Direktorun məmurlarla rüşvət bazarlığı, mənimsənilən milyonlar və AĞLASIĞMAZ HƏYAT - - FOTO/VİDEO
Bizi izləyin

Art

Direktorun məmurlarla rüşvət bazarlığı, mənimsənilən milyonlar və AĞLASIĞMAZ HƏYAT - - FOTO/VİDEO

Milyonlara sahib olub, yağ-bal içində yaşayır, amma...

1980-ci illərin əvvəli, Brejnev həyatının sonuncu yayı. Andropov hakimiyyət uğrunda mübarizə aparır. Bu mübarizə son həddə çatıb, o, baş katib kreslosunu əldə etmək məqsədilə bütün qüvvəsini əsas rəqiblərini məhv etməyə yönəldir və bu mübarizədə əlinə hədəf kimi “Yeliseyev qastronomu” keçir. Yeliseyev qastronomunun direktoru müharibədən keçmiş, qəhrəman bir adamdır, amma o, qanunsuz valyuta əməliyyatları aparır, irimiqyaslı rüşvətlərin hesabına mağazasını bol saxlayır. Həmin dövrdə SSRİ-nin mağazalarının boş olduğu bir vaxtda onun mağazasında hər cür delikateslər tapılır və bu delikateslər yuxarı təbəqələr üçün nəzərdə tutulub. Yəni sovet hakimiyyətinin elitası, hərbi elita, elm və mədəniyyət xadimlərinin süfrələrini bəzəyən bütün delikateslər bu mağazadan alınırdı. “Qastronom № 1” adlanan serialın əsas məzmunu həmin bu direktorun faciəvi həyatından bəhs edir.

Qəhrəman Georgi Berkutovun prototipi olaraq mağazanın real direktoru Yuri Sokolovdur. Həqiqətən də, Yuri Sokolov adlı bir şəxs olub və prototip kimi serialda bu “Berkutov” adlanır. “Moskva qastronom № 1” SSRİ-nin alış-veriş səhralığının oazisi adlandırılırdı. Müntəzəm olaraq partiya rəhbərliyi seçmə delikateslərlə təmin edilirdi, həmçinin ölkənin incəsənət, elm və hərbi elitası buradan alver edirdi. Bura həqiqətən də cənnət idi, ona görə də Andropov buranı hədəf seçdi. İstintaq zamanı qastronom direktorunun əlindən iri rüşvətlər keçdiyi, həmin rüşvətləri ölkənin güclü iş adamları ilə böldüyü və hakimiyyətdəki yüksək vəzifəli insanlara rüşvət verdiyi məlum olur. Həmin məhkəmə çox hay-küylə keçdi. Rusiya Federasiyasının (RSFSR) Ali Məhkəməsinin qərarına əsasən məhkəmə qapalı keçirildi və 1984-cü ilin 11 noyabrında Sokolov ən yüksək cəzaya, var-dövləti müsadirə olunmaqla güllələnməyə məhkum edildi. Serialın çəkilişində də biz bu hadisələri görürük. Yəni Sokolov obrazının prototipi olaraq Berkutovu və onun güllələnməyə qədər olan dövrünü, onun fəaliyyətini, rüşvət verməyini görürük. Bütün bu mənzərə göz önündə canlanır.

Qeyd etmək lazımdır ki, serialın çəkilişinə görə qastronomun alış-veriş zalı xüsusi dekorasiyalarla tikilib. Bu, çox məşhur bir mağazadır, həmin bu mağazanı biz müxtəlif seriallarda da izləmişik, amma ən real səhnələr elə məhz bu serialda çəkilib.

Serialın 1-ci seriyasında 1980-ci il total qıtlıq zamanı, “Berezka” mağazasının direktoru Anilin artıq həbs olunub. Yeliseyev qastronomunun direktoru Berkutov heç xəyalına belə gətirmir ki, onun başının üstünü buludlar alıb. Onun müavini Vera Anilovanın yanına DTK-nın işçisi mayor Skaçko gəlir. Təzyiq altında qalmış qadın ona valyuta şəklində iri bir məbləğ verir və iddia edir ki, bu məbləğ onun ərinə aiddir və iş yerində seyfdə gizlədib. Anilovanı artıq həbs edirlər. Andropovun göstərişi ilə korrupsiyaya qarşı böyük bir mübarizə aksiyası hazırlanır. Yeliseyev qastronomunun direktoru Berkutov elə adi bir fiqurdur ki, məhz bu rola çox yarıyır, çünki rüşvət mexanizmin düz mərkəzində dayanır.

2-ci seriyada biz görürük ki, köhnə cinayət işindən Skaçko öyrənir ki, 1959-cu ildə Georgi Berkutov altı aylıq həbs cəzası çəkib. Skaçkonun arvadı Maşa ad günündə ərinin ona göstərdiyi diqqətsizliyə görə tələbəsi Antonun yaxınlıq istəyini qəbul edir. Berkutov təsadüfən birinci arvadı Yevanı görür və onların bir oğlu olduğunu öyrənir. Moskva Şəhər Komitəsinin 1-ci katibi Qrişin anlayır ki, siyası oyunlarda tovlanan Berkutovu nələr gözləyir. O, Brejnevin söhbətində Yeliseyev direktorunu müdafiə etməyə çalışır. General Kultakov Skaçkoya təzyiq göstərir və tələb edir ki, Anilindən Berkutov üçün bir dəlil çıxarılsın. Artıq aydındır ki, məsələyə yuxarı elita qarışıb və Qrişin çox cəhd edir ki, Brejnevi öz tərəfinə çəksin, amma artıq gecdir, Brejnev çox qocalıb, demək olar ki, ölkəni idarə etmir, faktiki idarəçilik Andropovun əlindədir.

Şirşov Antona DTK işçisi kimi öz sənədini təqdim edir və onu qadağan olunmuş bədii kitabların saxlanılmasına görə həbslə qorxudur. Anton anasının pulları ilə duruya çıxmağı bacarır, Anilina isə başlayır ifadə verməyə ki, hesaba alınmamış ərzaqların artıqları necə yaranır. Skaçko qadına bildirir ki, onu azadlığa buraxmayacaqlar, Bokovla birlikdə əldə edilmiş informasiyanı analiz edirlər və gələcəkdəki operativ iş üçün plan qururlar. İstintaq gedişatında partiya işçilərinin məlumatlarına əsasən belə bir nəticə əldə etmək olur ki, DTK əməkdaşları arasında xəbər daşıyan var. Berkutov birinci nikahdan olan oğlu Kostya ilə görüşür. Burada Berkutov əslində bir ailə faciəsi də yaşayır.

Məlum olur ki, Berkutov müxtəlif zavodlara, ət kombinatlarına, süd kombinatlarına xüsusi rüşvətlər verir və həmin rüşvətlərin hesabına daha çox miqdarda pay alır. Yəni mağazaya normadan artıq ərzaq məhsulu daxil olur. Andropovun Brejnevlə valyuta oyunları haqqında danışığından sonra Kultakov əmr alır. Skaçkoya öz həyat yoldaşı ilə Anton arasında olan münasibətdən danışılır. Antonu “Doktor Jıvavo”nu oxuduğuna görə həbsə almağa qərar verirlər. Arminin cinayətinə görə Berkutovu nəzarət altına alırlar. Georgi artıq başa düşür ki, növbədə odur. Beləliklə, Berkutov hədəfə keçdi. Skaçko Kostromaya gəlir, mehmanxanada Zoya ilə tanış olur. Andropov tələb edir ki, korrupsioner barəsində güclü sübutlar əldə etsinlər və onlar Yeliseyev direktorunun otağına dinləmə cihazları quraşdırırlar. Anton istintaqla əməkdaşlıq etməyə başlayır. Filialların rəhbərləri həmin vaxt Berkutovun yanına gəlirlər və operativ işçilər otağa yerləşdirdiyi cihaz vasitəsilə onların danışıqlarını dinləyirlər. Skaçko Zoyaya Kostromaya nə üçün gəldiyi və öz səfərinin həqiqi hədəfi haqqında danışmağa başlayır. Şırşov Antona rüşvət üçün alınmış avtomobili verir və operativ işçilər bunu müşahidə edirlər.

Necə ki, Betkutovun öz kabinetində seyfdən çıxardığı pulu zərflərə yığdığını müşahidə etmişdilər. Zoya Georginin çıxıb getməsini tələb edir, elə bu zaman mağazaya Bokov və Şirşov daxil olurlar və Berkutova qandal taxırlar. Onlar saxlanılmış şəxsin otağını gözdən keçirən zaman oradan 18500 rubl pul aşkar edirlər. Starşinovla söhbətdən sonra Lida başa düşür ki, o, onun ərinə kömək etməyəcək. Skaçko, Berkutovun dindirilməsində, ondan pulları niyə zərfə qoyduğunu izah etməsini tələb edir. Georgi təkid edir ki, bu, onun şəxsi vəsaitidir. O bunu soyğunçuluq ehtimalına qarşı tədbir olaraq edib ki, oğrular bütün məbləği apara bilməsinlər. Skaçko Lidadan xahiş edir ki, ərini yola gətirsin, o həqiqəti söyləsin. General Kultakov Georgiyə Şelokovun intihar xəbərini verir. Bu o deməkdir ki, artıq Berkutovun nüfuzlu müdafiəçiləri qalmadı. Beləliklə artıq Berkutovun sonu çatır. Niyə məhz Şelokov?! Şelokov SSRİ Daxili İşlər Nazirliyinə rəhbərlik edən və Andropova qarşı çıxan bir adam idi, lakin artıq 1984-cü ildir, Brejnev və Andropov vəfat edib, hakimiyyətdə Çernenkodur. Amma cinayət işi başlayıb, proses gedir və Şelokov da artıq intihar edib. Beləlikdə Berkutovdan imtina etmək, ona son qoymaq lazımdır. Onun karyerası artıq bitməlidir. Ona görə də, ən son həddi seçirlər, bütün mülkü müsadirə olunmaqla güllələnir.

Sovet dövründə deyirdilər ki, orada söhbət çox böyük milyonlardan gedir, lakin məhkəmə zamanı məlum olur ki, cəmi 40 min rubl mənimsənilib, bu təbii ki, inandırıcı deyildi. Çünki 40 min o dövrə görə belə bir nüfuzlu adam üçün çox kiçik bir məbləğ idi. Serialı ümumilikdə baxmaq lazımdır, ona görə ki, aktyor seçimi çox uğurludur. Aktyorlar öz rollarının öhdəsindən uğurla gəliblər. Rejissor işi olduqca mükəmməldir. İstər kadrlar, istər həmin dövrün 80-ci illərin əvvəlinin mənzərəsinin yaradılması və anturaj çox maraqlıdır. Makovetskinin ifasında biz Berkutovun möhtəşəm obrazını görürük. Makovetski çox böyük aktyordur. Onun çox yaddaqalan obrazları var. Elə Berkutov da yaddaqalan obrazlardan biridir. Obrazlar aydın şəkildə tamaşaçılara çatdırılır. Tanınmış və tamaşaçılar tərəfindən sevilən aktyorların ifası dərhal nəzərə çarpır. Təbii ki, gözdən qaçan bəzi məqamlar oldu, amma ümumilikdə serial uğurlu alınıb.

Serialın sosial mesajı nədir?! Serialın sosial mesajında əsas götürülən hədəf budur ki, sovet dövründə iş bacaran, işi quran insanlara qarşı haqsızlıq törədilirdi. Əslində Berkutov kimdir?! O, anlayır ki, insanlara ərzaq lazımdır, insanlar evinə ərzaq aparmaq istəyir. Mağazalarla zavodlar düzgün işləmirlər, işi düzgün qurmurlar, Berkutov isə işi düzgün qurub, lakin onu qeyri-qanuni, rüşvət yolu ilə edir. Ancaq yenə də bu işi qurub və insanlar öz pulları ilə gəlib istənilən ərzağı alıb evlərinə apara bilirlər. Yəni əslində sovet dövrünün dağılmasının əsas səbəbi elə iqtisadi məsələlər idi. İlkin vaxtlarda sovet dövrü qurulanda “NEP” adlanan “Yeni iqtisadi plan” quruluşu var idi, hansını ki, Stalin darmadağın elədi və kollektiv idarəçiliyi gətirdi. Kollektiv idarəçilik də özünü doğrultmadı. Xüsusən də, 80-ci illərdə mağazalar bomboş idi.

Bəlkə də kommersiya, kooperasiyaya keçilsəydi, hansı ki, bunu Çin etdi, sovet ittifaqı bir dövlət olaraq dağılmazdı. Lakin həmin dövrdə bax bu cür insanların ağlından, onların marketinq qabiliyyətindən istifadə etmək əvəzinə, onlara cəzaların verilməsi sovet hakimiyyətinin daha bir nöqsanı idi. Həmin dövrdə ümumiyyətlə, kampaniya başladı və onlara “Farsovşik”, “Sexavşik” adları qoyaraq, həbs edərək cəzalandırırdılar, halbuki, onlar məhz gizli iqtisadiyyat yaratmışdılar və sovet insanlarını geyimlə, qida ilə təmin edirdilər. Əgər onlar olmasaydı, həqiqətən də, boş mağazalar insanları daha çox üsyana çağırardı. Əslində Berkutov bir faciə yaşayır. O, böyük bir oyunun sadəcə kiçik bir oyunçusudur, amma o böyük oyunçuların hamısı oyundan çıxır və nəticə etibarilə biz Berkutovun cəzalandığını görürük.

Ümumilikdə, serial çox uğurlu və baxımlıdır. 8 seriya olmasına baxmayaraq əsl televiziya filmi formatındadır və məsləhət görürəm bu filmə baxasınız. Burada detektiv də var, burada həyəcanlı, maraqlı məqamlar da var, təbii ki, lirik məqamlar da gözə çarpır, siyasi intriqalar, siyasi oyunlar və ən çox da siyasi oyunbazlıqlar sizin gözünüzün qarşısında canlanacaq. Ən əsası odur ki, sovet dövrünü yada salacaqsınız, xüsusən də, 80-ci illər yadınıza düşəcək. Kim Moskvada o mağazada olubsa, ümumiyyətlə, onun üçün bu serial çox maraqlı olacaq. Uğurlu baxışlar arzu edirəm.

Elçin Əlibəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm