Paşa Qəlbinur: "Tələbəylə eşq macərası yaşamaq heç də ayıb bir şey deyil"
Bizi izləyin

Art

Paşa Qəlbinur: "Tələbəylə eşq macərası yaşamaq heç də ayıb bir şey deyil"

Bu gün tibb elmlər doktoru, professor, Əməkdar elm xadimi, Əməkdar həkim, oftomoloq və şair Paşa Qəlbinurun ad günüdür.

Bu gün tibb elmlər doktoru, professor, Əməkdar elm xadimi, Əməkdar həkim, oftomoloq və şair Paşa Qəlbinurun ad günüdür. Onunla blaca bi müsahibə etdik. Buyurun, oxuyun və özünüz həkim-şairə qiymət verin:

- “Mən sizə gələcəm…” Tanımadığınız xanım sizi evinə dəvət etsə, qəbul edərsiniz?

- Bilirsiniz, "mən sizə gələcəm" çoxdan tanıdığım, sevdiyim insana deyilib. Bunu tanımadığım adama deməmişəm. Belə biri məni evinə dəvət etsə, bunu çox pis qarşılayaram. Yox, tanıdığım adam desə və bu mənim ürəyimdən olsa, hə, bax onda xoş olar.

- Tanımadığınız adamın təklifini niyə pis qarşılayarsınız ki, Paşa müəllim?

- Bu qarışıq dünyada o qədər neqativ işlər var ki... Bax o neqativlər gözümün önündə sərgilənər və yaxşıdan çox pis şey haqqında düşünərəm. Bu da heç xoşuma gəlməz. Amma tanıdığım adam deyəndə onun bütün tanıdıgım varlığı gəlir gözümün qabağına. Belə olanda əksər hallarda müsbət xatirələr canlanır və bu mənə xoş gəlir.

- Deyir, ulduzlar göydə olur. Amma bir ulduz sizin evdə var. Ona kitab həsr etmisiniz. Ananıza olan sevgini kimsə qısqanmır ki?

- Anam iki ildir yoxdur heyatda. Mənə elə gəlir ki, çox-çox gənclik vaxtlarımızda anamla yoldaşım arasında bu qısqanclıq bəlkə də olub. Amma açığı buna da inanmıram. Desəm, mütləq olub, yalan olar. Amma son 10 ildə o hiss qətiyyən yox idi.

- Qısqanclıq nədən irəli gəlir sizcə?

- İnsanlar qısqanc doğulurlar bəzən.Yaşadıqca, müdriklik artdıqca, bu hiss azalır. Bu da təbii haldır, küləkdən daldalanmaq, soyuqdan qorunmaq, oddan qorxmaq kimi… Bax belə... Kimdəsə çoxdur, kimdəsə azdır, kimdəsə potolojidir, kimdəsə normaldır.

- Paşa müəllim, həmişə göy pencək geyinirsiniz. Bu ağ xalatdan bezməyinizlə bağlı deyil ki?

- Yox, ağ xalatdan bezməmişəm, ancaq mavi dənizin, göylərin rəngidir. "Səmavi rəng" deyirlər ona. Mən onu sevirəm.

- Anladım ki, bezməmisiniz, bəs nə vaxt bezəcəksiniz?

- Yəqin ömrüm boyu bezməyəcəm. Çünki mən bu sənəti sevmişəm. Məcnun Leylini sevən kimi. Vurulmuşam bu sənətə. Onun cazibəsində varam. Mənə elə gəlir ki, bu sənətdə ömrüm yetdiyi qədər olacam, hərçənd ki, bu sənətin də çox çətinlikləri - atgetməz-ünyetmez yerleri var. Sevdiyim üçün bütün əyər-əskiklərə göz yumuram. Hətta deyirlər ki, sevginin gözü kor olar.

- Şairliyə peşə kimi baxırsınız, yoxsa?..

- Şairliyə əsla peşə kimi baxmıram. Şairlik taledir. Bu mənim taleyimdir. Poeziya məni tapıb, məni seçib. Mən də ona çox hörmətlə, məhəbbətlə, fəxarətlə yanaşıram. Qarşılıqlıdı mənim poeziyaya olan vurğunluğum.

- Sadəcə şair olsaydınız, iş otağınızın divarından hansı şəkilləri asardınız?

- Bir anamın şəkili olardı, bir dənizin, bir də Əli Kərimin.

- Hansısa tələbənizlə eşq macəranız olub?

- Tələbəylə eşq macərası yaşamaq heç də ayıb bir şey deyil. Qəbahət olsaydı, Şəhriyarın ilham pərisi tələbəsi olmazdı. Ancaq mənim tələbəmlə eşq macəram olmayıb. Bir sözlə sevdiyim tələbə olmayıb. Düzdür, sevdiyim qadınlar olub, amma heç biri tələbəm deyildi.

- Deyirsiniz qəlbiniz nurludu. Bəs qaranı niyə bu qədər sevirsiniz?

- Rənglər xromatik və axromatik olur. Görməyənlər dünyanı boz görürlər. Korluğun rəngi boz rəngdir. Qara isə bizim inanclarımızda mübarək rəngdir.

- İnanclardan danışsaq, qara kədərin də rəngidir. Bəlkə, siz kədəri çox sevirsiniz?

- Xeyr, kədərin rəngi qara deyil. Əslində kədərin rəngi elə allı-güllü, bəzəkli rənglərdi. Mən onu yazmışam da. Məsələn, bir insan öz doğmasını itiribsə, bu kədərin zirvəsi deyil, zirvəyə gedən yoldur. Qəhqəhə çəkib gülürsə, kədərin zirvəsi bax, odur, dəlilikdir. "İblis" əsərində bir yer var: "ağlamaq istərik, bən həp gülərəm”, kədərin zirvəsi budur. İraq olsun, cavan adam rəhmətə gedəndə üstünə qırmızı rəngli parça salarlar. Kədərin zirvəsi qırmızı rəngdir, qara deyil. Qara rəng mənim üçün eşq rəngidir, məhəbbət rəngidir.

- Deməli, siz nuru rəngdə görmürsünüz. Səddam Hüseyni asanda ən çox nəyə heyfiniz gəldi?

- Səddam Hüseyn oturub çörək yediyim adam olub. Deyib-gülüb, maraqlı söhbətlər edib, şənlənən günlərimiz olub. O asılanda çox mütəəssir oldum. Çünki onun böyüklüyü balacalaşdı. Məsələn, bizim nifrət etdiyimiz Hitler özünü öldürdü. Kimlərsə intihar elədi. Kaş o da özünü vuraydı, gücsüz olmayaydı. Ağzına işıq saldılar, boynuna ip saldılar, alçaltdılar. Mən onu güclü kişi kimi tanıyırdım. Hərçənd, onun səhv və düzgün tərəfləri var idi. Mən Səddamı nə tərifləyirəm, nə də inkar edirəm. Böyük bir dövlətin mənafeyini boynuna alan insanın əsir düşməsi, edam olunması biabrçılıqdı.

- Ruh halınız tez-tez dəyişir?

- Bu insanlara olan reaksiyadan, rast gəldiyin insanın sənin könlüncə olub-olmamağından, havadan, telefonda verilən xoş və ya bəd xəbərdən və sairdən asılıdır.

- Olub ki, hansısa əməliyyatdan sonra oturub ancaq şeir yazmaq istəmisiniz?

- Olub… əməliyyatdan sonra da olub, təyyarədə uçandan sonra da, iclasdan sonra da…

- Həyatda paşa ola bildiniz?

- Dünyada hər bir sualın həm "hə", həm "yox" cavabı var. "Hə" deyəndə də düzdür, "yox" deyəndə də. Bu suala da mən bu cür cavab verirəm: həm hə, həm də yox.

- Nə zaman "hə", nə zaman "yox" hiss etmisiniz?

- O zaman "hə" ki, insanların əksəriyyəti mənə qarşı məhəbbətini, mənə olan saf münasibətlərini göstəriblər, məni mənim kimi başa düşüblər. Amma məni qanmaq istəməyən, məni görmək istəməyəndə "yox".

- Yenidən evlənmək istəsəydiniz, hansı rəngdə gözü olan qızı bəyənərdiniz?

- Bilirsiniz, kiminsə gözü bu rəngdədir deyə sevib, evlənmərəm. Belə şeylərə münasibətim çox qəribədir. Hətta danışmayan insanı belə sevə bilmərəm, gərək o insan danışsın. Onun ruhu, ürəyi üzündə cilvələnsin. Mən sevdiyim tərəfmüqabili ki, var, onun yalnız rəngə və görünüşə görə yox, həm də ağlına görə sevirəm. Bunu televizyada da demişəm: gözəl olmaq üçün çoxlu kitab oxumaq lazımdır. Danışanda görürəm ki, adamın mütaliəsi azdır, dərhal gözümdən düşür.

- “Of” dedim. Siz necə, “ah” dediniz?

Paşa müəllim bu suala güldü, güldü, güldü... və sonda "bəli" dedi.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm