Dörd millətin iddia etdiyi Azərbaycan romanı: "Əli və Nino" kimin oldu?
Bizi izləyin

Art

Dörd millətin iddia etdiyi Azərbaycan romanı: "Əli və Nino" kimin oldu?

“Əli və Nino” - ilk dəfə 1937-ci ildə Vyanada alman dilində nəşr edilən və dünyanın 33 dilinə tərcümə edilən məhəbbət romanı.

Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilib. Rəsmi sənədlərə əsasən, Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu. Lakin, amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə onun məşuqəsi olmasını sübut edə bilmişdi.

Bəzi tədqiqatçılar Qurban Səid adının Bakı yəhudisi Lev Nissembaumun, digərləri isə Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu qeyd edirlər. Qərb tədqiqatçıları və naşirləri "Əli və Nino"nun XX əsrin 20-ci illərində Bakıdan Almaniyaya mühacirət etmiş yəhudi mənşəli Lev Nissembaum olduğunu bildirirlər. Almaniyada yaşayan tədqiqatçı Nuridə Atəşi isə əslində Lev Nissembaumun müsəlman kimi doğulduğunu, əsl adının Məhəmməd Əsəd bəy olduğunu iddia edir.

Qurban Səid adının yazıçı Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu iddia edənlər də var. Çəmənzəminlinin oğlu Orxan Vəzirov bildirir ki, bunu vaxtilə Ceyhun Hacıbəyli təsdiqləyib. Həmçinin, Azərbaycan Yazıçılar Birliyi 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y.V.Çəmənzəminli olduğunu təsdiq edib.

AYB-nin təsdiqi yetərlidirmi?

Məsələ ilə bağlı publisist, müəllifin kimliyi ilə bağlı Azərbaycandakı ən böyük araşdırmanın müəllifi Nəriman Əbdürrəhmanlı publika.az-a bildirdi ki, məntiqlə yanaşsaq, əsərin Çəmənzəminliyə aid olduğunu görərik:

“Dünyada məntiq deyilən bir şey var və sübut olmayanda insan bununla baş verənləri ayırd edir. Mən bu mövzu ilə 20 il məşğul olmuşam. 600 səhifəlik roman yazmışam. Bütün hər şeyi faktlara söykənməklə etmişəm demirəm, lakin əminəm ki, həqiqətə çox yaxınam. Bu mübahisə hər zaman olub və olacaq da. Çünki hərə öz həqiqətini müdafiə etməyə çalışır.

Y.V.Çəmənzəminlinin oğlu Fikrət Vəzirovla birlikdə AYB-də bununla bağlı müzakirə təşkil etdim və yekdil fikirə gəlindi ki, romanın müəllifi Çəmənzəminlidir. Lakin AYB müəlliflik hüququnu təsdiq edəcək səlahiyyətə malik deyil. Sadəcə olaraq, AYB bununla öz mövqeyini bildirdi. Müzakirələr zamanı mütəxəsisslər çoxlu arqumentlər gətirdilər, romandakı ab-hava, Yusif Vəzirin həmin dövrdə diplomat olması, bir müddət XİN-də işləməsi, “Əli və Nino”dakı cümlələrin Çəmənmzəminlinin digər əsərlərindəki dəsti-xəttlə bənzərlik və s. bütün bunları nəzərə alaraq, həmin fikri söylədilər”.

Əvvəllər 2 versiya var idi, indi 4-5...

N.Əbdürrəhmanlı getdikcə müəllifin kimliyi ilə bağlı versiyaların çoxaldığını və bunun heç də yaxşı əlamət olmadığını bildirir:

“Əvvəllər romanın müəllifi barədə 2 versiya var idisə, indi 4-5 versiya yaranıb. Məhəmməd Əsəd bəy və gürcü yazıçısı Robakidze ortaya çıxıb. Yəhudilər bu məsələni çox təşkilatlı şəkildə apardılar və romanın müəllifinin Lev Nissembaum adlı şəxs olduğu barədə 400 səhifəlik kitab yazdılar. Bir qisim isə idda edir ki, əsəri Məhəmməd Əsəd bəy adlı şəxs yazıb. Təbii ki, bütün bunlar versiyadır".

“Müəllif dəqiqləşsə, əsərə maraq itəcək”

ABŞ-da çıxan “Azerbaijan İnternational” jurnal bir sayını bütünlüklə “Əli və Nino” əsərinin müəllifinin kimliyinə həsr edib. Jurnalın baş redaktoru Betti Bler 400 səhifəlik nömrədə sənədlər, xatirələr, fotolar, mənbələr təqdim edib. Bu beynəlxalq sübut üçün önəmli addımdır. Amma N.Əbdürrəhmanlı düşünür ki, beynəlxalq oxucu üçün romanın müəllifinin kimliyi elə də maraqlı deyil:

“Bu əsər Qurban Səid və Çəmənzəminlinin adından çap olunub. Çünki ciddi bir dəqiqləşdirilmə aparılmayıb. Mənim fikrimcə, romanın müəllifi tam məlum olsa, o romana maraq itər. Əsərin gücünü artıran amillərdən biri də onun sirli bir şəkildə əfsanəyə çevrilməsidir. Dünyada ən çox Qurban Səidin əsəri kimi tanınsa da, bizim özümüz üçün, tarix baxımından, ədəbiyyatşünaslıq baxımından bunu Çəmənzəminlinin əsəri hesab edirik”.

Çəmənzəminli ailəsinin üzvü nə dedi?

Y.V. Çəmənzəminli nəslindən Azərbaycanda yaşayan yeganə doğma insan yazıçının nəvəsi Leyla Vəzirovadır. Leyla xanımla əlaqə yaradarkən, əvvəlcə fikir bildirməkdən imtina etdi. Çünki o, bir ailə üzvü kimi danışmağının cəmiyyətdə düzgün qəbul olunmayacağını, “haqsız yerə babasını müdafiə edir” deyə düşünənlərin olacağını bildirdi. Təkidlərimizdən sonra Leyla xanım məsələyə münasibət bildirdi:

“Əlbəttə, biz başqalarına bu qədər meydan verəndə, gürcülər də, yəhudilər də əsərə sahiblənmək istəyər. Qorxuram ki, bir müddət sonra ermənilər də əsərin müəlliflik hüququna iddia etsinlər.

Düzdür, əlimizdə əsərin babama aid olduğuna dair sübut yoxdur. Ona görə də, müəllifin kimliyi barəsində bu qədər mübahisə gedir. Yəni əlyazma olmayandan sonra bu qədər mübahisələr yaranması normaldır. Lakin fakt olmasa belə, paralellər var. Burada söhbət üslubdan gedir. Sizcə, Səməd Vurğunu Nigar Rəfibəyli ilə qarışdırmaq olar? Əlbəttə, yox. Hərənin öz dəsti-xətti var. Məsələn, götürək əsərdəki Şuşa ruhunu. Əsərdə Şuşanın təsvirindən görmək olar ki, burada Şuşanı sevən bir azərbaycanlı ruhu var.

L.Vəzirova “Əli və Nino” filminin çəkilməsini əsərin Azərbaycana aid olması faktını dünyaya çatdırmaq üçün güclü vasitə hesab edir:

“Filmin çəkilişi istənilən halda sevindiricidir. Çünki filmdə əsərin müəllifi Qurban Səiddir. Qurban Səid də “Mister X”dır. Yəni belə bir adam yoxdur. Bu da sevindiricidir ki, “Əli və Nino” filmi əsəri nə gürcü, nə yəhudi, nə digər bir şəxsin müəllif olmadığını dünyaya çatdırdı”.

Müəllifinin kimliyi ilə bağlı digər iddialar

- "Əli və Nino" romanının başlıca müəllifi azərbaycanlı yazıçı və dövlət xadimi Yusif Vəzir Çəmənzəminlidir (1887-1943). Onun müəllifliyini həm şəxsi həyatında yaşadığı hadisələr, həm də Bakıda Əlyazmalar İnstitutunda saxlanan əsərləri, o cümlədən gündəlikləri, məqalələri, hekayə və romanları sübut edir. Lakin bəzi müəlliflər Əsəd Bəy adı altında yazan Lev Nussimbaumun əsərin yeganə müəllifi olduğunu iddia edirlər.

- Əsərdəki folklor və əfsanəvi materiallarda "Əsəd Bəy" adı altında yazan Lev Nussimbaumun imzası olduğu şübhəsizdir. Həmin materiallar onun əvvəlki əsərlərindən köçürülüb. Qeyd edilməlidir ki, bu materiallar nə mədəni, nə də etnik cəhətdən etibarlı mənbələr deyil. Lev Nussimbaum Azərbaycanı 1920-ci ildə 14 yaşında ikən tərk etmişdi və olduqca təcrid olunmuş həyat tərzi sürdüyünü öz yazılarında da etiraf etmişdi.

- Əsəd Bəy romanda Əli ilə Ninonun Tiflisə və İrana səyahətləri ilə bağlı hissələri gürcü yazıçı Qriqol Robakidzenin "İlan dərisi" (Das Schlangenhemd, 1928) əsərindən götürmüşdür. Robakidzenin bu "köçürmədən" xəbəri olub-olmadığı məlum deyil. Əsəd Bəy orijinalından fərqləndirmək üçün mətnin üzərində çoxlu iş aparmaqla əslində plagiat etdiyinə şübhə yaradır. Tədqiqatlar Əsəd Bəyin Robakidzeni şəxsən tanıdığını göstərir.

- Avstriya baronessası Elfrida Ehrenfels (1894-1982) "Əli və Nino" romanını alman reyesterlerində qeydiyyatdan keçirmiş və "Qurban Səid" təxəllüsünün özünə aid olduğunu göstərmişdi. Halbuki, onun romanın yazılmasında iştirakı sübut edilməyib.

Yazının II HİSSƏSİ

(Davamı var)

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm