Kabuslarını fotolara köçürüb məşhur oldu - FOTOLAR
Bizi izləyin

Art

Kabuslarını fotolara köçürüb məşhur oldu - FOTOLAR

Uzun illər qarabasmalarla mübarizə aparan amerikalı fotoqraf Nikolas Bruno gördüyü dəhşətli məxluqların, hadisələrin fotolarını çəkib. İçərisində qarabasmaların gizləndiyi qorxunc fotolar yüzlərlə insan tərəfindən bəyənilib. Nikolas Bruno "yuxu iflici" adlanan xəstəlikdən əziyyət çəkir.

Publika.az sizə fotoqrafın maraqlı və dəhşətli həyatı haqqında bəzi faktları təqdim edir:

Amerikalı fotoqrafın əziyyət çəkdiyi yuxu iflici xəstəliyi hər 10 insandan 5-də rast gəlinəcək dərəcədə geniş yayılıb. Bəs yuxu iflici nədir?

Yuxu iflici - şüurun oyaq, bədənin isə yuxuda olduğu zaman baş verən prosesdir. Bu hal daha çox yuxuya təzə gedəndə və ya yuxudan oyanmağa az qalmış baş verir və bir neçə saniyədən iki dəqiqəyədək davam edə bilər. Əsasən yeniyetmələrdə müşahidə olunsa da, böyüklərdə də kifayət qədər rast gəlinir. Xəstəlik hesab olunmasa da, bu xoşagəlməz hallarla çox insan qarşılaşır.

Yuxu iflici ilə bağlı hətta dünya xalqlarında fərqli mifologiyalar formalaşıb. Belə ki, Şərq xalqları bu vəziyyəti “cintutma” adlandırır, bəziləri hesab edir ki, bu, evdə kök salmış pis ruh və kabusların əməlidir. Çuvaşlar bununla bağlı Vibor adlı xüsusi personaj da müəyyən ediblər. Kalmıklar Xar Dərna adlı cinin əməli olduğuna inanırlar. Guya o, insanı yuxusunda boğur. Basklar isə deyir ki, İnquma adlı ruh insanı, baş verə biləcək pis hadisədən məhz bu yolla xəbərdar edir. Yaponlar isə Kanasibari adlı nəhəng məxluqun ayağını insanın sinəsinə qoyduğu üçün yuxu iflicinin baş verdiyini düşünür.

Bruno bu vəziyyətin sənətinə əks təsir etdiyini düşünmür. Onun sözlərinə görə, əksinə, qarabasmaların gizləndiyi fotolar insanlar tərəfindən qeyri-ixtiyari maraqla qarşılanır. Sanki hansısa enerji insanların diqqətini fotoya yönəldir. Hər gecə yatağından iflic vəziyyətdə oyanan 22 yaşlı Bruno xatırlamağa çalışdığı səhnələri modellər və dekorlar vasitəsilə real həyata köçürür.

Bruno 15 yaşından bu xəstəlikdən əziyyət çəkib. O deyir ki, bəzi insanlar bu anı yaşamaq üçün xüsusi olaraq vahiməli filmlərə baxırlar:

"Bəzi insanlar eyni təcrübəni yaşamaq istədiklərini deyir. Heç kimə məsləhət görmürəm bunu. Bəzi gecələr səslər eşidirəm, mənə hücum edirlər. Son dərəcə dəhşətli səhnələrlə qarşılaşıram və ən dəhşətlisi heç barmağımı da tərpədə bilmirəm".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm