Xəyanət
Bizi izləyin

Art

Xəyanət

(Hekayə)

Qapını açar açmaz çılğınca sevişmələrin səsi gəldi qulağına. Televizor açıq qalıb sandı. Əhəmiyyət vermədi öncə. İçəri keçdi. Qəribəydi oysa ki. Çünki televizorda belə o səhnələr göstəriləndə qeyri-ixtiyari səsini açaldarlar. Ayağınını tez soyunub bu səsi kəsməyə tələsdi bir an, amma diqqətlə qulaq asanda səsin qonaq otağından yox, yataq otağından gəldiyini anladı. Onun yataq otağından...

Arxasını dönüb açdığı qapıya bir də baxdı. Evi səhv salmamışdı. Amma içində incə bir səs “kaş salaydı” deyə Tanrıya yalvarırdı. Dönüb yataq otağının bağlı qapısına bir də baxdı. İlk dəfəydi ki, bu qapı onun üzünə bağlanmışdı. İlk dəfəydi bu qapının arxasında gizlədilən məhrəmiyyət ona yox, başqasına aid idi. Addımlamağa başladı o qapıya doğru. Amma necə addımlamaq?

Arxasında düşmən əsgəri silahını doğruldub zorla əcəl təndirinə addımlamağını əmr etmişcəsinə. Qapının arxasındakı dəhşətin mənzərəsini əvvəlcədən hiss etmiş, qorxmuş, daha betər ifadəylə saniyəbəsaniyə ölümə yaxınlaşdığını hiss etmişdi.

Açmaq asan deyildi o qapını. Hərçənd səsini eşitməyə dözmək də bir o qədər dözülməz idi yad adamın qucağında inləyən qadının. Onun qadını…

Ağlamaq istədi oturub. Yaş axmadı gözündən. Dönüb getmək, qapının arxasındakıları görmək əvəzinə buradan əbədi uzaqlaşmağı istəsə də, addımları onu saxladı. Elə bil bütün bədəni həmin düşmən əsgərinə çevrilib qapını açmağa zorladı onu. Əli sakitcə dəstəyə uzandı. Bu sakitlik otağın içindən gələn şəhvət, hayqırtı səslərinə nə qədər tərs mütənasib idisə, çəkdiyi izdirab da onlar yaşayan həzzə ögey idi.

Və açıldı qapı astadan. Onun görməyə qorxduğu mənzərəni örtən qapı pərdə kimi açılıb aradan qalxdı. İlahi!.. Kaş göz deyə bir orqanı Tanrı dünyaya gələrkən insana verməyəydi. Nəydi o otağın halı elə?!

Paltarları ətrafa dağılmışdı qadının. Eynən yad qucağında pozğuna dönmüş üzünə dağılmış saçları kimi. Ərini ilk dəfə qucağındakı yadın dəhşətdən böyümüş gözlərində gördü qadın. Sonra daha dəhşətlisi oldu. Ərini görər-görməz çılpaqlığını gizləmək üçün mələfəyə büründü. Qorxudan qucaqladığı isə əri yox, yenə o yad adam idi. Və buydu ərini ən çox məhv edən. Hönkürməkdən özünü güclə saxlaya bildi. Bir vaxt ən təhlükəsiz böcəyi belə görəndə sığınacağı ərinin qucağı bilən o qadın indi ərini bir böcək kimi görüb başqasına sığınırdı...

Baxa bilmədi o mənzərəyə daha çox. Qadının pənah gətirdiyi adamın cüssəsinə və qorxusuna baxılarsa, yaşanan dəhşətin miqyası onun titrəyən bədənini də vahiməyə salmışdı. Qorxması gərəkən təhlükə isə elə də böyük deyildi əslində. Bir şilləlik can böyüklüyündə...

Arxasını döndü adam. Ağır yaralanmış kimi çətin addımlarla tərk etdi oranı. Hara getdiyi bilinmədi. Bunu fürsət bilən qadının məşuqu yaşadığına hələ də şükür edərək əynini necə gəldi geyib, qadına sarı baxmadan tərk elədi oranı. Bayaq yatağında şəhvətdən qıvrılan qadınınsa, tərpənməyə heç heyi qalmamışdı. Məhv olan hər nə idisə, adını özü də bilmirdi. Bildiyi tək şey itkinin böyük olduğuydu.

***
Saatlar sonra geri qayıtdı adam. Qapısı hələ də açıq evə girib qadınını yataq otağında hələ də geyinməmiş tapdı. Heç alışmamışdı oysa ki belə qarşılanmağa. Hər səhər gülər üzlə onu işə yola salan qadını elə bil kimlərsə, alıb aparmışdı. O qadının çöhrəsindəki gülüş onu xoşbəxt etməyə yetirdi. Qırmızı necə gözəl yaraşırdı ona. Qırmızı xoşbəxtliyin rəngiydi çünki.
Və qırmızı geymiş o qadına hər baxanda yaşamağa bir səbəb tapdığını düşünüb sevinirdi. Ən azından bir səbəb. Ancaq indi yataqda oturub donuq gözlərlə etdiyi günahın cəzasını maraq edən qadın yaşama səbəbindən çox intihar səbəbinə bənzəyirdi.

Əlindəki silahı sakitcə ona doğru uzatdı. Əcəlini hiss edən qadın buna çoxdan razıydı. Bir azdan heç nə hiss etməməyi, yaşanan hər şeyi yuxu sanmağı o qədər çox istəyirdi ki...

Saniyələr illər kimi uzun keçirdi, amma silah açılmırdı heç cür. O açılmayınca qorxudan bağladığı gözünü açdı məcbur. Silahı ona uzatmışdı əri.
- Mən onsuz da ölmüşəm. Bədənimi də öldür, qurtarsın,- dedi pıçıltılı, boğuq səslə.
Ehmalca silahı aldı ondan. Düşünməyinə, hərəkət etməyinə, mane olmağına macal vermədən gicgahına dirəyib tətiyə basdı.
Xəyanət saçılmış otağın hər yerinə qan ləkəsi sıçradı. Qırmızı həm də xəyanətin rəngiydi.

Ayağının dibinə düşmüş qadına son dəfə baxdı adam. Qana bulaşmış saçlarını tumarlamaq istədi. Üzüstə yerə düşmüş qadının üzünü son dəfə görmək istədiyi kimi. Bəlkə də indi gözlərində ona aid bir şey tapa bilərdi. Ancaq yaşadığını sandığı xoşbəxtlik zəhərli bir ilan olub sancdığı kimi bu da nəsib deyilmiş ona. Ölmək üçün bir mərmiyə daha gərək olmadı. Hər yeri qırmızıya boyanmış qadının yanına uzanıb qaldı.

Əli Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm