Havaya sovurulan MİLYONLAR: “Bandit”lərə və seksual oyunlara xərclənən astronomik pullar - - FOTO/VİDEO
Bizi izləyin

Art

Havaya sovurulan MİLYONLAR: “Bandit”lərə və seksual oyunlara xərclənən astronomik pullar - - FOTO/VİDEO

Onu ifrat seksual oyunlar səngidir.

“Farsa” (forsale? sözündən əmələ gəlib) serialı olduqca dinamik, bir qədər əyləncəli və kinomatoqrafik baxımdan cəsarətli çəkilib. Serialda 60-cı illərin Sovet gerçəkliyi bütün detalları ilə və miqyaslı şəkildə təqdim olunur. Pul islahatı zarafatı ilə başlanan serial izləyicinin düşüncələrində ümumi ab-havanı yaradır. İlk ərəfədə serialda “göyə uçuruq, amma mağazalar boşdur” süarı diqqəti cəlb edir. 30-cu illərin güllənmələrinin xatırlanması, yaxşı yaşamaq hissinin çox qabardılması hiperbolik primitivizmə yol açır. Amma Lyubyankadan uzanan əllərin ədəbiyyatı boğduğu kimi gəncləri də sadəcə yaşamaq istədikləri üçün sıxması realistik çalarla verilib.

Serialın bəzi detallarındakı səhvləri nəzərə almasaq (söhbət məhsulların buraxılış ili və s. gedir), təsvirlər 3D-nin köməyi ilə ustalıqla çatdırılır. Filmin müəllifləri, xüsusən Aleksandr Sekalo altmışların açıq vurğunudur. Biz bunu filmdə olan rəngarəng texnika və bəzəklərdən görürük.

Film valyutaçı Rokotovun həbsi ilə başlanır. O, 1961-ci ildə ortaq iş gördüyü şəxslərlə birgə güllələnir. Amma tanınmış aktyor Yevgeni Sıqanovu beş dəqiqə ekranda göstərməklə filmə çəki gətirmək cəhdi uğursuz alınır. Elə süjetin başlanğıcını da “Roqotovun işi” ilə bağlamaq istəyi lazımi effekt vermədi.

“Farsa” filminin qəhrəmanları 60-cı illərin dəbdə olan cinayətlərini törədirlər. Paltar, valyuta alveri edirlər, rentgen plyonkası üzərində mahnılar yazırlar, xaricilərə ikona satırlar. Bu, fərqli yaşamaq istəyən gənclərin zarafatdan gerçəyə çevrilən riskli oyunu haqqında novelladır: Hər şey yaxşı başlayır, amma kədərli bitir.

60-cı illər təkcə təqvim tarixi deyil, dəyişmələr, yeniliklər dönəmi idi. Kapitalizmlə mübarizə zəminində onun dəyərlərinə heyranlıq dönəmi idi. Ağır təzyiqlər artmışdı, bir az hava dəyişmişdi, gərginlik azalmışdı, bir-birinə olan inamsızlıq aradan qalxmışdı.

Təqvim 1961-ci ili göstərir. Sovet İttifaqı kosmosa ilk insan göndərib, lakin kommunizmi qura bilməyib. Mağazalarda boş rəflər, eyni paltar, eyni musiqi, eyni insanlar... Müasir dövrün qəhrəmanları - müharibədə uşaqların qalibləri - hiyləgər düşmənlər radioya qulaq asırlar və bir neçə “Levis” cinsinə görə vətənini satmağa hazırdırlar.

Yenə sovet nostaljisi

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Radiolarda Qaqarinin qəhrəmanlığından danışıb, sözardı Rokotovun xalqın tələbi ilə güllələnməsini qeyd edirlər. Filmin qəhrəmanı və bütün serialın mənəvi narahatlıq mənbəyi Andrey (Aleksandr Petrov) Moskvaya böyük sosialist tikintisindən qayıdır. Rojdestvenski və Yevtuşenkonun şeirlərindən ilhamlanan gənc, yazıçı olmaq istəyir. Amma o, daxili maneələri aşıb müasirləri kimi sərbəst yaza bilmir. Bir kişi kimi o, iki (bəzən üç) qadın arasında seçim edir. Sovet vətəndaşı kimi parlaq gələcək arzuları yükü altında əzab çəkir. Amma bir dost kimi fərqlidir və borclarını ödəməklə həyatını davam edir.

Andreyin bir yerdə böyüdüyü dörd məhəllə dostu - Zinan (Taisiya Vilkova), qardaşı dəbsevər, farmazon Boris (Filipp Qorençteyn), kimsəsiz, əlləri qızıl olan Sanyok (Maksim Yemilyanov) və hakimin oğlu, vəkil olmaq istəyən Kostıl (Aleksey Veselkin). Andrey Moskvadan bir neçə kilometr aralıda fəhlə qəsəbəsi tikən vaxtlarda onun dostları “farsa”ya qoşulurlar. 30 manata iki cins alıb 60 manata satmaq istəyirlər. İlk kapitalı toplayan Kostıl qumara qoşulur və uduzaraq banditlərə astronomik məbləğdə borclu qalır. Bundan xəbər tutan Andrey dərhal dostunun xilasına qoşulur - kapitalist oyunu olan “farsa”ya.

Nostalji avantürist dram olan “Farsa”da böyük xərclər o dövrün Moskvasını canlandırmağa yönəlib. Günəşli, şirin görünüşlü Moskva. Amma bu şirinliyi ifrat seksual oyunlar səngidir. Açığı bu səhnələr ikrah yaradıcı tərzdə alınıb.

“Farsa” tamaşaçını ekran qarşısında saxlaya bilir. Gözəl yazılmış və səliqə ilə ifa olunmuş əhvalatdır. Kinoda, Kosmos uğurları ilə birlikdə ABŞ-la vəziyyətin pisləşməsi də yer alıb. Filmdə dövlətin strukturu sxematik və gülünc verilsə də dəqiq və vahiməli təqdim olunur. Bütün rus filmlərində olduğu kimi qabartmadan, sözarası filmin əsas dramı təqdim edilir. Əks qəhrəman sistem və dövlətdir. Bu filmdə nümayişkaranə aparılan siyasi proseslər, dövlət idarəçiliyi ilə sarmaşıq kimi bağlanmış mütəşəkkil cinayətkarlıq, məhkəmə sisteminin fars janrı, yad fikirlə mübarizə təsvir olunur. Vətəndaşa qarşı olan dövlət də həmçinin. Partiyanın biabırçı hakimliyi azad olmaq istəyən gənclərin əksinə çıxan əsas dramaturji antiqəhrəmandır. Qısası, sistemlə mübarizə filmin ideyasını təşkil edir.

Olduqca rəngarəng, zövqlə çəkilmiş, parlaq səhnələri olan televiziya filmi sözün əsl mənasında göz oxşayır. Ustalıqla yerinə yetirilən rejissor və operator işini xüsusi ilə qeyd etməliyik. Hər halda dövrünü əks etdirən uğurlu iş hesab oluna bilər.

“Pullar”

Olduqca maraqlı süjeti ilə yadda qalan və sovet rejiminin mahiyyətini ifşa etməklə bərəbər xoşbəxt yaşamaq da olarmış fikrini təlqin edən “Pullar” serialı birmənalı qarşılanmadı. Serialın dinamikliyi, ifaçı həyatının maraqlı oyunu və baş qəhrəmanın inandırıcı ifası dərhal müzakirələrə yol açdı. Ekranda yenə SSRİ dönəmi və yenə bu “həbsxana”da yaşamaq istəyən insanın rejimlə toqquşması dramın mahiyyətini təşkil edir.

Gənc, uğura imza atan ixtirası ilə önə çıxan tələbə, Pasternakın “Doktor Jivaqo” əsərini məhz özünün ixtira etdiyi sürətçıxarma maşınında kopiyaladığı üçün DTK-nın dəmir əli onu əzir. Onu hər şeydən məhrum edib ucqar şəhərə sürücü işləməyə yollayırlar. Bununla da qəhrəman Barannikovun rejim ilə gizli savaşı başlayır. Yenə 60-cı illər və Pasternak. Sanki Pasternak kabus kimi filmin hər serialında gənclərə bədbəxtlik gətirən simvol kimi təqdim olunur. O dönəmi əhatə edən seriallarda Pasternak kabusu, qəribə bədii cizgi - Hamletin atasının ruhu kimi peyda olur və qəhrəmanların taleyini dəyişir.

Olduqca dinamik və maraqlı süjetin 8 seriyada təqdimatı cəlbedici görünür. Rahatlıqla bu əhvalatı 16 seriya da etmək olardı. Real hadisələr üzərində qurulan bu dramın ömrü uzun ola bilərdi, amma rejissor 8 seriyada hər şeyi deməyə çalışdı.

Barannikova olan sevgisinə görə böyük şəhəri atıb onunla ucqara gedən Lyuda kasıb və nimdaş həyatı seçir. Lampa zavodunda fəhlə kimi işləməyə başlayır. Uğursuzluq, kasıb həyat Barannikovun içində böyük üsyan hazırlayır, o, rejimə qarşı çıxmaq üçün təkbaşına edə biləcəyini edir. Sürətçıxarma maşınını mükəmməl hala gətirir. Buna on il sərf edib saxta 25 rublluqlar çap etməyə başlayır. Onun uğursuzluğundan və kasıblıqdan bezən Lyudaya ixtirası qəbul olundu və buna görə mükafat verildi yalanını uydurur. Bir anın içində onların bütün həyatları dəyişir. Əslində Barannikov varlı olmaq istəmirdi, dövlətin tədavülə buraxdığı əsginasdan daha mükəmməl əsginas düzəltməsi ilə özünü təsdiq etməyə çalışırdı və bunu bacarırdı. Lyuda isə əksinə, neçə illik kasıb həyatından xilas olub var-dövlətə qovuşmaq arzusunda idi. Elə bununla ideoloji mübarizə aparan qəhrəmanın məişətə uduzması baş verir, onu ələ verən də bu olur.

“Pullar” serialı real hadisələr əsasında çəkilib. Durğunluq illərində Baranov adlı saxta pul kəsən adam olub. Maraqlısı odur ki, saxta pullar əsildən daha keyfiyyətli alınırdı. Hətta Qosznakın əməkdaşları bu peşəkarlığa heyran qalırdılar. O, balaca komada böyük fabrikin işini daha keyfiyyətlə edirdi. Həmin dövrdə Stavropolda sürücü işləyən Baranov Mixail Qorbaçovun sürücüsü olub.

Serialda məhəbbət xətti də keçir. Xeyirxah, mehriban Lyuda pulun gücü ilə dəyişib cinayətkara, əyyaşa çevrilir. Müəlliflər bu sistemdə varlı olmağın belə təhlükəli olduğunu önə çıxarırlar. Varlı həyatını yalnız birincilər yaşaya bilər, ya da onlara rüşvət verib qorxu ilə ömür sürən zümrə. Qalanları isə kasıb kimi boş mağaza piştaxtalarına baxmalı və tualet kağızı alanda xoşbəxt olmalı idi.

Müəlliflər Barannikovun üzərinə sistemə qarşı savaş missiyası qoyurlar. Hətta o, sonda elmi konfrans keçirib ixtirasını elan edir. Amma rolun ifaçısı Feodor Lavrov qoyulan məqsədin icrasına nail olmur. O, iddiasız və dəyişməyən davranışı ilə sıradan bir canidən o tərəfə gedə bilmir. Müəlliflərin sosial mesajını izləyiciyə çatdıra bilmir.

Yenidən Sovet tematikası ekrana çıxmaqla dönəmin nostaljisini yaşadır, sətiraltı "oğurlamasaydılar", bu ideal görünən cəmiyyət quruluş yaşayardı fikri manipuliativ yolla təlqin olunur. SSRİ-də qayıdış baş verir, amma sistemin mənfilikləri də önə çəkilir.

“Ərimə”

Film əslində Stalin rejimindən sonra Xruşşovun gətirdiyi “Ərimə”dən bəhs etmir, 60-cı illərdə azadlıq qazanan sovet bogemasının şəxsi həyatı haqqındadır. Bu dönəm çox qısa çəkdi. Hələ qarşıda “Durğunluq” dövrünün buzlaşması var idi.

“Ərimə” tam serial üslubunda deyil. Filmin sujeti 12 seriya olsa da, aktyor oyunu, xarakterlərinquruluşu, kadr sıxlığı, bir-biri ilə bağlı dialoqlara görə heç də əsl kinodan geri qalmır.

Filmdə azad insanlar və öz həyasız, başıboş rəhbərliyinə baş əyən, partiyanın xəttinə nifrət olsa da səliqəli xidmət edən, yaşamaq istəyən insanlar göstərilir. Amma onlar da sağ qalmaq üçün günahsız yoldaşlarını satmağa məcburdular. Burada da antiqəhrəman kimi sistem çıxış edir.

Filmdə sevgi xətti qısa olsa da çiçək açır, o cümlədən kriminal hadisələrə də yer verilib. Artıq ilk iki serialda divarlarda iki tüfəngin asıldığı təsvir olunur. Klassik dram qanunlarına görə bu tüfənglər atmaya bilməz. Süjet 60-cıların ərimə arzularını darmadağın edir.

Bir çox tamaşaçılar belə cəlbedici başlığa aldandılar. Onlar ekranda sovet ideologiyasının stalinizmdən sonrakı dönəminin tufanını görmək istəyirdilər. Əvəzində həmin insanlara 60-cı illərə aid çəkiliş qrupunun şəxsi əhvalatını göstərdilər. Rejimlə kompromisə gedərək öz istədiklərini həyata keçirmək üçün məhəbbət haqqında sovet nağılı çəkməyə başlayırlar. Bu əhvalat, iddiasız, plansız, dissidentlikdən uzaq öz arzularını reallaşdırmaq istəyən rejimin tərbiyə etdiyi nəsildir. Beləliklə “Ərimə” nağılı böyüklər üçün heyranedici əhvalata çevrildi.

Əgər onun quruluşunu araşdırmağa cəhd etsək, çoxseriyalı filmdə, “Zoluşka” (bu, Anna Çipovskayanın oynadığı Maryanadır), “Ruslan və Lyudmila” və “Qozbel at” izlərini tapmaq olar ki, Ruslan və ya İvanuşka eyni müvəffəqiyyətlə operator Viktor Xrustalyov (Yevgeni Sıqanov) və rejissor-stajor Yeqor Мyaçin (Aleksandr Yasenko) tərəfindən çəkilə bilər. Təlxək obrazlarına rejissor Krivitskiy (Mixail Yefremov) və xalq artisti Budnik (Pavel Derevyanko), əzazil müstəntiq Tsaninə(Vasili Mişenko) isə Koşşeyuyğun gələr.

Filmdə 60-cı illərin ab-havası tam dəqiqliyi ilə yaradılıb amma ərimədən uzaq. İddiasız insanların belə rejim tərəfindən sıxılması əsas xətt kimi verilir. Sən siyasətlə məşğul olmaya bilərsən, o özü səninlə məşğul olacaq. Gizlicə düşmən radiosuna qulaq asmayıb, “Doktor Jivaqo”nu oxumaya bilərsən, amma rejim sənin istedadından qorxub bir adla - bu dəfə müharibədən qaçan fərari damğası ilə səni arzularından uzaqlara atacaq. Bu fikrin təzhürü mənasında film çox səmimi alınıb.

Elçin ƏLİBƏYLİ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm