Deputatın atasını ittiham edən şairə professordan SƏRT CAVAB
Bizi izləyin

Art

Deputatın atasını ittiham edən şairə professordan SƏRT CAVAB

"O, qədim Azərbaycan ədəbiyyatını çox mükəmməl bilirdi”.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruzun görkəmli şərqşünas alim Məmməd Mübariz Əlizadə haqqında ittihamları cəmiyyətdə birmənalı qarşılanmayıb.

Publika.az xəbər verir ki, Sayman Aruz rəhmətlik Mübariz Əlizadəni Xaqani Şirvaninin “Meratül-səfa” əsərini səhv tərcümə etməkdə ittiham edib:

“Tərcümə demək olar ki, Xaqaninin əsər və düşüncələrini darmadağın etmək kimi bir şeydir. Xaqani dağdan deyib, bu isə bağdan tərcümə edib. Təəssüflər olsun ki, bu problemi Nizami Gəncəvinin əsərlərinin tərcümələrində də müşahidə etdim”.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Məmməd Əliyev Publika.az-a bildirib ki, Sayman Aruz Məmməd Əlizadə ilə bağlı səhvə yol verir:

“Rəhmətlik Məmməd Əlizadə ilə yaxın dost olmuşam, o çox gözəl alim və peşəkar tərcüməçi idi. Onun haqqında bu cür ittihamlar boş söhbətlərdir. Məmməd Əlizadə yaxşı fars dili mütəxəssisi, şair və ədəbiyyatşünas alim idi. Xüsusilə də o, qədim Azərbaycan ədəbiyyatını çox mükəmməl bilirdi”.

Professor Azərbaycanın bir sıra gənc yazıçı və şairlərinə də iradını bildirib:

“İndi bir çox gənc ədəbiyyatçılar ağına-bozuna baxmır, ağıllarına nə gəlir, onu danışırlar. Onlar hər şeyi öz gördükləri kimi təqdim etməyə çalışırlar. Ona görə də gənc ədəbiyyatçılar keçmişdə olan çətinlikləri, repressiyaları və digər bu cür təsirləri görə bilmirlər. Məmməd Əlizadə kimi görkəmli alimlərimiz Xaqani Şirvani, Nizami Gəncəvi kimi ədiblərin əsərlərini min cür çətinliklərə dözərək tərcümə ediblər. İndi də gənclər ağızlarına gələni danışırlar. Azərbaycanda ədəbiyyatın və ədəbiyyatşünaslığın əsasını qoyan görkəmli kişilərimiz olub. Onların arasında Həmid Araslı, Mirzəağa Quluzadə, Mübariz Əlizadə kimi görkəmli şəxslərin adlarını çəkmək olar. Bu şəxslər Azərbaycanın görkəmli alimləridir”.

M.Əliyev Sayman Aruzu ittihamları ilə bağlı konkret nümunə göstərməyə çağırıb:

“Əgər savadı çatırsa, Sayman Aruz konkret fakt qoysun ortaya, nümunə göstərsin ki, Xaqaninin, Nizaminin filan əsərinin filan hissəsi səhvdir və belə olmalı idi. Yoxsa ki, şairlərin əsərlərində tərcümələr poetik olur. Ona görə də bu cür ümumi ittihamlar səsləndirmək doğru hal deyil”.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) qurucusu və ilk sədri, şərqşünas Zərdüşt Əlizadə isə deyib ki, Sayman Aruz fars dilini elə mükəmməl bilirsə, normal yollarla bunu sübut etməlidir:

“Bilirsiniz, tərcüməni hər zaman müzakirə etmək olar. Tərcümə də bir elm sahəsidir. Əgər Sayman Aruz fars dilini yaxşı bilirsə, mətnləri qoyub qarşısına tərcümənin keyfiyyəti haqqında bir elmi iş yazsın, bir tədqiqat əsəri ortaya qoysun. Eybi yox, düzgün araşdırmalar aparıb yazsın ki, Məmməd Mübariz Əlizadə filan tərcümələrində bu xətaları edib və sairə. Bundan sonra Azərbaycan xalqı da öz farsdilli klassiklərinin əsərlərini oxuyanda həmin səhvlərin olduğunu nəzərə alsınlar və daha düzgün oxusunlar. Tərcümə sahəsində daha bundan əlavə nə etmək olar?”

Z.Əlizadə vurğulayıb ki, indi Sayman Aruz da bu elmi və tərcümələri Azərbaycan xalqına düzgün şəkildə çatdırmağı düşünürsə, o, deyən kimi hərəkət etməlidir:

“Yox, o, ucuz yollarla ad qazanmaq və möhtərəm bir alimə ölümündən sonra şıllaq atmaq istəyirsə, bu da onun öz işidir. Hərə öz mədəniyyətinə uyğun şəkildə ad qazanır. Ola bilsin ki, mən ərəbşünas kimi kiminsə əsərində hər hansı səhv tapa bilərəm, ancaq onu şişirdib car çəkmərəm. Normal şəkildə bunun izahını verərəm”.

Xatırladaq ki, Zərdüşt Əlizadə və millət vəkili Araz Əlizadə Məmməd Mübariz Əlizadənin oğludur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm