Aktyor məktəbinin “Böyük dayağ”ı
Bizi izləyin

Art

Aktyor məktəbinin “Böyük dayağ”ı

Azərbaycan teatrının səhnəsində nəhəng sənətkarlar çox olub. Hərəsinin də öz dəst-xətti, öz üslubu, öz sözü. Onlar hətta eyni rolda çıxış etsələr də, bir-birindən seçiliblər, yəni yaratdıqları obrazları bacarıqla fərqləndirə biliblər. Bu da həmin şəxsiyyətlərin hər birinin böyük istedadından xəbər verən mühüm keyfiyyətlərdir.

XX əsrdə yaşayıb-yaratmış ən sanballı, ən görkəmli aktyorlardan söz düşəndə Ələsgər Ələkbərovun adı xüsusi vurğu ilə xatırlanır. Təbiətin verdiyi səs, aydın diksiya, zahiri yaraşıq, zəngin mənəvi aləm, aktyor plastikası, bir sözlə, böyük istedad ona teatrla yanaşı, kinoda da öz sözünü deməyə imkan yaratmışdı. Ümumiyyətlə, aktyor sənəti çox böyük yaradıcılıq deməkdir. Bu, yoxdursa, nə böyük teatr, nə də böyük kino sənətindən danışmaq mümkündür.
Ələsgər Ələkbərov Azərbaycan mədəniyyətinin və incəsənətinin tarixində bir hadisə idi desək, yəqin ki, yanılmarıq. Çünki o, özündən sonra sənətdə həqiqətən bənzərsiz və silinməz bir iz qoymuşdur.
Ələsgər Ələkbərov 1910-cu ildə Bakıda anadan olmuşdu. Onu şəhərin köhnə məhəlləsində tacir Hacağanın oğlu kimi tanıyırdılar. Ələsgər hələ yeniyetmə olanda atası müflisləşmişdi, dolanışıqları o qədər də yaxşı deyildi. Buna baxmayaraq, Hacağa şəhərin hörmətli kişilərindən sayılırdı. Günlərin birində “üzüdönük taleyindən” küsüb dünyasını da tez dəyişir. Bundan sonra ailənin güzəranı daha da ağırlaşır. Beləliklə, Ələsgər 13 yaşından anası Zibeydəyə ailəni dolandırmağa kömək etməli olur. O, fəhləlik edir, yorulurdu. Bununla belə, axşamlar Əbilov klubuna gəlir, burada fəaliyyət göstərən dram dərnəyində iştirak edirdi. Anası “artist tayfasına camaat yaxşı baxmır” deyə oğlunu bu yoldan çəkindirməyə çalışırdı. Lakin çox gec idi, Ələsgər artıq dram dərnəyinin tamaşalarında baş rollarda oynayırdı, 17-18 yaşında tamaşaçılar tərəfindən tanınır və sevilirdi.
1927-1930-cu illərdə Ələsgər Ələkbərov Bakı Teatr Texnikumunda təhsil alır. Elə oxuduğu ilk ildən də Bakı Türk İşçi Teatrında işləməyə başlayır. Burada çalışarkən bir neçə maraqlı, yaddaqalan obrazlar, o cümlədən Hacı Baxşəli (“Ölülər”) obrazını yaradır.
1933-cü ilin yanvar ayında AK(b)P MK-nın qərarı ilə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülür. Ə.Ələkbərovun tərcümeyi-halını əks etdirən məlumatlara görə, o, bir neçə il Tiflisdə Azərbaycan Teatrında və Gəncə Teatrında çalışır. Sonra taleyini indiki Milli Dram Teatrı ilə bağlayır.
Ələsgər Ələkbərov ovaxtkı Azərbaycan Akademik Dram Teatrına gələndə burada bir-birinə rəqib olan iki nəhəng aktyor var idi. Onların hər ikisi - Abbas Mirzə Şərifzadə və Ülvi Rəcəb 1937-ci il repressiyalarının qurbanı oldu. 1938-ci ildə “Vaqif” tamaşasından sonra burada həmin səviyyəli bir aktyor qalmışdı ki, o da Ələsgər Ələkbərov idi.
Deyilənlərə görə, Səməd Vurğunun “Vaqif” əsərində Vaqifi İsmayıl Dağıstanlı da oynamışdı. Əlbəttə, müvəffəqiyyət də qazana bilmişdi. Lakin bu, hələ Ələsgər Ələkbərovun Vaqifi deyildi!
1930-1940-cı illərdə Vaqif rolunda Ələsgər Ələkbərovun Kazım Ziya kimi tanınmış bir dublyoru var idi. Sonralar o da vəfat etdi. Teatr tənqidçiləri heç bir aktyorun sənətini danmadan onu da qeyd edirlər ki, Ə.Ələkbərov təkcə Vaqif rolunda deyil, ümumiyyətlə, yaratdığı bütün obrazlarda özünəməxsusluğu, bənzərsizliyi ilə təkrarolunmaz və əvəzedilməz idi.
Təsadüfi deyil ki, böyük aktyor Ələsgər Ələkbərov haqqında söz düşəndə ilk növbədə onun dramatik rolları xatırlanır. Aktyoru dramatik rolların əvəzsiz ifaçısı adlandırırlar. Qısası, o, elə bir aktyor idi ki, səhnədə görünməsi ilə tamaşanın taleyini həll edirdi. “Maqbet”dəki Maktuf, “Şahnamə”dəki şah Zeyir, “Aydın”dakı Aydın, “Fərhad və Şirin”dəki Fərhad və neçə-neçə digər obraz sənətkarın böyük potensialından və geniş diapazonundan söhbət açırdı. O, səhnədə Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının qəhrəmanlarına həyat bəxş etmişdi. C.Cabbarlının Aydın, Elxan, Aqşin, Eyvaz kimi surətlərini birinci dəfə o yaratmış və onlara əbədiyaşar möhür vurmuşdu.
Ələsgər Ələkbərov hər rolda fərqli ifa nümayiş etdirirdi, əsər qəhrəmanlarını bir-birinə bənzətməkdən çox uzaq idi. Məsələn, tək bir tamaşada - C.Cabbarlının “1905-ci ildə” pyesində üç rolda oynamışdı. Bir əsərin Eyvaz, general, Salamov kimi bir-birindən fərqli üç qəhrəmanını oynamaq, özü də məharətlə ifa etmək hər aktyorun istedadı çərçivəsinə sığan iş deyildi!
Onun Vaqifi, Fərhadı, Cavanşiri, Kral Liri, Otellosu Azərbaycan teatr sənətinə həqiqətən bir töhfədir. Ə.Ələkbərov həm də elə bir sənətkar idi ki, sələflərinin ən ümdə xüsusiyyətlərini istedadının süzgəcindən keçirmiş, onlara öz dəst-xəttini əlavə etmiş və sonrakı aktyorlar nəslinə bir nümunə, əslində irs, xəzinə qoyub getmişdir.
Ələsgər Ələkbərov Vaqif rolunda 28 yaşından oynamağa başlamışdı. İllər ötdükcə oyunu daha da dolğunlaşmış, mənalı və məzmunlu olmuşdu. Ə.Ələkbərovun yaratdığı Vaqif özünü, öz həyatını və mənafeyini deyil, xalqını, onun taleyini, gələcəyini düşünən bir obrazdır. Təsadüfi deyil ki, bu obraz tamaşaçının yadında qalır, aktyorun dilindən qopan aforizmlər isə yaddaşlara həkk olunur, sonra danışıqda, söhbətlərdə istifadə edilirdi.
Yazılanlara görə, “Vaqif” tamaşası milli teatrda Ədil İsgəndərovun quruluşunda 1064 dəfə səhnələşdirilib. Arxiv sənədləri digər maraqlı bir faktı da qoruyub saxlayır: 1948-ci ilə qədər, yəni “Vaqif”in səhnə həyatının 10 ili ərzində Ələsgər Ələkbərov bu rolda artıq 300 dəfə çıxış etmişdi. Odur ki, “Vaqif” pyesinin və Vaqif obrazının yaşlı nəsil tamaşaçısının yadında məhz bu aktyorun ifası ilə qalması təsadüfi deyil.
Aktrisa Fatma Qədri xatirələrində yazırdı ki, “Vaqif” tamaşasında həbsxana səhnəsini Ələsgərlə oynamaq çox çətin idi: “O məni, yəni səhəri günü edam olunacaq şairdən üzr istəmək üçün onun yanına həbsxanaya gələn Xuramanı elə qovurdu, bu qadınla elə istehza, öldürücü kinayə ilə danışırdı ki, bundan sonra az qalırdın doğrudan da gedib intihar edəsən”.
Qəribədir ki, bir neçə il sonra Fatma Qədri səhnədə yaratdığı obrazın taleyini həyatda yaşayır. İntihar edir...
