Pasternak və ya fevral
Bizi izləyin

Art

Pasternak və ya fevral

Jıvaqo doktor ola bilərdi, Pasternak da adi nobelçi ola bilərdi, fevral olmasaydı.

Jıvaqo doktor ola bilərdi, Pasternak da adi nobelçi ola bilərdi, fevral olmasaydı.

Pasternakın Nobel mükafatından imtina səbəbini biləndən sonra, amma əsl səbəbindən sonra fevral mənə daha soyuq gəlməyə başladı. Mən bilmirdim, kiçik çilə nədir. Amma deyirdilər, canavarlar həmin vaxt yaman acırlar və çox ulayırlar. Canavarlar ulayanda, soyuq qapımızı döyəndə birinci çərşənbəmiz gəlir, o da su çərşənbəsidir. Bəlkə də, su hamımız üçün oddan da, torpaqdan da, havadan da əzizdir. Su bizi gözəlləşdirir, təmizləyir hətta, qəlbimizin dərinliyində inanırıq ki, günahlarımızı da yuyur. Suyu ona görə sevirik. Amma fərqli odur ki, su çərşənbəsində göydən yağan qarın əriyən suyuna yox, krantdan gələn suyumuzun sabit olmağına sevinirik. Səmimi qəlbdən saflaşmaq istəsəydik, yüz faiz qarın suyunda yuyunardıq. Amma fevraldı, soyuqdur axı.

Fevral mənim yaddaşımda necə qalır. Pasternakın ümidsiz şeiri, yetmiş il inandığımız kişilər günü və bir də dünyanın 25 ildir tanımaq istəmədiyi Xocalı Soyqrımı. Mən Xocalıda baş verənlərdən 10 ay sonra doğuldum. Bəlkə də, mənlə yaşıd ancaq ana bətnində olan neçə körpə öldü orda. Bəlkə, ölənlərin içində kimlər üzə çıxacaqdılar. Amma bir fevral günü o insanların həyatına son qoyuldu. Bir gecənin içində o boyda soyqrımı oldu. Mən onda yox idim. 10 ay sonra doğuldum. Amma 25 ildir anlaya bilmirəm. Dünyanın ağırtaxtalı dövlətlərinin parlament və insitutlarının bu məsələdə susmasına, ancaq 3-4 nəfərin göz yaşına, şivən qoparmasına izah verə bilmirəm. Doğurdanmı, o körpələrin cəsədlərini görə bilmirlər? Doğurdanmı, bizə bu qədər nifrət edirlər? Bəlkə, bayrağımızdakı ay-ulduz onları qıcıqlandırır? Günahımız budur ki, biz burda doğulduq. Babalarımızın yurdunda bir uydurma xaçpərəst dövləti qurub haqqımızı yedilər. Ola bilər. Mən dindar deyiləm, fanatik də deyiləm, amma həqiqətən dünyada olan beynəlxalq qurumların Xocalıda olanlara susmağına ad qoya bilmirəm. Xolokost gerçəkliyinə qiymət verən adamlar gözünü nə ilə bağlayıblar? Pasternak Pasternak olmasaydı və ya yəhudi olmasaydı yəqin,nə Nobeli bağışlayardılar ona, nə də imtinasını. Pasternakın fevralı belə olur, amma bizim fevralımız...

Onda, fevralı özümüz anaq. Çərşənbəsiz, Pasternaksız və Xocalı hadisəsinin yaşıdı kimi mənim göz yaşımla. Soydaşlarım, unutmayın ki, təkik. Fevralda ümidi hər şeydən üzülmüş bir aya baxıb ulayan qurd kimi. Bu dünyaya meydan oxuyub tək qalan türk kimi. Tanrı sizi qorusun.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm