Səməd Vurğunun quş dərdi
Bizi izləyin

Art

Səməd Vurğunun quş dərdi

Mənə elə gəldi ki, şair bezmiş halda əlini qaldırıb quşları qovmaq istəyir...

Bu yaxında bir dostumla vədələşdik ki, “28-də” Səməd Vurğun parkının başında görüşək. Həmişəki kimi vədə yerinə bir az tez çatmışdım. Dayanıb nəfəsimi dərmək istəyirdim ki, bir dəstə taksi sürücüsü “Hövsana bir manat” - deyib üstümə cumdu. Hamısının gözündə manat formasında susmuşdum. Az qalırdım ki, hansısa taksiyə oturum. Birdən yadıma düşdü ki, ə, mənim Hövsanda nə itim azıb, axı dostumla görüşməliydim. Biixtiyar telefonu qulağıma qoyub heyfslənməyə başladım. Nəsə unudub səfərdən qalmış adamlar kimi sürücüyə üzrhaqlıq edib qırağa çəkildim.

Səməd Vurğunun heykəlinin qabağında gözləyirdim. Qəfildən iki dənə tanımadığım göyərçinfason quş gəlib şairin başına qondu. Mənə elə gəldi ki, şair bezmiş halda əlini qaldırıb quşları qovmaq istəyir. Amma gücü çatmır, taqətdən düşüb. Quşlar öz aralarında nəsə qurhaqur danışırdılar. Sonra ikisi də heykəlin başına zilləyib uçdular. Elə bil zilləmək üçün gəlmişdilər. İçimdə qəribə bir ədəbiyyat sevgisi yarandı. Öz-özümə hirsləndim ki, buna bax ey, Səməd Vurğunun başı quşların əlində qalıb.

Dostum zəng elədi ki, tıxacdı, bir az gecikəcəm. Dedim, narahat olma, burda bir şairlə dərdləşirəm, çatanda zəng elə. Bunu deyə-deyə çevrilib təbəssümlə Səməd Vurğunun üzünə baxdım. Elə bil, şair nədənsə utanırdı. Aylarla çimməyən “bomj” sifəti almışdı. Ağlıma gəldi ki, şair bütün olanları görür. Əlini də ürəyinin üstünə ona görə qoyub. Kim olsa, ürək xəstəliyinə tutular.

Bir də baxdım ki, bayaqki göyərçinfason quşlar yenə də zilləməyə gəliblər. Elə heykəlin başına qonmaq istəyirdilər ki, hay-küy salıb qovdum. Mənə elə gəldi ki, Səməd Vurğun sevindi. Hələ Azərbaycan şeirindən bir bənd də deyib, susdu. Sonra nə qədər yalvardım, ikinci bəndi demədi. Sanki peşman olmuşdu o şeiri yazmağa.

Nəhayət, dostum gəlib çıxdı. “Xoş-beş-on beş”dən sonra qayıtdım ki, ə, Mövlud, sən Allah, yolunun üstüdü, görərsən, o Sabirin heykəlinin də başına göyərçinfason quşlar zilləyir. Mövlud da qayıtdı ki, Sabirin başı qarğalara qalıb. Acı-acı gülüşdük.

Parkın çıxhaçıxında elə bil məni kimsə arxadan çağırdı. Mənə elə gəldi ki, Səməd Vurğundu səsləyən. Yalvarır ki, mənə bir manat pul verin. Hövsana gedən taksiyə oturub, dənizə çimməyə gedəcəm...

Həmin gün gecənin bir aləmi gördüm ki, Hüseyn Cavid, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, İmadəddin Nəsimi, Cəfər Cabbarlı, Səməd Vurğun və qaranlıqda tanıya bilmədiyim başqa bir neçə nəfər bizim evin qabağında “mığır-mığır” danışırlar. Cavid qayıtdı ki, gəlin, buralardan lap uzaqlara gedək. Səməd qaşlarını çatıb “mən Azərbaycansız yaşaya bilmərəm” - dedi. Nərimanov üzünü Cəfərə tutdu:

-Sizin tərəfdə də quş çoxdu?

Cəfər ağzını açmamış Nəsimi başını dikəldib:

-Mən onsuz da laməkanam, Cavid düz deyir, gəlin uzaqlara gedək.

Bayaqdan dodaqlarını çeynəyən Sabir qəfildən dilləndi... Onun sözləri ilə hamı razılaşırdı ki, yuxudan oyandım. Peşman oldum ki, gərək Səməd Vurğuna bir manatı verəydim.

Elşad Barat

Oxumağa davam et
Reklam
Reklam

Gündəm