Ə.Ələkbərovun aktyor gücü özünü digər əsərlərdə tam nümayiş etdirmişdi. Hüseyn Cavidin Şərqin böyük ədəbi abidəsi olan “Şahnamə”nin motivləri əsasında yazdığı “Səyavuş” faciəsinin qəhrəmanı gözəl bir gəncdir. Ögey anası onu xəyanətə sürükləmək istəyir. Lakin Səyavuş bu addımı atmır, “yox!” deyir. Ələsgər Ələkbərov obrazı tam mənimsəyərək “yox”u elə deyirdi ki, sanki bu səs daxilindəki üsyanın əks-sədasına çevrilir, tamaşaçını az qala diksindirir, heyrətə gətirirdi.
Aktyorun yaradıcılığının daha bir mərhələsi “Otello” ilə bağlıdır. O vaxt teatr tənqidçiləri Ə.Ələkbərovu “bütün Otellolardan daha canlı insan” adlandırmışdılar. Onun bu roldakı oyunu barədə də maraqlı fikirlər qalıb. Məsələn, Şekspir muzeyində hələ də Ələsgər Ələkbərovun “Otello” tamaşasında çəkilmiş şəkli saxlanılır. Moskvadakı Azərbaycan dekadası zamanı “Otello”ya baxan ingilislər tamaşanı lentə alıb özləri ilə aparıblar. Tamaşa vaxtı Moskva teatrının pərdəsi alqışlardan düz 17 dəfə açılıb-bağlanıb.
Əlbəttə ki, hər bir aktyorun istedadını, nəyə qabil olduğunu, potensial gücünü onunla birlikdə işləyən, ona rol etibar edən rejissor hamıdan çox görür. Rejissor Hafis Fətullayev də böyük aktyorun qabiliyyətini incəliklərinə qədər görürdü: “Ələsgər Ələkbərov üçün rolun böyük-kiçiyi yox idi. O, bütün rollarına yaradıcılıq həvəsi ilə yanaşırdı. Səhnədə, demək olar ki, tamamilə təsvir edilən şəxsə çevrilir, tamaşaçıları və səhnədəkiləri ardınca aparmaq qüvvəsinə nail olurdu. Salondakılar onunla birlikdə gülür, ağlayır, tamaşaya baxdığını unudur, səhnədə baş verən hadisəni həyatın bir parçası kimi qəbul edirdilər. Ələsgər bütün rollarında yaratdığı surətə çevrilirdi. Onun zəngin daxili aləmi, emosionallığı səhnədəki başqa ifaçılara da təsir edirdi”.
Aktyorun böyük istedadı özünü kinoda yaratdığı obrazlarda da göstərir. O, kinonu da teatr qədər sevirdi. Yaratdığı müxtəlif xarakterli obrazlar kinematoqrafiya tarixində layiqli yer tutur.
O, Azərbaycan kinosunun səsli dövrünün hələ ilk filmlərindən olan “Kəndlilər”də Göydəmir rolunu ifa etmişdi. Sonra gənc aktyor “Vulkan üzərində ev”, “Lətif” filmlərində çəkilmişdi.
Ələsgər Ələkbərovun “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana”, “Uzaq sahillərdə”, “Fətəli xan” və bir sıra digər filmlərdə oynadığı rollar unudulmazdır. Bunlardan əlavə, aktyor 1960-cı ildə Dovjenko adına Kiyev kinostudiyasında çəkilən “Varislər” filmində don Aqilla rolunu uğurla oynayıb. Onun kino qəhrəmanları da teatr obrazları kimi canlıdır, yaddaqalan və seviləndir.
1963-cü ildə Ə.Ələkbərov “Böyük dayaq” filmində Rüstəm kişi roluna çəkilir. Oynadığı obrazın xarakterini bütün müsbət və mənfi cəhətləri ilə tam aça bilir. Bu, aktyorun sanki son “akkord”u olur. Film ekranlara çıxana qədər o, artıq dünyasını dəyişir. Tamaşaçılar bu filmə baxaraq belə böyük sənətkarı itirdiklərinə bir daha təəssüflənir, acıyırlar.
Görkəmli aktrisa Leyla Bədirbəyli həmkarı haqqında ürək sözlərini sonsuz məhəbbət və ehtiramla qələmə almışdır: “Bəzən həyatda bir adamı yalnız görən zaman yada salır, xatırlayırsan. Lakin elə insanlar da olur ki, onları təkcə bir dəfə görür, amma uzun illər, hətta ömrün boyu unutmursan. Ələsgər Ələkbərov belə şəxsiyyətlərdəndir. O, tam mənasında səhnə üçün, sənət üçün doğulmuşdu. Bu mahir aktyoru səhnədə bir dəfə görən heç zaman unutmurdu. Heç yadımdan çıxmır, bir dəfə onun ad gününə yığışmışdıq. Çox da böyük olmayan məclis həddən artıq şən keçirdi. Ələsgər isə hamıdan şən idi. O, pianoda çalır, oynayır, şadlanırdı. Rəqsdən xüsusi zövq alırdı. Milli azəri rəqsi onun ifasında çox gözəl təsir bağışlayırdı. Qonaqlar təkrar-təkrar Ələsgərin şərəfinə sağlıq söyləyir, yüksək sənətindən, nəcib insanlığından danışırdılar. Bu zaman mənimlə yanaşı oturan Ələsgərin gülməkdən özünü zorla saxladığını görüb təəccüblə ona baxdım. Baxışımdakı sualı hiss edib dedi: “Başa düşə bilmirəm ki, bunlar bu qədər tərif dolu sözləri haradan tapırlar? Axı məndə nə görüblər? O qədər də gözəl deyiləm, gözlərim də olduqca balacadır... Mən dedim ki, yəqin tilsim, möcüzə yolu ilə sən özünü xalqa sevdirirsən. Bu zaman o, lap ürəkdən güldü. Həqiqətən də kiçik gözləri tamamilə yumuldu. Lakin coşqun məhəbbətlə yaratdığı səhnə surətlərini - Elxan, Aydın, Otello, Vaqif, Fərhad və Cavanşirin ülvi hisslərini məhz bu gözlərdə görmüşdük. O, yüz dəfə, min dəfə Otellonun, Vaqifin faciəsini öz faciəsi kimi yaşamış və bu “ölüm”lərlə ölməzlik qazanmışdı”.
Ələsgər Ələkbərovun böyük istedadını təkcə həmkarları deyil, bir çox görkəmli şəxsiyyətlər də, sadə tamaşaçılar da görmüş və yüksək dəyərləndirmişlər. Xalq yazıçısı Mirzə İbrahimov 1960-cı ilin noyabrında qələmə aldığı “Qartal qanadlı sənətkar” məqaləsində onu belə səciyyələndirirdi: “Azərbaycan dram teatrı ilə əlaqədar olduğum zamanlar Ələkbərovun sənətə münasibəti, surət üzərində işləməsi mənim diqqətimi cəlb etdi. Ələkbərov rol əlinə keçən gündən onunla yaşayırdı, hətta mənə elə gəlirdi ki, gündəlik həyata, rast gəldiyi adamlara da surətin gözü ilə baxır, sonra bunun psixoloji nəticələrini izləyir, hisslərin dilini tapmağa cəhd edir... Ələsgər Ələkbərov həm klassik əsərlərdə, həm də müasir əsərlərdə eyni hərarətlə oynayır. O, bizim adamların, bugündən danışan dramlardakı qəhrəmanların surətini böyük həvəslə yaradır. Bu, çox qiymətli xüsusiyyətdir və yalnız ictimai cəhətdən deyil, estetik cəhətdən də mənalıdır”.
1959-cu ildə Moskvada Azərbaycan mədəniyyəti və ədəbiyyatı ongünlüyü keçirilir. Vaxtanqov adına teatrın səhnəsində Azərbaycan Dram Teatrının artistləri “Otello”nu oynayırlar. Hər pərdənin sonunda salonda alqış səsləri qopur. Ələsgər Ələkbərov öz “Otello”su ilə tələbkar Moskva tamaşaçılarını heyran qoyur.
Ongünlük sona çatanda Azərbaycandan gəlmiş incəsənət xadimlərinə ittifaq səviyyəli fəxri adlar verilir. Rəşid Behbudov, Qəmər Almaszadə, Leyla Vəkilova SSRİ Xalq artisti fəxri adını alırlar. Gözlənildiyinə görə, Akademik Dram Teatrının payına düşən fəxri ada isə Ələsgər Ələkbərov layiq görülməli idi. Ancaq nədənsə həmin ad ona verilmir. Bu hadisə Ələsgər Ələkbərova bərk toxunur və o, qəlbindəki incikliyi dəf edə bilmir. Bakıya qayıdandan sonra teatrdan çıxmaq barədə mədəniyyət naziri Məmməd Qurbanova ərizə yazır. Nazir ərizəyə etiraz cavabı versə də, o, teatra qayıtmır. Azərbaycan Dövlət Filarmoniyasında müxtəlif konsertlərin, gecələrin aparıcısı kimi çalışır, filmlərə çəkilir.
İsgəndərov-Ələkbərov umu-küsüsü Azərbaycan teatrına baha başa gəlir. Bunu sonralar onların hər ikisi etiraf edir. 1959-cu ilin sonunda Ələsgər Ələkbərov teatra qayıdır və o, sonralar “İsgəndərovsuz teatr həmin teatr deyil” deyərək öz fikrini və təəssüfünü hər yerdə bildirir.
Böyük aktyor 53 yaşında dünyasını vaxtsız dəyişəndə onu son mənzilə yola salmağa köhnə dostu - rəqibi Ədil İsgəndərov da gəlir... Bu, çox söz deyir.
Vaxtsız ölüm... Yeri gəlmişkən, Ələsgər Ələkbərovun şəxsi həyatı ürəkaçan olmayıb. Hələ çox gənc ikən o, aktrisa Hökumə Qurbanovanı böyük məhəbbətlə sevib. Bu sevgi qarşılıqlı olub və valideynləri Hökuməni ona vermək istəməsələr də, qızın inadı qarşısında aciz qalıblar.
Gənc, xoşbəxt ailənin ilkini dünyaya gəlir. Ona Nailə adını verirlər.
Teatr Gəncəyə köçəndə ailə də bu şəhərə gəlir. Burada hər iki gəncin qəlbindəki qısqanclıq hissləri alovlanır. Hökumə xanım istedadlı bir aktrisa kimi ətrafdakıların diqqətini cəlb edirdi. Ələsgər onu hər yad baxışa qısqanırdı. Öz növbəsində Ələsgər də öz yaraşığı və istedadı ilə bir çox xanımların qəlbinə od salırdı. Bunu da Hökumə qəbul edə bilmirdi. Bu mənasız hisslərin ikitərəfli olması ailə ocağının sönməsinə səbəb olur.
Sonra Ələsgər milliyyətcə rus olan bir qızla evlənir. Bundan sonra bəziləri Ələsgərin ailəsinin ruhən teatrdan uzaq olduğunu qəbul edə bilmirdilər.
Bütün bunlar az imiş kimi, qızı Nailə də gənc yaşlarında dünyasını dəyişir. Oğlundan isə heç bir xəbər olmur. ...Bu da böyük sənətkarın şəxsi həyatının faciələri...
Ələsgər Ələkbərov teatra qayıtdıqdan sonra üç ilə qədər, yəni ömrünün son günlərinədək burada çalışır. Aktyorun bu qayıdışını “Tamamlanmış əsərə əlavə son söz”, bəzən də “Son nöqtəsi qoyulmuş məktubun P.S. əlavəsi” də adlandırırlar.
Bu son üç ildə onun həyatında mühüm hadisələr baş verir. Doğrudur, həmin müddətdə yalnız bir tamaşada oynayır. Bu, Mehdi Məmmədovun hazırladığı “Alov” tamaşası idi. Aktyor ənənəsinə sadiq qalaraq buradakı müstəntiq Kamalovun rolunu da böyük məharətlə yaradır.
Hadisələr çox sürətlə baş verir, sanki hansısa bir qüvvə mahir sənətkarı son mənzilə yaxınlaşdırmağa tələsdirirdi. 1960-cı ildə Ələkbərovun 50 illik yubileyi qeyd olundu. 1961-ci ildə SSRİ Xalq artisti fəxri adına layiq görüldü. Ömrünün sonunda ona SSRİ Ali Sovetinə deputat seçilmək də qismət oldu. Bu uğurlar silsiləsində aktyorun “Böyük dayaq” filmində yaratdığı Rüstəm kişi obrazı xüsusi yer tutur. Əslində, bunlar da - həm film, həm də sənətkarın oradakı rolu Azərbaycan kinematoqrafiyasına, Azərbaycan tamaşaçılarının yeni nəsillərinə qalan əvəzsiz yadigardır.
Son tamaşanı da 1963-cü ildə oynamalı idi. Yanvarın 31-də həmkarları “Səyavuş” faciəsini məşq edir və Ələsgərin yolunu gözləyirdilər. O isə nədənsə gecikirdi...
Elə həmin gündən teatrın da, həmkarlarının da, tamaşaçılarının da gözü yolda qalır. O yolda ki, Ələsgər Ələkbərov bir də heç vaxt oradan dönməycək...
İndi incəsənət aləmində “məşhurlar”, “ünlülər”, “ulduzlar” sözü tez-tez, həm də yerli-yersiz işlədilir. Amma bir həqiqət var ki, əsl sənət ulduzları, ünlüləri olub.
Sənətin ən yüksək zirvəsində parlayan gur işıqlı, nəhəng ulduzlardan biri məhz Ələsgər Ələkbərovdur. Elə ulduz ki, işığı hələ uzun illər bundan sonra da yanacaq, həm tamaşaçıların qəlbinə, həm də yeni aktyor nəsillərinin sənət yollarına nur saçacaq.

İradə ƏLİYEVA,

Oxumağa davam et
Reklam
Reklam

Gündəm