III Yekaterina - FOTO/VİDEO
Bizi izləyin

Art

III Yekaterina - FOTO/VİDEO

“Keçmiş mədəniyyət nazirinin həyatı”

Biz SSRİ haqqında filmlərə ona görə baxırıq ki, dövrümüzdən yorulmuşuq. Bu artıq bir deyimə çevrilib. SSRİ rəhbərlərindən Stalin, Beriya, Xruşşov, Brejnev, Jukov haqqında seriallar on ildən artıqdır ki, Rusiya telekanallarında müxtəlif şəkillərdə, müxtəlif rejissorların yanaşması ilə təqdim olunur. 2011-ci ildə Rusiya telekanallarında daha bir SSRİ məşhuru – qadın qəhrəman Yekaterina Furtseva haqqında film ekranlara çıxdı. Kifayət qədər maraqlı bir serial alınıb. Furtseva özü də maraqlı bir qadın idi. SSRİ-də ən yüksək vəzifəyə çıxan, Mərkəzi Komitənin Katibi, Siyasi Büronun üzvü, SSRİ-nin mədəniyyət naziri kimi yüksək vəzifələrə qədər yüksələ bilən adi bir toxucu qızı və onun taleyi haqqında bir serialdan danışacağıq. Hesab edirik ki, ümumiyyətlə qadın qəhrəman kimi Furtseva özü də çox maraqlı idi və təbii ki, serial da çox maraqlı alınacaqdı. Amma müəlliflər özlərini əvvəlcədən bütün hallar üçün sığortalayıb və bildiriblər ki, bu, bioqrafik film deyil, bu, ancaq obrazın rekonstruksiyasıdır. Yəni bir obraz seçilib, bu obraz Furtsevaya oxşayırdı. Doğrudur, orada adlar, soyadlar, faktlar hamısı eynilik təşkil etsə də bu, hadisələrin rekonstruksiyasıdır. Olduğu kimi biqrafiyası deyil. Əlbəttə ki, serialda qüsur axtarmağa başlasaq, çoxlu çatışmazlıqlar tapacağıq. Plastik pəncərələrdən tutmuş orada-burada dövrümüzə uyğun olmayan əşyalara kimi...

Serialın maraqlı məqamlarında biri təbii ki, hamı üçün təəccüblü olan komediya performansları və monoloqları ilə yaddaqalan Gennadi Xazanovun Stalin rolunu oynamasıdır. Onun yumor hissi ilə sadist yanaşmasını qiymətləndirməmək olmaz və çox qəribə yanaşma alındı. İlk dəfə idi ki, Stalinə bu cür yanaşılırdı. Hesab edirəm ki, bu cür yanaşmanın özü də maraqlıdır, rejissor tərəfindən fərqli bir baxışdır. Adətən, Stalinin bir kanonlaşmış obrazı var, bu kanondan çıxaraq fərqli bir obraz təqdim olunur.

Təbii ki, söhbət Furtsevadan gedirsə onun haqqında bir söz demək olar ki, karyera sanki özü-özünə alınır. Onun yaxşı çıxışları, sovet hakimiyyətini tərifləməsi, özünü fəal aparması, hətta lazım gələrsə dostunu belə xalq düşməni kimi ifşa edib onu ayaqlayaraq hakimiyyətə doğru getməsi və bütün bunların müqabilində doğru-düzgün təhsilinin olmaması - kimya fakultəsini elə-belə bitirən bir insanın o boyda dövlətin mədəniyyət naziri olması əlbəttə ki, çoxlu şübhələr, suallar yaradırıdı. Amma bütün digər hakimiyyətdə olan insanların axarında Furtseva ən fağırı, ən yaxşısı kimi görünməyə başlanılır. Maraqlı tərəfi ondan ibarətdir ki, burada söhbət ümumiyyətlə serialın əsas aksenti olan qadının həyatı üzərində deyil, daha çox hakimiyyətin intriqalarının üzərində qurulub. Bu intriqalara xərclədikləri enerjiləri dövlət idarəçiliyinə xərcləsəydilər təbii ki, o boyda imperiya çökməzdi. Serialda bu fikir duyulur, hiss olunur. Serial haqqında danışarkən aktyor ifasını da qeyd etmək lazımdır.

Əllbəttə ki, biz Xazanov haqqında qeyd etdik. Bu, fərqli bir yanaşmadır, amma digər aktyorlar haqqında fikirlər çox qətidir və hesab edirəm ki, çox uğurlu seçimlər var. Onlardan misal üçün Suxarukovun Xruşov obrazını yaratması çox maraqlı alınıb. Beriya rolunun ifaçısı Qrişeçskinin olduqca uğurlu ifası var. Doğrudur, zahiri görünüş o qədər oxşamasa da o, bütövlükdə obrazı yaradıb. Onun elə gözləri, baxışları və bütün ətrafdakılara münasibətləri Beriyanın mahiyyətini tamlıqla açıb göstərir. Artur Vaxanın Brejnev obrazını oynamasında da eyni sözləri demək olar. Oxşar olmasa da Artur Vaxa artıq bir dəfə Brejnev haqqında serialın özündə Brejnevin cavanlığını oynamışdı. Bu dəfə də Furtseva serialında cavan, idarə etməyə çalışan, hakimiyyət uğrunda mübarizə aparan iddialı Leonid İliç Brejnevin obrazını uğurlu yarada bilib.

Eyni zamanda burada Yefremovu qeyd etmək lazımdır. Mixail Yefremov öz atası Oleq Yefremovun çox uğurla obrazını oynayıb. Biz bilirik ki, Oleq Yefremovla Furtseva arasında böyük məhəbbət olub. Oleq Yefremov SSRİ miqyasında olduqca tanınmış bir rejissor, böyük sənətkardır və onun böyük sənətkarlığına dəstək verənlərdən biri də Furtseva idi. Çünki onların arasında bir sevgi münasibətləri var və bu sevgi münasibətləri təbii ki, onun kariyerasına müsbət təsir etdi. Burada demək lazımdır ki, Mixail Yefremov öz atası Oleq Yefremovun obrazını çox mükəmməl ifa etməyi bacardı və çox uğurlu alındı. Sevgi münasibətlərindən demişkən, ümumiyyətlə, Furtseva ilə sevgi münasibətləri haqqında çoxlu şayiələr gəzir, onun çoxları ilə sevgi yaşadığı haqqında söz-söhbətlər yayılıb, hətta Müslm Maqomayevin vurğunu olduğu deyilir. Azərbaycanın görkəmli bəstəkarı və o dövrdə mədəniyyət naziri işləmiş Rauf Hacıyevi sevdiyi haqqında da söz-söhbətlər dolaşır. Təbii ki, bütün bunlar söz-söhbətlərdir, intriqalardır. Amma həqiqətən də qadın olaraq onun sevgiyə ehtiyacı vardı və biz serialda bunu görürük və bu barədə danışacağıq.

Qəhrəmanın özü aktrisa Rozanova əlbəttə çox uğurla obrazın öhdəsindən gəlir. (Qeyd edək ki, filmdə iki Furtseva var, cavanlıq dövründə - Bu dövrü Tatyana Arntqolts ifa edir). Rozanovanın özü çiçəklənən, uğurlu karyeraya doğru gedən bir dövlət xadimindən birdən-birə qocalamğa başlayan qadına çevrilir. Rozanova bu keçidi çox böyük ustalıqla edir. Tatyana Arntqolts da serialda çox böyük ustalıqla öhdəsinə düşən vəzifəni yerinə yetirir və o, başa düşür ki, Furtseva kimdir və onun enerjisini, onun işgüzarlığını tamaşaçıya çatdıra bilir. Hər iki aktrisa üzərilərinə düşən vəzifənin öhdəsindən uğurla gəlib. Qeyd etmək lazımdır ki, bu filmdən sonra Tatyana Arntqoltsa böyük simpatiya yarandı. İrina Rozanovaya gəldikcə isə hesab edirik ki, başqa bir aktrisa bu obrazı onun kimi oynaya bilməzdi, çünki o ustalıqla bütün bu gözəlliyi çatdırdı və o, öz qadın ecazkarlığı, habelə mədəniyyət naziri olması ilə sübut etdi ki, onun haqqı var ki, bu ölkənin mədəniyyət rəhbəri olsun, o, mədəniyyət aləmində olsun. Rejissor həqiqətən də aktrisanı seçəndə uğurlu seçim etmişdi.

Bunlarla bərabər filmdə uğursuz seçimlər də vardı. Xüsusən də Furtsevanın yaxın rəfiqəsi Zıkina rolunun ifaçısı o qədər də uğurla bu qadının daxili dünyasını bizə çatdıra bilmirdi. Zıkina bütün xalq tərəfindən sevilən bir müğənni idi. Ona görə də onun daha çox müdaxiləsi gözlənilirdi, daha ürəkdən yanaşılması gözlənilirdi, amma hesab edirik ki, bu, bir qədər uğurlu alınmadı. Həmin sözləri Nadinka Lejanın ifaçısı haqqında da demək olar ki, Leja ilə Furtsevanın görüş səhnəsi uğurludur, amma aktrisa bu rolun ifasından lazımi qədər uğurla gələ bilmədi. Qeyd etmək lazımdır ki, dekor seçimində ümumiyyətlə, ətraf mühit, dövrün otaqları, kabinetlər, kənd həyatından tutmuş şəhər həyatına, kiçik komalardan tutmuş böyük mənzillərə kimi çox gözəl, çox incə və maraqlı çatdırılır. Ümumiyyətlə, filmin atmosferi uğurludur. Hətta kommunal evdən tutmuş Furtsevaya şəhərin mərkəzindən verilmiş mənzilə qədər orada işlədilən hər bir detal rəssam tərəfindən uğurla hazırlanıb.

“Keçmiş mədəniyyət nazirinin həyatı” – Filmi belə adlandırmaq olar, çünki serial boyu biz Furtsevanın uğura doğru getməsi, addım-addım irəliləməsini, zirvəyə doğru getməyi görürük, amma birdən-birə o vurulur və vurulandan sonra sınır, hətta intihara cəhd edir. O, həmişə hakimiyyətdə olmaq istəyir, onun iddialar çox böyükdür. O, ailəsini, uşağını, anasını hətta sevgilisini karyerasına qurban verən insandır. Birdən-birə onu vururlar. Vurulma ona çox pis təsir edir. Bundan sonra o, haradasa geri qayıtmaq, hər şeyi bərpa etmək istəyir, amma gecdir. Şəxsi həyatında birinci dəfə sevdiyi şəxsdən ayrılır. Daha dəqiq desək, sevdiyi şəxs onu atıb gedir. İkinci dəfə o, diplomat Filübinlə ailə həyatı qurur. Filübin rolunun ifaçısı Domoqarov bu obrazı çox uğurla ifa etdi. Filübin diqqət, qayğı, ailə - bütün bunları verə bilmir və təbii ki, onun kənarda öz sevgilisi olur və Furtseva tənha qadına çevrilir. Tənhalığı baxımından ola bilsin ki, onun müxtəlif eşq macəraları olur. Artıq Filübin ondan uzaqlaşmışdı, qızı da onda uzaqlaşmışdı, anası dünyasını dəyişmişdi və o artıq biləndə ki, SSRİ Mədəniyyət naziri vəzifəsindən çıxacaq, səhər onun əmri veriləcək, onun ürəyi partlayır və ölür. O, bir dəfə intihara cəhd etmişdi, onu xilas etmişdilər. Deyilənə görə, ölümü də intihar idi. Lakin sovet dövləti bunu ört-basdır elədi. Filmdə biz bunu intihar kimi yox, sadə ölüm kimi görürük - Futsevanın ürəyi dözmür, partlayır ölür. Həmişə hakimiyyətdə olan, həmişə zirvədə olan bir insanın aşağı düşməsi sadəcə olaraq qeyri-mümkün idi.

Yeri gəlmişkən aktyor ifalarında bir məqamı da qeyd edək ki, Marşal Jukov rolunun ifaçısı Valeri Barinov ekranda çox az görünsə də, bu az müddətdə olduqca uğurlu ifası ilə yadda qalır və necə deyərlər Marşal Jukovun bütün əzəmətini və qüdrətini bizə çatdıra bilir. Film həqiətən o qədər uğurlu alınıb ki, nə ssenari müəllifinə, nə rejissora hər hansı bir sual qalır. Aktyor ansanblının ifası da çox uğurludur. Sadəcə oturub seriala diqqətlə baxmaq lazımdır. Biz həm o dövrü yenidən yaşaya bilərik, həm də intriqaların şahidi ola bilərik. Əslində nə baş verdiyi sualına cavab tapa, eyni zamanda bir qadının taleyinin şahidi ola bilərik. Ən azından biz bu qadını tanıyarıq. Bu qadının siyasi kabinetdən kənardakı həyatında nə baş verdiyini görə bilərik. Bir qadının hakimiyyətə gəlməsi, vəzifədə yer tutmasının nə qədər çətin olduğunu və onun necə asanlıqla itirməsinin şahidi olarıq. Acılı bir taledir. Bütün filmə baxarkən onun gördüyü xidmətləri seyr edəndən sonra başa düşürsən ki, Furtseva əslində çox tanınmış, parlaq biri, SSRİ üçün uğurlu bir şəxsiyyət və bu qədər yüksək vəzifəyə çıxan yeganə qadın olub.

Furtseva həddindən artıq sözü keçən bir şəxs olub. Bununla bağlı bir faktı qeyd etmək kifayətdir: Furtseva bir dəfə eşidir ki, “Mona Liza”nın Yaponiyada ilk nümayişi olacaq və onun bir kəlmə sözü bu əsərin Moskvada sərgilənməsinə kifayət edir.

Onun Kremldən kənardakı həyatı olduqca maraqlıdır. Bütün incəsənət aləmi onu III Yekaterina adlandırırdı. Görəsən, bu həmişəmi belə olub? Bilirsiniz ki, Rusiya tarixində I Yekaterina, böyük hökmdar II Yekaterina olub. Furtsevanı isə III Yekaterina adlandırırdılar. Bu mənada serial həqiqətə çox yaxındır və bu serial sayəsində çox suallara cavab tapa biləcəksiniz.

Aktyor ifasını qeyd etdik ki, çox uğurludur və yüksək səviyyədə icra olunub. Çatışmayan cəhətlər və süjetdə qırıqlıq demək olar ki, yoxdur. Ən maraqlı cəhət odur ki, dövrlər çox rahatlıqla bölünüb və dövrlərə keçid sənədli görüntülərlə olur və hər bir sənədli görüntünün altında il yazılır. Artıq biz bilirik ki, həmin ildə hansı hadisə baş verəcək. Bu, kömək edir ki, biz tarixdə azmayaq, tarixdəki xronoloji gedişat qorunsun. Serial boyunca biz bu qadının hakimiyyət istəyinə, hərisliyinə, mübarizliyinə heyran qalırıq. Zəhmət sevərliyinə heyran qalırıq və bu adam necə özünü toparlayır, hətta bilmədiyi sahədə çalışanda belə sahəni ustalıqla öyrənir və ustalıqla ona rəhbərlik edə bilir. Amma bütün bunlarla bərabər o qadındır və həyatında çox şey itirib. Filmin ən kədərli yeri odur ki, onun birinci həyat yoldaşı onu atıb gedib, müharibədə olduğu vaxtda öz dostunun uşağını uşaqlığa götürüb və o ikinci aldığı qadın ac-yalavac həmin uşağa baxdığı halda Furtseva Moskvanın rayonlarının birində katib idi. Furtseva ona - öz rəqibinə yemək gətirir, yeməklə təmin edir və deyir ki, bu tanışlığıa görə deyil, onun vəzifə borcudur. Amma pilləkanlarla çıxanda ağlayır. Hesab edirik ki, serialın ən lirik və ən tutarlı yerlərindən biri budur. İkinci belə bir yer də Furtseva ölümünün yaxınlaşdığın hiss edir və qızı ilə sağollaşmağa gedir. Qızının evində onunla söhbət etmək istəyərkən görəndə ki, qızının buna ayıracaq vaxtı yoxdur və sadəcə masaya söykənərək ayaqüstə xəyallara dalması filmin ən lirik məqamları hesab oluna bilər. Serial SSRİ-nin mühitini, SSRİ-nin yaşantılarını tamlıqla çatdırır uğurlu ekran işi kimi təqdim olunmalıdır.

Əlbəttə ki, serialda tənqidə yer verən məqamlar vardı və bu məqamları tapmaq mümkündür. Çünki gözdən qaçan, xüsusən də həqiqətə uyğun olmayan bəzi məqamlar o dövrü yaxşı bilən mütəxəssislər tərəfindən tənqid oluna bilər. Amma ən əsası odur ki dövrün, mühitin özü yaradılıb. Bizim gözümüzün önündə sovet dövrünün müharibəsi, müharibədən sonrakı quruculuq illəri və durğunluq dövrünün başlanğıcı – bu üç dövrün bütün mümkün mənzərəsi ustalıqla yaradılıb. Ümumiyyətlə, demək lazımdır ki, serialın iki hissəyə bölünməsi maraqlı yanaşmadır və bu mənada bu maraqlı yanaşmanı xüsusilə qeyd etmək lazımdır. Serialın iki yerə bölünməsi olduqca uğurlu bir tapıntıdır.

Təəssüfləndirici cəhət odur ki, Azərbaycanda da istər SSRİ dönəmində, istər ondan əvvəlki dönəmdə Furtseva səviyyəsində çox işlər görmüş dövlət xadimləri olub. Təəssüf ki, biz hələ də bir insanın taleyini, onun keçdiyi şərəfli yolunu, şəxsi həyatını özündə əks etdirəcək serial və ya film ortaya qoya bilməmişik. Arzu edirik ki, belə filmlərimiz olsun və biz belə filmlərdən danışaq. Amma hər halda məsləhət görürəm ki, III Yekaterina Furtsevanın həyatı haqqında filmə baxasınız və Yekaterinaların doğurdan da möhtəşəm olduğunun şahidi olasınız.

Elçin Əlibəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm