Kino istehsalına BÖYÜK ZƏRBƏ: iki şəbəkə kəllə-kəlləyə gəldi
Bizi izləyin

Art

Kino istehsalına BÖYÜK ZƏRBƏ: iki şəbəkə kəllə-kəlləyə gəldi

Əvvəllər film azlığından şikayətlənən tamaşaçı və film istehsalçıları indi başqa problemlərlə üzləşməli olurlar.

Azərbaycanda yerli filmlərin sayı artdıqca ortaya fərqli problemlər çıxır. Əvvəllər film azlığından şikayətlənən tamaşaçı və film istehsalçıları indi başqa problemlərlə üzləşməli olurlar. Artıq kino ölkəmizdə biznesə çevrilir...

Bu biznesin inkişafı üçün sərmayəçilər ilk növbədə kinoteatrların sayını artırmağa qərar veriblər. Demək olar ki, şəhərdəki ticarət mərkəzlərinin hamısında bir neçə zaldan ibarət kinoteatrlar fəaliyyət göstərir.

Kinoteatrlar arasında rəsmi və qeyri- rəsmi rəqabətin ilk cücərtiləri isə artıq hiss edilir. Kinoteatrlar şəbəkəsinin hər biri öz yayım şirkətini təsis edərək nümayiş olunan filmlərin reklam və yayımını həyata keçirir. Nəzərə alaq ki, Azərbaycanda kinoteatrların əksəriyyəti paytaxt Bakıda fəaliyyət göstərir. Yalnız “Cinemaplus” şəbəkəsinə aid kinoteatrlardan biri Gəncədə, “Park Cinema”ya məxsus kinoteatrlardan biri isə Masallıda yerləşir.

Məsələyə ümumi baxdıqda ölkə ərazisinə yalnız bir və ya iki yayım şirkəti nəzarət edə bilər. Ərazi və kinoteatr sayının az olması bunu deməyə əsas verir. Ancaq bizim kinoteatrların demək olar ki, hər biri öz yayım şirkətini təsis edib və buna görə film istehsalçılarından əlavə faiz (10 faiz) tələb etməyə başlayıblar. Gəlirin 60 faizi kinoteatrın, 40 faizi isə istehsalçının payına düşür.

“Cinemaplus” və “Park Cinema” kinoteatrlar şəbəkələri arasında başlayan rəqabət tamaşaçıların və film istehsalçılarının ciddi narazılığına səbəb olub. Belə ki, artıq kinoteatrlar film istehsal edən şirkətlər qarşısında şərtlər qoymağa başlayıblar. Ekrana çıxan filmin prodüserləri öz məhsullarını bu balaca ölkədə tamaşaçıya çatdırmaqda çətinlik çəkirlər. Kinoteatrların onların qarşısında qoyduqları şərtə görə ekrana çıxacaq film bir kinoteatr şəbəkəsində göstərilirsə, digərində nümayiş oluna bilməz.

Təsəvvür edin, siz “Park Bulvar”dasınız və dostlardan birinin təriflədiyi filmə baxmaq istəyirsiniz. “Park Cinema”ya yaxınlaşırsınız bilet alasınız, məlum olur ki, o film ancaq “Cinemaplus” kinoteatrlar şəbəkəsinə aid zallarda göstərilir. İndi siz həmin filmə baxmaq üçün “Park Bulvar”dan “28 Mall” və ya “Gənclik Mall” ticarət mərkəzinə getməlisiniz ki, orada həmin filmi izləyəsiniz. Sözsüz ki, bütün tamaşaçılar bu addımı atmır.

Ötənlərdə bir filmin sosial şəbəkə səhifəsində Masallıda yaşayan bir şəxsin etirazının şahidi oldum. Çoxdan gözlədiyi filmi Masallıda kinoteatrda izləyə biləcəyinə ümidi olan həmin şəxsin “Yazırsınız ki, kinoteatrlarda nümayiş olunur, bəs niyə bizim kinoteatrda göstərilmir? Niyə yalan informasiya verirsiniz” suallarına istehsalçı şirkətin nə cavab verəcəyini bilmirəm.

Yəqin ki, fikir vermisiniz, filmlərin afişalarında daha “Bütün kinoteatrlarda” sözünə rast gəlinmir. Bu və digər nümunələr onu göstərir ki, film istehsalçısı bu gedişlə onlarla, yüzlərlə tamaşaçı itirməli olur.

Bir çox kinematoqrafçılar, o cümlədən ekrana çıxan yeni filmlərin prodüserləri bu məqamda dövlət dəstəyini tələb etsə də, düşünürəm ki, beynəlxalq təcrübəyə əsasən bu problemlərin həlli birbaşa ictimai qurumların öhdəsinə düşür. Bu problem bir tərəfdən də kino sahəsindəki birliklərin aktivləşməsini, rejissorların, prodüserlərin birləşdiyi ictimai təşkilatların təsiri ilə həll oluna bilər. Təəəsüf ki, Azərbaycanda kino sahəsindəki ictimai qurumlar barmaqla sayılan qədərdir, onların aktivliyi və bu kimi problemlərə təsiri isə yox dərəcəsindədir.

Bununla belə, bu tip problemlər yaxın zamanlarda film istehsalçılarının bir araya gəlməsinə təkan verəcək.

Bu problemə kənardan baxdıqda elə görünür ki, kinoteatr rəhbərləri sanki rinqə çıxıblar. Amma onların biri- birlərini üstələmək üçün vurduqları zərbə ancaq yerli film istehsalçılarına dəyir və onlar müəyyən sayda tamaşaçı itirirlər.

Bəs kinoteatrların bu “zərbəsinə” yerli film istehsalçıları tab gətirə bilirmi?

Hər şey “Bayram axşamı” ilə başladı

Filmlərin nümayişinin şəbəkələr arasında bölünməsi Murad Dadaşovun prodüseri olduğu “Bayram axşamı” filminin nümayişi ilə başladı: “Filmimi distribyutora təhvil verdim və dedim ki, film artıq sizindir. Onlar da belə qərar verdilər ki, film yalnız öz şəbəkələrində nümayiş olunacaq. Bəli, məsələ məhz bizim filmdən sonra başladı”.

Yaranmış vəziyyətdən hamı kimi narahatlıq keçirən Murad Dadaşov bu zərbənin daha çox kinoteatrlara, dolayı yolla isə hamıya dəydiyini deyir. Onun sözlərinə görə, hər iki kinoteatr şəbəkəsi kommersiya qurumudur və yaranmış vəziyyət onların daxili maraqları əsasında həll olunmalıdır.

O bildirir ki, bu problem distribyutorların öz aralarında olan müqavilə şərtlərinə uyğun addımlar atmamasından qaynaqlanıb:

"Açığını deyim ki, Azərbaycanda heç bir film öz xərcini çıxarmır. Ona görə ki, Bakıda və ölkəmizin iri şəhərlərində kinoteatrların olmasına baxmayaraq, onların sayı yenə də azdır. Filmdən gəlir əldə etmək üçün daha çox kinoteatr olmalı, insanlar filmə daha çox gedib baxmalıdırlar.

Əlbəttə, bu narahatlığı keçirən adamlardan biri də mənəm. İstərdim ki, mənim filmim hər yerdə nümayiş olunsun. Məncə, hamı bunu istəyir. Amma hazırda distribyutorlar arasında yaranmış vəziyyət buna imkan vermir”.

“Belə davam etsə, daha film istehsal etməyəcəyik”

“Oğlan evi 1-2” filmlərinin rejissoru İlham Qasımov kinoteatr şəbəkələri arasındakı anlaşılmaz vəziyyətin Azərbaycan film istehsalçılarına böyük zərbə vurduğunu deyir: “Dünyada film distribyutoru deyilən ciddi bir anlayış var. Film çəkilir və onu distribyutor şirkətləri müxtəlif kinoteatrlara paylayır. Rusiyada Kalininqraddan tutmuş Saxalinə qədər çoxlu sayda kinoteatr var. Türkiyədə 2500 kinoteatr fəaliyyət göstərir. Buna təbii ki, nəzarət edən bir şirkət lazımdır. Türkiyədə distribyutor gəlirin 5 faizini mənimsəyir.

Bizdə iki kinoteatr şəbəkəsi var və filmi o şəbəkəyə daxil olan kinoteatrlara paylamağa 40 dəqiqə vaxt lazımdır. Kinoteatrlar təklif edirlər ki, filmi bizə verin paylayaq, buna görə gəlirdən 10 faiz götürək. Onlar dünya təcrübəsini Azərbaycanda düşünmədən tətbiq edirlər. Gözəl başa düşürük ki, bu, haqsızlıqdır.

İkinci tərəfdən hər iki şəbəkə şərt kəsir: Film ya bizdə, ya da o biri şəbəkədə göstərməlidir. Əlbəttə, onlar bu şərti irəli sürə bilərlər. Çünki azad ticarətdir. Bizi kimi onlar da kommersiya qurumudur. Amma bu vəziyyətlə bağlı suallar da var: Niyə belə olub, səbəbi nədir, nəticəsi nəyə gətirib çıxarır?

Digər tərəfdən, məsələn, “Loqan” əcnəbi filmini hər iki şəbəkə nümayiş etdirir. Bu, ədalətsizlikdir. Niyə xarici film üstündə rəqabət olmur, amma bizim filmlər sıxışdırılır? Bunun məntiqi varmı?

Biz istehsalçıyıq, görəndə ki, şərait var, film çəkirik, şərait yoxdursa, çəkmirik. İndi biz film istehsalına fasilə verməyi düşünürük. Çünki mövcud vəziyyət bizim əleyhimizədir. Kimsə film çəksə də, bu, az büdcəli, keyfiyyətsiz film olacaq. Mənə elə gəlir, məsələ dövlət səviyyəsində həll olunmalıdır”.

“Aralarında məsələni həll etməlidirlər ki...”

“Ay brilliant”, “Axırıncı yol” filmləri ilə müqayisədə “Stalinin başı” “CinemaPlus” şəbəkəsinə daxil olan kinoteatrlarda və Nizami Kino Mərkəzində nümayiş olunur. Sözügedən filmlərin prodüseri İlkin Həsəninin fikrincə, kinoteatrların yaratdığı durumda itirən ilk növbədə film sahibləri, tamaşaçılar, elə kinoteatrların özləridir:

“Hər iki şəbəkə ilə münasibətlərimiz çox yaxşıdır. Sadəcə, iki şəbəkənin arasında tam məlumatım olmayan daxili söhbətlərə görə hazırda belə bir vəziyyət yaranıb. Görünür, hansısa məqamda anlaşa bilməyiblər. Onlar öz aralarında məsələni həll etməlidirlər ki, filmlərimiz bütün Azərbaycan kinoteatrlarında yayımlansın”.

“Gəncədəki tamaşaçının günahı nədir?”

“Hoqqa” filminin baş prodüseri, ssenarist Fariz Əliyev bütün prodüserlərin narazı olduğu bu durumu belə şərh edir: “Bu, Azərbaycanda film sektorunun inkişafına böyük zərbə vurur. Problem kimdən qaynaqlanır, niyə belə oldu, hardan-hara gəldik? Bu, artıq geniş söhbətin mövzusudur. Əsas odur ki, vəziyyətlə heç bir prodüser razı deyil.

Kinoteatrlar kim üçündür? Tamaşaçılar üçün. Nəyə görə tikilir? İnsanların rihafı yüksəlsin, asudə vaxtları səmərəli təşkil olunsun. Gəncə şəhərində yaşayan, “Hoqqa” filminin treylerinə baxıb, onu sevən və o filmə baxmaq istəyən adamın günahı nədir? Mən bunu başa düşə bilmirəm. Xahiş edirəm, gəlib məni başa salsınlar. Yəqin ki, bu hal belə davam etməyəcək”. (teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm