Hindistanda müxtəlif vəzifələrdə çalışan naxçıvanlı şair kimdir?
Bizi izləyin

Art

Hindistanda müxtəlif vəzifələrdə çalışan naxçıvanlı şair kimdir?

Bir çox mənbədə onun Mirzə Kafinin qardaşı olmasıyla bağlı məlumatlar yer alıb.

Müxtəlif vaxtlarda Orbad, Urdubad, Orduvad və sair adlandırılan Ordubad Naxçıvan torpağının ən gözəl məkanlarındandır. Tədqiqatçı Ə.Hüseyni isə bu toponimin əvvəl “Ordubad” adlanıb “Bəyin qalası” mənasını verdiyini bildirir. Ancaq bu toponimlə bağlı əslən ordubadlı olaraq bir çox fərqli fikirlər eşidə-eşidə böyümüşəm. Ordubadın möcüzəli təbiəti, sirli aləmi və təbii gözəlliyi XIX-XX əsrlərdə buraya səyahət etmiş bir sıra səyyahları da təəccübləndirmişdir.

Rus alimi İ.Şopen, polyak tədqiqatçısı A.Petzold, fransız yazıçısı A.Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf etmiş, Ordubada heyran qaldıqlarını bildirmişlər. Mühüm ticarət yolu ayrıcında yerləşən Ordubad Yaxın və Orta Şərq ölkələri ilə ticarət əlaqələri saxlamışdır. Mənbələrin məlumatına görə, hələ XVI əsrin ikinci yarısından başlayaraq Ordubaddan Venesiyaya, Marsel, Amsterdam və başqa Avropa şəhərlərinə ipək ixrac olunurdu. Görkəmli ordubadlılar bir çox hökmdarların yanında xüsusi vəzifə tutan şəxslərə çevrilirdilər. Bu əlaqələr həm də Ordubadda elmin, biliyin inkişafına stimul vermişdir. Bu gün Naxçıvanın adını tarixə həkk etdirən naxçıvanlılar haqqında öyrənmək, onların geniş səpkili irsini tədqiq etmək qarşımızda duran əsas vəzifələrdəndir.

Bu yazımızda elmi, biliyi ilə Naxçıvan torpağına şöhrət gətirən Sadıq Ordubadi haqqında danışacağıq. Mirzə Sadıq Ordubadinin həyatı haqqında məlumat çox azdır. Bir çox mənbədə onun Mirzə Kafinin qardaşı olmasıyla bağlı məlumatlar yer alıb.

Görkəmli maarifçi Məhəmmədəli Tərbiyət onun haqqında yazır: “O, öz şirin söhbəti, gözəl rəftarı, təmiz əxlaqı, xoş xisləti ilə məşhur olaraq, Xaqani-cənnətməkanın (behişdə yeri olan xaqanın) məclisində şairlik edərdi. Mirzə Sadıq Ordubadi hicri-qəməri 970-də (1562-ci il) Hindistana getmiş və hal-hazırda (988/1580) Dəkəndə yaşayır”.

Məhəmmədəli Tərbiyətin Mirzə Sadıq Ordubadi ilə bağlı verdiyi məlumatlar arasında onun mənəvi keyfiyyətlərinə xüsusi diqqət çəkməsi heç də adi hal deyil. Bu, Naxçıvan torpağının yetişdirdiyi simalara bu torpağın verdiyi yüksək əxlaqi dəyər və tərbiyənin tarixə nümayişi kimi son dərəcə qiymətlidir.
Hindistan camaatını öz biliyi ilə heyran edən Mirzə Sadıq Ordubadi orada görkəmli şəxs kimi hörmət görüb.
O, Cəlaləddin Dəvvaninin və Əbdürrəhman Caminin “Tövhid” haqqında dedikləri rübailərə cavab olaraq bir neçə rübai demiş və bu iki şairin şeirlərini izah etmişdir.

Mirzə Sadıq Ordubadi yaradıcılığında rübai janrına xüsusi diqqət göstərmişdir. Sadiqinin “Məcməül-Xəvas” əsərində bu haqda yazılıb: “Mövlana Mirzə Sadıq təkcə rübai deyil, həcv deməkdə məharətli idi”. Qeyd edək ki, onun başına bu həcvlər səbəbindən bir çox hadisələr gəlmişdir.

Mirzə Sadıq Ordubadi barəsində “Həft iqlim”, “Sübhi-gülşən” kimi əsərlərdə də bəhs olunub.
Dəkəndə Murtuza Nizamşah tərəfindən Mirzə Sadıq Ordubadiyə bir çox vəzifə tapşırılır. Əkbərşah Dəkəni aldıqdan sonra isə təəssüf ki, Qəribkuş qəsəbəsində Mirzə Sadıq Ordubadini öldürmüşlər”.
Zuhuri Mirzə Sadıq Ordubadi haqqındakı şeirində yazır:

Gözlərim buluddan çox axıdır qəm yağışı,
Gözünü aç bir bax, gözüm nə axıdır yaşı.
Qürbət torpağında sən nə zillətlər çəkdin,
Qəribliyin ağlattı bütün dağları-daşı.

Mirzə Sadıq Ordubadi yuxarıda vurğulandığı kimi gözəl rübailər yazmışdır. Onun əldə etdiyimiz rübaisi çox maraqlıdır.

Ağıl, get dağlarda, düzənliklərdə məskən sal,
Ey eşq, sən gəl qanlı bu ürəklərdə məskən sal!
Leyli didarını sən arzulayırsan əgər,
Məcnun gözlərinin pərdələrində məskən sal!

Göründüyü kimi, Naxçıvan torpağının yetişdirdiyi görkəmli simalar bütün dünyada yurdumuzu, dəyərlərimizi tanıdıblar. Apardığımız tədqiqatlardan aydın olub ki, həmin dövrlərdə də Naxçıvan Nəqşi-cahanlığını bütün dünyaya sübut edib. Ümid edirik ki, gələcəkdə həmvətənlərimiz haqda daha geniş tədqiqatlar aparılacaq. Biz də onların yaradıcılıqlarını və keşməkeşli həyatlarını oxuyub bir daha bu torpağın nümayəndəsi olmağımızla fəxr edəcəyik. ("Şərq qapısı")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm