Art
Aqşin Yenisey: “Türkiyədə aydınlar gizli şəkildə yır-yığışa başlayıblar”
Ötən həftə Ankarada şair Aqşin Yeniseyin müsafiri olduq.
Bir müddətdir, ailəsi ilə birlikdə Türkiyənin paytaxt şəhərində
yaşayan şairlə qardaş ölkənin ədəbiyyatı, siyasəti, mədəniyyəti və
məişəti ətrafında söhbət etdik.
Publika.az şair Aqşin Yeniseyin Teleqraf.com-a
müsahibəsini təqdim edir:
- Aqşin bəy, Türkiyədə gərgin hadisələrin yaşandığı bir
vaxtda Ankarada Sizinlə görüşürük. Həm Sizin, həm də Türkiyənin
vəziyyəti hazırda necədir?
- Heç birimizin vəziyyəti yaxşı deyil, mən gözümü gələcəyə
dikmişəm, Türkiyə keçmişə. Cəhalət qara tornado buludu kimi gəlir
Türkiyənin üstünə. Allah yenidən məscidlərdən küçələrə çıxır,
evlərə, məktəblərə, fərdlərə hücum edir. Fanatizm cəmiyyətin ortaq
dəyərinə çevirilir. Türkiyə öz gücünün yerini Orta əsrlərdə, nəinki
İstanbulun, bəlkə də, Məkkənin fəthində axtarır. Cümhuriyyətin
qurulduğu 1923-cü ilin statistikalarına baxıram, yazılıb ki, ölkədə
diş həkimi yoxdur. Amma bu gün türk həkimi Aziz Sancar Nobel
mükafatı alır və buna görə Atatürkün qurduğu Demokratik
Cümhuriyyətə borclu olduğunu söyləyir. Əbdülhəmid İstanbulda
sultanlıq etdiyi dövrlərdə türk dövlətinə canı, qanı ilə xidmət
etmiş Mithat Paşanı nüfuzundan qorxduğu üçün çevrilişdə ittiham
edib sürgünə göndərir. Ancaq əmr edir ki, paşanı sürgünə aparan
gəmi 48 saat dənizdə İstanbulla üz-üzə dayanıb gözləsin. Səbəbini
soruşduqda deyir ki, xalqın öz qəhrəmanının taleyinə münasibətini
bilmək istəyirəm. Əgər xalq Mithat Paşanın sürgün olunmasına etiraz
etsə, qərarımı dəyişməyə məcburam. 48 saat xalqdan səs-səmir
çıxmır, hərə öz çak-çukunu edir və gəmi bu vətənpərvər dövlət
xadimini sonu qətllə bitən sürgünə götürür. Türkiyənin gələcəyini
mən o gəmidəki Mithat Paşaya bənzədirəm, xalqın böyük hissəsi yenə
də öz gələcəyinə biganədir.
- Bir aya yaxındır ki, küçələrdə seçim kampaniyası ilə
bağlı təbliğat gedir. Hər gün televiziyada siyasilər xalqı “Evet”
və “Hayır”a səsləyir. Səs vermək hüququnuz olsaydı, hansı tərəfdə
olardınız və niyə?
- İki seçim var; ya demokratik, dünyəvi dövlət, ya da avtoritar
təbiətli ənənəvi türk dövləti. Türkiyə kimi, Azərbaycan kimi
ölkələrdə demokratiyanın qüsuru ondadır ki, xalqın milli şüüru
zədəlidir. Bəzən elə bu zədədən istifadə edənlər demokratik
dəyərlərdən yararlanıb xalqı bir anın içində fanatizmin, fatalizmin
ətrafına yığa bilirlər. Demokratiya o ölkələrdə uğur qazanır ki,
orada hər min nəfərə düşən elm adamlarının, doktorların,
mühəndislərin sayı, heç olmasa, üçdəbir nisbətində olsun. Biz
demokratiyadan imtina etməklə, əslində, hər min nəfərə düşən
doktorların, mühəndislərin, elm adamlarının say çoxluğundan imtina
edirik. Avtoritarizm rus və türk xalqlarının ruhuna daha yaxındır.
Çünki hər iki xalq sənayeləşmədə iştirak etməyib, modernizmi şüur
hadisəsi yox, texniki hadisə kimi və avtoritarizmi möhkəmləndirmək
üçün sifarişlə gətirmək istəyiblər. Modernizm şüuru bu gün də
təhlükə kimi qəbul olunur. Cəmiyyət yox, icma şüuruna sahibdirlər,
qanuna yox, ənənəyə sadiqdirlər. Şəxsi qisası ictimai mühakimədən
üstün tuturlar. Ağılı inancın nökəri kimi görürlər. Bireylərə,
fərdlərə xalqın içində gizlədilmiş ənənəvilik, kütləvilik əleyhinə
minalar kimi baxırlar. Ona görə də mənə elə gəlir ki, “əvət”
Türkiyəni yüz il geri, “hayır” yüz il irəli götürəcək.
- Müsahibədən öncə keçmiş CHP sədri Dəniz Baykalın
“Halk” TV-dəki çıxışına qulaq asdıq. Bizim siyasilərlə, türk
siyasilər arasındakı mühüm fərqlər nələrdir?
- Fərqi türk və Azərbaycan siyasətçilərinin şəxsində yox, onların
yetişdiyi dövlətçilik ənənələrinin fərqində axtarmaq lazımdır. Bu
gün Türkiyədə siyasətlə məşğul olan şəxslər Atatürkün qurduğu
demokratik cümhuriyyətin yetirmələridir, yəni demokratik
prinsiplərin belindən gəliblər. Demokratik aristokratiyanın
keyfiyyətlərinə yiyələniblər. Bizdə bu aristokratiya heç vaxt
olmayıb. Ona görə də həm 1918-də, həm də 1992-də demokratik
hakimiyyətlər tez yıxıldı. Çünki demokratik düşüncənin arxasında
üç-beş adamdan başqa heç kim yox idi. Azərbaycan xalqı isə bu gün
də demokratik şüura sahib deyil. Evində olmayan demokratiyanı
başqasından tələb etməyə heç kəsin mənəvi haqqı yoxdur. Ölkədə
demokratiya olsa, xalq özünə İmam Mehdi deyən başdanxarabın birini
gətirib keçirəcək yuxarı başa. Çünki bizim siyasətçinin və onun
xitab etdiyi kütlənin demokratik düşüncə bazası, potensialı yoxdur
və heç bir siyasətçi də vaxtını onu yaratmağa həsr etmək istəmir.
Demokratiya təkcə idarəetmə forması deyil, bir düşüncə sistemidir.
Bir dəfə Avropadan qrant alıb siqaretə, pivəyə xərcləyən gənclər
təşkilatlarından biri özünə iki illik təmtəraqlı yubiley keçirirdi.
Durdum dedim ki, sizin hələ nə yaşınızıdır ki, indidən yubileyə,
təmtərağa girişmisiniz? Azərbaycanın ən demokrat adamı, demokratiya
haqqında iki cild kitab yazmış Hikmət Hacızadə üstümə bozardı ki,
xoşun gəlmirsə, bura niyə gəlibsən? Halbuki, özləri dəvət
etmişdilər. Xırda tənqidə bu qədər aqressiv olan diktator
təfəkkürlü demokratlarımız var. Hər kəs Feysbukda əksfikirli
dostlarını repressiyaya məruz qoyub dostluqdan çıxarır. Ən kütbeyin
azərbaycanlı da istəyir ki, ətrafında özü kimi düşünən, özü kimi
geyinən, özü kimi yumor hissi olmayan adamlar olsun. Bu düşüncəni
dəyişməyə cəhd göstərməyən istənilən siyasətçi potensial
diktatordur. Çıxışına bir yerdə baxdığımız Dəniz Baykalın bir kaset
olayı oldu, həmən partiya sədrliyindən istefa verdi. Bizimkinin
pornofilmini də çəksən, belə addım atmaz. Çünki o, Baykalı böyüdən
demokratik ənənələrdən on çəpər uzaqda oynayıb həmişə. Yalnız
vid-fasonu demokratdır.
- Bakıda hazırda tarixçilər, siyasilər arasında polemika
gedir. Arif Rəhimzadə, Çingiz Qacar deyir ki, biz türk deyilik,
Sabir Rüstəmxanlı da deyir ki, türkük. Artıq neçə aylardır ki,
Türkiyədəsəniz. Burdakı əhalini az-çox tanıyırsınız. Biz türkük
mü?
- Biz qorxumuzdan deyirik ki, türk deyilik. Özümüzə türk dedik,
görün nələr oldu; 20 yanvar hadisələri, Qarabağın işğalı, talış
separatizmi, Xocalı qətliamı, metro terrorları. Bunlar hamısı 10 il
ərzində olub. 1990-cı ildən 2000-ci illərə qədər. Holokostu çıxmaq
şərtilə dünyada mənə bircə dənə nümunə göstərin ki, 10 il ərzində
başına bu həcmdə qırğınlar gəlib? O gün bir dostumuz yazır ki,
indiki azərbaycanlılar ağıllıdır, Elçibəy indi olsaydı, onun
arxasınca getməzdilər. Düz deyir, başına 10 il ərzində bu qədər
müsibət gələn indiki azərbaycanlı heç Rəsulzadənin də arxasınca
getməzdi və bunun səbəbi ağıl deyil, burda yanılır. Əsas səbəb
cəmiyyətdə siyasi romantizmin, idealizmin aşağılanması, onun yerini
məişət praqmatizminin, mənafe düşkünlüyünün tutmasıdır.
Müstəqilliyin ilk illərində Elçibəyin türkçülüyü hücumçu mövqeyinə
çıxarması yanlış ola bilər, böyüklərin səhvi də böyük olur, amma
hər bir xalq öz azadlığına görə öz siyasi romantikasına borcludur.
Bu günki azərbaycanlının həyatının heç bir anında romantika yoxdur,
(dini romantikanı çıxmaq şərtilə) ona görə cəmiyyət yerində sayır,
Maleviçin “Qara kvadrat”ına oxşayır, kommunizmin romantikasından
qalan elmi ehkamlarla, əxlaqi və siyasi qorxu içində yaradılmış
sənətlə, musiqi ilə qidalanır, "nisbi sakitlik" adlı boz bir
səssizliyin içində qurdalanır və bunun adına həyat deyir. Əlbəttə,
bu adam Elçibəyin dövründə yaşasaydı, Azərbaycanın azadlığına yox,
SSRİ-nin əbədiliyinə səs verəcəkdi. Yadıma bir lətifə düşdü. Bir
əjdaha sevgili olan qızla oğlanın qabağını kəsir. Əvvəlcə qızdan
soruşur ki, adın nədir? Qız deyir ki, Fatma. Əjdaha deyir mənim
sevgilimin də adı Fatmadır, səni yeməyəcəyəm, keç bu tərəfə görək,
bu qardaşın adı nədir? Oğlan da əsə-əsə deyir ki, vallah, mənim
adım Məmməddir, ancaq kənddə elə hamı məni Fatma-Fatma çağırır.
Məsəli Arif Rəhimzadədən, Çingiz Qacardan uzaq. Demək istəyirəm ki,
türk olduğumuzu boynumuza almamağımız özünüqoruma instinktinin
eyforiyası kimi də izah edilə bilər. Biz cənublu-şimallı
azərbaycanlılar, Anadolu türkləri, Orta Asiyalılar, Sibir türkləri,
əlbəttə, türk etnosunun üzvləriyik, bunu ört-basdır etməyə çalışan
adama şərait yaratmaq lazımdır ki, öz etnik kimliyini gizlətməkdən
qorxmasın. Talışdırsa, “biz türk deyilik” deməsin, rahat desin ki,
mən talışam, ləzgidirsə, avardırsa, həmçinin. “Biz türk deyilik”
kəlməsi “mən kürdəm, mən talışam, mən ləzgiyəm” kəlməsini deməyin
quşqusu olmamalıdır. Əgər siz bu gün ayrı-ayrı coğrafiyada yaşayan
türk xalqlarının folkloruna baxsanız, ortaq dil və ortaq mövzuları
görəcəksiniz. Bundan ötrü dağa-dərəyə düşmək lazım deyil.
- Belə fikir var ki, eyni şəhərdə qalmaq yaradıcı adamı
tükədir, onun yeni əsərlər yazmasına imkan vermir. Bu, doğrudurmu?
Doğrudursa, Ankara mühiti Sizə yaradıcılığınızda nə qazandırır?
Türk oxucusunun Aqşin Yeniseyi tanıması və oxuması kimi bir
hədəfiniz varmı?
- Türkiyədə konstitusiya dəyişikliyi gündəmə gələndən sonra ölkədə
gizli bir yır-yığış başlayıb. Elm adamları, doktorlar, aydınlar
gedəcəkləri ölkələri nəzərdən keçirirlər. Ümumiyyətlə, bizdə olduğu
kimi, burada da ağıllı adamlar övladlarına xarici dillərdə təhsil
verməyə çalışırlar. Bu, acı da olsa net bir gerçəkliyə işarədir; bu
adamlar öz övladlarının gələcəyini öz vətənlərində görmürlər.
Məncə, biz türk olub-olmadığımızı yox, bu cür ciddi mövzuları
dartışmalıyıq. Bu intellektual axının qarşısını almasaq, vaxt
gələcək, biz özümüz də türk olduğumuzu deməyə xəcalət çəkəcəyik.
Türk dili intellektual, fəlsəfi çəki qazanmaq əvəzinə,
olan-qalanını da itirir. Təhsil dili kimi sıradan çıxır. Küçə,
bazar dilinə çevirilir. Türk aydınının, Azərbaycan ziyalısının
tükənməsinin səbəbi də budur, dil tükənir. Dünyada baş verən
mədəni, elmi proseslər Azərbaycana şəxsi təşəbbüslər nəticəsində
20-30 ildən sonra gəlib çatır. Çar Rusiyası dövründə ruslar
özlərinə lazım olduğu üçün mədəniyyət idxal edirdilər və
süfrələrinin qırağından bizə də çatırdı. Türklərin özləri də
Tanzimat dövründən sonra dünya modernizmi ilə tanış olublar.
Tükənmək dünyadan təcrid olunmanın nəticəsidir. Dünya mədəniyyəti
Azərbaycana gəlmədiyi, gətirilmədiyi üçün bizim aydının dünyaya
qaçması təbiidir. Bioloji ana tez tükənir, istər vətən olsun, istər
qadın. Türkiyədə oxunub-oxunmamaq isə gələcəyin işidir.
- Türkiyənin ədəbi mühitini necə görürsünüz? Buradakı
ədəbi birliklər, dərgilərlə tanış olmusunuzmu? Yeni nəsil türk
şairlərindən kimlər marağınıza səbəb olub?
- Birliklərdən çox, müəlliflər haqqında danışmaq istərdim. Çağdaş
türk ədəbiyyatında bizdə hər misrasından əxlaqi, ictimai qorxaqlıq
yağan ədəbi dildən fərqli olaraq, müəllif dili anlayışı çox
gəlişib. Yazılı dil ilə şifahi dil arasında yerlə-göy qədər fərq
var. Xüsusilə şairlər söz yaratmaqda azaddırlar. Misraya lazım olan
sözü yerinə qoymaq üçün dilə yox, öz təxəyyüllərinə əl açırlar.
Bizim yazar isə özünü medianın nökəri kimi aparır, söz üçün media
dilinin üstünə qaçır, sözü ikinci, üçüncü əldən alır. Ona görə də
bugünki türk şerinin dili türk dilinin ümumi halına görə hətta bir
az anlaşılmazdır. Söz yaradıcılığına alüdəçilik bəzən o həddə
qabarıq olur ki, şair mətndə mənanı, təəssüratı unudur. Bu mənada
türk şeiri mənə hərdən bir az “mənasız” da görünür. Düzdür, müasir
poeziyada şair sözü hissə və düşüncəyə çevirə bilən şəxsdir, hissi
və düşüncəni sözə çevirən şəxs deyil. Yəni müasir şair yazdıqları
ilə ilk dəfə yazdığı anda tanış olmalıdır, tanıdıqlarını yazan
şəxsi artıq günümüzün ədəbiyyatında şair hesab etmirlər. Ancaq əsər
öz oxucusunda, dinləyicisində yaratdığı təssüratla dəyər qazanır.
Məsələn, bu təəssürat rus ədəbiyyatına dünyaya meydan oxuyacaq bir
güc verir. Mənə elə gəlir ki, müasir türk yazarlarının əsərlərində
məhz rus ədəbiyyatından gələn həyatilik qatı yoxdur, təəssürat və
təsəvvür yaratmır. Bizim ədəbiyyatı xilas edən illərlə içində
əritdiyi məhz bu rus ruhudur. Oxuduğum türk şairləri arasında hələ
ki, diqqətimi çəkən Ənvər Topaloğludur. Onun bir neçə şerini
dilimizə uyğunlaşdırmışam, yadımda qalan bir bəndini oxuyum
sizə:
Türkiyə məst olduğum bağça deyil,
Ağ dənizə bir madyan başı kimi uzanan
Ölülər evi.
- Ankaradan baxanda Bakıdakı yazıçılar, şairlər necə
görünür? Ümumiyyətlə, görünürlərmi?
- Türkiyədə Azərbaycan ədəbiyyatına marağın olmamasının səbəbi
kabinetlərdə, sanatoriyalarda yaradılan və məhz sosial qatı olmayan
sovet ədəiyyatıdır. Maarifçilərimizə bir başqa diqqət var. Ankarada
heç bir kitab dükanında bizim yazarların kitabına rast gəlməmişəm,
yalnız bir dəfə yazdıqlarına Anar müəllimin qəlyanının qoxusu
hopmuş bir müəllifin kitabına rast gəldim, onda da özümü
banqladeşli kimi apardım. Amma deyim ki, burdan görünməsələr də,
son nəsildən Həmid Herisçi, Murad Köhnəqala, Salam Sarvan, Rasim
Qaraca türk nəsildaşlarından daha ağır ədəbi çəkidədirlər. Sadəcə,
yiyələri yoxdur.
- Ankara ilə Bakının kültür və məişət həyatını necə
müqayisə edərdiniz?
- Türkiyədə elm və sənət o qədər dar bir çevrənin yemi ki, bir
təriqət və ya bir mafiya kimidir, əslində. Əlinə kitab alan, bir
növ,"intellektual diktatora" çevrilir, və başlayır ətrafındakılara
öz təbəələri kimi baxmağa. Bunun xeyirli tərəfi odur ki, çevrə dar
olduğu üçün elm də, sənət də getdikcə öz hədəflərinə daha da
sərrastlaşır, kütlə şüurundan uzaqlaşır, fərdlərin, bireylərin
elminə, sənətinə çevirilir, ziyanlı tərəfi odur ki, elm özünə
daraldıqca ictimai şüura təsir imkanlarından məhrum olur və bugünki
siyasi mənzərə ortaya çıxır. Kültürümüzün acınacaqlı müqayisəsi
üçün deyim ki, bu gün Türkiyədə yüzlərlə elmi, ədəbi jurnallar
çıxır. Hətta elə jurnal var ki, hər nömrəsi bir elmi, fəlsəfi suala
cavab axtaran yazılara aid edilir. Türkiyə ilə Azərbaycan
arasındakı kültür, məişət fərqində diqqətini hər iki ölkədəki
rəqabət mühitdir. Azərbaycanda rəqabət mühitini ortabablar
formalaşdırır, Türkiyədə peşəkarlar! Bu birmənalı olaraq belədir.
Məsələn, Azərbaycanda şair (yaxud istənilən sənətin sahibi) bir az
avanqard şair kimi uğurlu olmalıdır, bir az astagəl deputat, bir az
diribaş valideyn, bir az "delavoy" dost, bir az imkanlı
iqtidaryönlü, bir az lüt müxalifətyönlü, bir az ənənələrə sadiq
tamada, bir az qalstuklu elmlər namizədi və s. kimi uğur
qazanmalıdır. Bu, az-az, "əlli-əlli" uğurların cəmi onun rəqabətə
davamlılığını şərtləndirir. O ancaq şair kimi uğurlu olsa,
ortabablar onu deputat, valideyn, dost, tamada kimi yararsız elan
edib sıradan çıxaracaqlar. "Əşi, dili də ağırdı" - onun şair
uğuruna ortababların qoyduğu tas da bu olacaq. Türkiyə də isə şair
elə şair kimi uğurludur, həkim elə həkim, professor elə professor
kimi uğurludur. Onun rəqabətə davamlılığını öz işinə necə
peşəkarcasına yanaşması şərtləndirir. Türkiyədə şair həm də
"delavoy" deputatdırsa, bu, o deməkdir ki, o, burada heç kimdir!
Əgər tanrılara qurban lazım olsa, birinci onu, həmin şair-deputatı
qabağa itələyəcəklər. Bizdə isə əksinə, deputat olmayan şairə xalq
bitəhər baxır.
- Buraya gəldiyinizdən bəri altında məkan olaraq Ankara
yazılan şeirlər, hekayələriniz varmı? Varsa, burada yazdığınız
şeirlərdən birini bölüşmənizi istəyərdik.
- Burada daha çox Azərbaycanda yazmağa başladığım, amma məişət
əndişəsi üzündən yarımçıq qalan nəsr yazılarını tamamlamaqla
məşğulam. Şeirlər azdır, amma uzun şeirlərdir, burda poeziya axşamı
açmaq istəmirəm. Başqa vaxt göndərərəm.
- Azərbaycandan uzun müddətdir ayrısınız. Bakıdakı
həmkarlarınızdan bu an kiminlə Ankaranın türkü barında oturub
əfkarlanmaq istəyərsəniz?
- Dostlardan ötrü darıxıram, amma fərqindəyəm ki, yazmaq üçün
ömrümün mənə bağışlanan hissəsini bundan sonra təkbaşına yaşamağa
məhkumam.
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı