlarından seçilən Qara Qarayevin bəstələri müəllifinə şöhrət
gətirirdi. Sonralar Moskva Dövlət Konservatoriyasında oxuyanda 20
yaşlı gəncin xeyli musiqi əsəri var idi. Onu bir bəstəkar kimi
tanıyırdılar. Moskvanın qaynar və cəlbedici həyatı, dünyanın
tanıdığı rus musiqiçiləri ilə ünsiyyət Qara Qarayevin peşəkar bir
bəstəkar kimi yetişməyində böyük rol oynadı.
Qara Qarayev Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olanda cəmi 19
yaşı vardı. Bu yaşda o, fortepiano və simfonik orkestr üçün
müxtəlif janrlı əsərlər yazmış, bir sıra sənədli filmlərə musiqi
bəstələmişdi. 1938-ci ildə Qara Qarayev musiqisinin sədaları
Moskvanın müxtəlif konsert salonlarından, incəsənət
ongünlüklərindən, Qızıl meydandakı bayram nümayişlərindən gəlirdi.
İkinci Dünya müharibəsi illərində Qara Qarayev məhrumiyyət və
çətinliklərə sinə gərərək vətənpərvərlik və ruhlandırıcı əsərlər
üzərində işləməyə başladı. Tələbə yoldaşı Cövdət Hacıyevlə birlikdə
yazdığı "Vətən" operası Azərbaycan musiqisinin inkişafında yeni bir
mərhələ açdı. Bu operadakı simfonik musiqinin əzəməti,
qəhrəmanların ariyalarındakı gözəllik, ifadəlik gənc bəstəkarın
gələcəkdə böyük uğurlar qazanacağından xəbər verirdi. O bu operaya
görə Dövlət mükafatına layiq görüldü.
Müharibə illərində Qara Qarayev Cövdət Hacıyevlə birlikdə "Ayna"
adlı opera üzərində işləyib, amma hansı səbəbdənsə tamamlanmamış
qalıb. Bir neçə simfonik və kamera əsərləri də o dövrdə
yazılmışdır.
Azərbaycanın ilk simfoniyalarından olan "Birinci simfoniya"nın da
müəllifi məhz Qara Qarayevdir. Azərbaycan bəstəkarının ilk böyük
müvəffəqiyyəti "Leyli və Məcnun" simfonik poeması oldu. Bu möhtəşəm
əsər bəstəkarın ünvanına ikinci Dövlət mükafatını gətirdi. 1947-ci
ildə bu simfonik poemanı ilk dəfə idarə edən maestro Niyazi
olmuşdur. O öz xatirələrində yazırdı: "Mən bir neçə dəfə xarici
ölkədə bu poemanı idarə etmişəm. Qara Qarayevin qüdrətli, müdrik
istedadı dünyanın müxtəlif ölkələrindən gəlmiş dinləyicilər
qarşısında insanlığın qeyri-adi dərinliyini açaraq bütün zalı bir
hiss ilə yaşamağa çağırırdı". Bu da təbii idi. Tədqiqatçıların
təbirincə desək, "Leyli və Məcnun" poeması yüksək bəşəri obrazlar
və duyğuların məbədidir.
Qara Qarayevin musiqisinə dünya maraq kəsilmişdi. 1949-cu ildə
yazdığı "Yeddi gözəl" simfonik orkestr üçün süita, "Gürcüstan
təranələri", "Mən sizi sevirdim", səs və fortepiano üçün musiqiləri
bəstəkarın yorulmaz yaradıcılıq fəaliyyətindən xəbər verirdi.
1951-ci ildə Çexoslovakiyada keçirilən "Praqa baharı" festivalında
"Yeddi gözəl" simfonik orkestr üçün süita, eləcə də "Leyli və
Məcnun" simfonik poeması Niyazinin dirijorluğu ilə ifa olundu. 34
yaşlı Azərbaycan bəstəkarının musiqisi Yer kürəsinin hər guşəsində
səsləndirilir və sevilirdi.
1952-ci ildə Qara Qarayev yaradıcılığının yeni zirvəsi yarandı.
Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının motivləri əsasında
yazdığı eyni adlı baletin ilk tamaşası Bakıda Opera və Balet
Teatrının səhnəsində oldu. Əsər cazibədar melodiyaları ilə diqqət
çəkirdi. Baletdəki Şərq musiqisinin koloriti, rəngarəngliyi
müəllifə parlaq nailiyyət və sürəkli alqışlar gətirdi. Balet o
dövrdə, demək olar ki, keçmiş SSRİ-nin və dünyanın bir çox teatr
səhnəsində tamaşaya qoyuldu. Qarşıdan isə "İldırımlı yollarla"
baletinin nəfəsi duyulurdu. Bu baletə qədər Qara Qarayevin
həyatında və yaradıcılığında zirvələrə qanadlanan müxtəlif
yeniliklər baş verirdi. Onun yorulmadan bəstələdiyi süitalar,
simfonik orkestr üçün xoreoqrafik lövhələr, kinofilmlər, eləcə də
tamaşalar üçün işlədiyi musiqilər və mahnılar ayrı-ayrılıqda bir
sənət zirvəsi idi.
1956-cı ildən 1973-cü ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının
birinci katibi vəzifəsində çalışan Qara Qarayev Azərbaycanın xalq
artisti adına layiq görülmüş, bir sıra kinofestivalların laureatı
olmuş, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında
tələbələrə bəstəkarlıq sənətinin sirlərini öyrətmişdir. Qara
Qarayev həm də fəal ictimai xadim idi. O, dəfələrlə qurultay
nümayəndəsi, deputat seçilmişdir. Zəngin biliyə və pedaqoji
fəaliyyətə malik bəstəkar Azərbaycan EA-nın həqiqi üzvü idi.
1960-cı ildə isə Qara Qarayev öz yaradıcılığının növbəti zirvəsinə
imza atdı. Bu, yeddi ildən sonra keçmiş SSRİ-nin ən yüksək
mükafatına layiq görülmüş "İldırımlı yollarla" baleti idi. Bununla
Azərbaycan mədəniyyət tarixinin yeni, parlaq bir səhifəsi yazıldı.
Bu əsərə görə Qara Qarayev Lenin mükafatı laureatı adına layiq
görüldü. Baletin taleyi çox uğurlu oldu. Demək olar ki, dünyanın
çox möhtəşəm və məşhur teatrları onu öz səhnələrində məmnuniyyətlə
tamaşaya qoyurdular. Bu, təkcə Qara Qarayev musiqisinin uğuru
deyildi. "İldırımlı yollarla" baleti dünya musiqisinin incilərindən
sayıldı.
Məşhur rus sənətkarı Aleksandra Paxmutova yazırdı: "Qara Qarayev
istedadlı və ustad bəstəkardır. Ancaq bir sənətkar kimi onun gücü,
hər şeydən əvvəl, çox nadir təsadüf olunan dərin fəlsəfi idrakla
qızğın, parlaq, həyatsevər temperamentin əlaqələndirilməsindədir.
Onun əsərləri ilə görüş mənə ona görə maraqlıdır ki, bu sənətkar
heç vaxt özü-özünü təkrar etmir, ona görə ki, bəstəkarın
yaradıcılığında həmişə yeni, parlaq və gözlənilməz hadisələrlə
rastlaşırsan".
Tamaşaçı və dinləyici marağının geniş dairəsində olan Qara Qarayev
musiqi sənətində şair, dramaturq, rəssam kimi çıxış edərək
gözəlliyi ilə seçilən qeyri-adi əsərlərə imza atırdı. Bunun da
nəticəsində onun musiqi sənəti yeni pillələrə ucalır, Qara Qarayev
yaradıcılığına dünya musiqisevərlərinin məhəbbət və marağını
gətirirdi. Bu səbəbdən də Azərbaycan bəstəkarının əsərləri milli
çərçivədən çıxaraq beynəlmiləl əhəmiyyət kəsb edirdi.
Moskvadakı Böyük Teatrın yaradıcı qrupu uzun illər xarici ölkələrə
qastrol səfərinə məhz Qara Qarayevin "İldırımlı yollarla" baleti
ilə gedirdi. 1964-cü ildə Polşada keçirilən "Varşava payızı" adlı
müasir musiqi festivalında məhz "İldırımlı yollarla" baleti nümayiş
etdirilmişdi. Zəmanəmizin böyük yazıçısı Çingiz Aytmatov yazırdı:
"Zaman keçir, ancaq "İldırımlı yollarla" baleti öz aktuallığını
itirmir. İndi də onda əzəmətli qara qitənin ürək döyüntüsü canlı
surətdə hiss olunur, Afrikanın bir çox dövlətlərindəki hadisələrin
əks-sədası eşidilir. Böyük sənətkar Qara Qarayevin ən qiymətli
cəhətlərindən biri də həyatı eşitmək bacarığı, bizi əhatə edən
varlığı həssaslıqla əks etdirməsi, insanları xeyirxah əməllərə
qoşmasıdır".
Unudulmaz bəstəkarın özünün də musiqi ilə bağlı maraqlı fikirləri
var: "İncəsənətin heç bir növü musiqi kimi əzəmətli, ilhamlı, fikir
və hissləri yüksəldən qüvvəyə malik deyil. O, bir tərəfdən
insanları birliyə, qəhrəmanlığa, mübarizəyə çağırır, digər tərəfdən
isə hər bir fərdin daxili aləmindən, ən incə hisslərindən xəbər
verir".
Həyatı boyu əsasən simfonik janrda yazan bəstəkarımız, eyni
zamanda, kamera musiqisini də unutmurdu. Yaradıcılığının bütün
dövrlərində o, bu janra müraciət etmişdir. Musiqi dəyərinə görə
mükəmməl və gözəl kamera əsərləri bu gün də musiqiçilər tərəfindən
həvəslə ifa edilməkdədir. 1970-ci illərdə Qara Qarayevin təşəbbüsü
ilə konservatoriyanın opera studiyasında tələbə və məzunlardan
ibarət kamera orkestri yaradılmışdı. Təəssüf ki, bu kollektivin
uğurlu fəaliyyətini görmək böyük bəstəkara qismət olmadı. Amma onun
arzuları cücərdi. Kamera orkestri həmişə Qara Qarayev ideyalarına
bağlılığını nümayiş etdirir və böyük bəstəkarın istədiyi kimi
fəaliyyət göstərir.
Dünya musiqiçilərinin tanıdığı, sevdiyi və ehtiram göstərdiyi Qara
Qarayev 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
Azərbaycanlı bəstəkarın belə bir möhtəşəm ad alması, təbii ki, o
dövrdə elə də asan deyildi. Bu məsələdə ümummilli lider Heydər
Əliyevin mühüm xidməti və cəsarətli təqdimatı olmuşdur. Məhz onun
fədakarlığı nəticəsində Azərbaycanın bir neçə görkəmli yazıçı,
şair, bəstəkar və müğənnisi hər cür qadağa səddini aşaraq Sosialist
Əməyi Qəhrəmanı kimi şərəfli ada layiq görülmüşdür.
Bir fərəh doğuran faktı da təkrar xatırlatmaq istəyirik ki, Qara
Qarayevə ilk xeyir-duanı Üzeyir Hacıbəyli vermişdi. 1937-ci ildə
repressiyaların tüğyan etdiyi bir vaxtda öz müəlliminin yolunu
ləyaqətlə davam etdirərək dünyanın tanıdığı nüfuzlu bəstəkara
çevrilmək, həqiqətən, qəhrəmanlıq idi.
"Böyük müəllimi Üzeyir Hacıbəyli kimi, Qara Qarayev də özündə
məşhur bəstəkar, görkəmli ictimai xadim, gözəl pedaqoq, publisist
və alim keyfiyyətlərini birləşdirirdi. Əsrarəngiz şedevrlərin
müəllifi olan Qara Qarayev ömrünün 45 ilini musiqi sənətinə xidmətə
həsr etmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin sürətli inkişafı
Qara Qarayevin adı ilə bağlıdır. Qara Qarayevin baletləri dünyanın
bir çox teatrının səhnəsini bəzəyir, simfonik əsərləri insanlara
mütərəqqi ideyalar və əsl estetik zövq verməklə meridianlarda
səslənir". Bu ürəkdən gələn sözlərin müəllifi Qara Qarayevin
sevimli və istedadlı tələbələrindən biri olmuş, hazırda Azərbaycan
bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri Firəngiz Əlizadədir. Öz
ustadının yolunu ləyaqətlə davam etdirən Firəngiz xanımı indi
Avropada çox yaxşı tanıyır və qiymətləndirirlər. Firəngiz
Əlizadənin iri musiqi əsərləri əksər ölkələrin teatrlarında
müəllifin öz iştirakı ilə ifa olunur. Ona müxtəlif mövzularda əsər
yazmaq da xahiş edilir. Qara Qarayev ömrü öz tələbələrinin
yaradıcılığında beləcə davamlıdır. Həqiqətən heç nə unudulmur, heç
kim yaddan çıxmır. Əsl sənətin, əsl sənətkarın ömrü əbədidir.
Ömrünün bir qərinədən çoxunu müəllimlik fəaliyyətinə bağlayan Qara
Qarayev Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinə
rəhbərlik edirdi. Onun əməyi nəticəsində bir neçə bəstəkar nəsli
yetişmişdir. Tədqiqatlar göstərir ki, cəmi 64 il yaşamış Qara
Qarayev 48 bəstəkarın yetişməsində gərgin əmək sərf etmişdir. Bu
gün dünyanın çox yerində Qara Qarayevin məzunlarına rast gəlmək
olur. Bu bəstəkarlar arasında həm Azərbaycanın, həm də dünyanın
fəxr etdiyi insanlar var. Xalq artistləri Rauf Hacıyev, Vasif
Adıgözəlov, Arif Məlikov, Hacı Xanməmmədov, Xəyyam Mirzəzadə, Polad
Bülbüloğlu, Firəngiz Əlizadə, əməkdar incəsənət xadimi Elza
İbrahimova, o cümlədən başqa ölkələrdən olan V.Şakinski (Rusiya),
Allahyarov (Türkmənistan) və onlarca başqaları Qara Qarayevdən dərs
almışlar. 1974-cü ildə Qara Qarayev mətbuata verdiyi
müsahibələrinin birində deyirdi: "25 ildir ki, pedaqoji fəaliyyətlə
məşğulam və bu işi çox sevirəm. Bu, çox çətin, böyük fədakarlıq və
müəyyən mənada özünü qurban verməyi tələb edən sahədir. Çünki
hərdən bir layiqli tələbəyə özün üçün qoruyub saxladığından da
verməli olursan. Sinifdə xəsis olmaq olmaz. Əliaçıqlıq sonradan
tələbənin uğurundan aldığı zövqlə mütləq özünə qayıdacaq. Gənclərlə
işləmək mürəkkəb, məsuliyyətli və hətta, mən deyərdim, risk tələb
edən işdir. O, müəyyən dərəcədə həkimlik sənəti ilə eyniyyət təşkil
edir. Əgər onlar insanların fiziki sağlamlığına cavabdehdirlərsə,
biz gələcək sənətkarın mənəvi sağlamlığına cavabdehik".
Qara Qarayev böyük həvəslə həm Azərbaycan, həm də Moskvada istehsal
olunan kinofilmlər və teatrlarda hazırlanan tamaşalar üçün
musiqilər yazırdı. Əgər onların adlarını çəkməli olsaq, uzun br
siyahı əmələ gələr. Bir fərəhli fakt var ki, o musiqilərdəki Qara
Qarayev üslubu aydın duyulur. Eşidən kimi müəlifin kim olduğunu
bilirsən.
Qara Qarayev təkcə musiqi əsərləri yazmırdı. Həm də musiqi ilə
bağlı nəzəriyyələrin də müəllifi idi. Onun fikirləri bu gün də
mədəniyyət işçiləri üçün son dərəcə əhəmiyyətli və qiymətlidir. O,
hər bir gənci, xüsusilə də yaradıcılıqla məşğul olan insanı
tarixini müəkəmməl bilməyə çağırırdı. Qara Qarayev yazırdı:
"Sənətkarları gəmilərə bənzətmək olar: bəziləri geniş, sahilsiz,
fırtınalı və həmişə yeniliklərlə dolu olan dənizə çıxır. Başqaları
isə qasırğa və təhlükədən uzaq, sakit limanda lövbər salıb
dayanır".
Bu gün özü aramızda olmasa da, musiqilərini müntəzəm dinlədiyimiz,
əsərlərindəki möhtəşəmliyə dönə-dönə heyrət etdiyimiz dahi bəstəkar
Qara Qarayev həqiqətən fırtınalı və yeniliklərlə dolu olan dənizə
çıxdı. "Azərbaycan təranələri"ni Avropa musiqisinin qanadlarında
dünyaya yaydı. Milli musiqimizə beynəlmiləl məzmun gətirdi. Qəlbi
ana torpağına bağlandı, arzuları isə asimana açıldı. Bakıda göz
açmış Qara Qarayev indi bəşər mədəniyyətinin 95 yaşlı
nümayəndələrindən biridir. Bir tarixə sığmayan zirvələri 64 illik
ömründə əbədiləşdirən Qara Qarayev sahilsiz ümmanlarda üzən musiqi
adlı gəminin əbədi kapitanına çevrildi. Sənət zirvələri isə silsilə
dağlar kimi bir-birinə söykənərək əzəmətlə gələcəyə boylanır.
Flora XƏLİLZADƏ
"Azərbaycan"
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO