"Əlimi əlinə öyrətmə belə" - 5 ən məşhur sevgi şeiri
Bizi izləyin

Art

"Əlimi əlinə öyrətmə belə" - 5 ən məşhur sevgi şeiri

Publika.az Azərbaycan poeziyasının 5 ən məşhur sevgi şeirini təqdim edir:

Nəbi XƏZRİ:

DƏNİZ,GÖY,MƏHƏBBƏT

I

– Dənizi hədiyyə verirəm sənə…
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
– Mən isə… göyləri verirəm, – dedin…

Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.

Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm – deyə,
Mənimlə danışıb, güləsən bir də.

– Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!

Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!

II

Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.

Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.

Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.

III

İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
“Sevirəm” söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.

IV

Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.

Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Adla ağ yoluyla kəhkaşanların,
Parlasın hər ulduz xatirə kimi.

Gəl, qış gecəsində,
yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!
Mən gərək nəğmətək səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.

Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.


Bəxtiyar VAHABZADƏ:

BİR SALAMA DƏYMƏDİ

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!…
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kesmədi?…
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!


Musa YAQUB:

ÖYRƏTMƏ ÖZÜNƏ,ÖYRƏTMƏ MƏNİ

Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa
Sən Allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni.

Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə.

Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam,
Amma ki, sönməyim çox çətin olur –
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi.
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.

Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə, öyrətmə məni.

Yox buna təqatim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var -
Mənim dərdlərimin ayaqları var -
Harda olsa gəlib tapacaq məni,
Yaxıb-yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…


Nüsrət KƏSƏMƏNLİ:

GETMƏK İSTƏYİRSƏN BƏHANƏSİZ GET

Gətmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı…

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.

Döşənib yollar tək ayaqlarına
Sənə yalvarımmı?…bü mümkün deyil!
Qoymaram qəlbim tək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil.

Demirəm sən uca bir dağsan, əyil,
Demirəm qalıbdır əlacım sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm əl açım sənə…

Getmək istəyirsən…O yol, o da sən…
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi…Nə vaxtsa dönmək istəsən
Tikanlı yastığa dönəcək yerin.

Getmək istəyirsən…Nə danış, nə din!
Yox ol uzaqlar tək dumanda, çəndə…
Nəyimi sevmişdin?Deyə bilmədin,
Indisə yüz eyib görürsən məndə.

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı…


Ramiz RÖVŞƏN:

AYRILIQ

Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
xəbərimiz yox.

Aradan nə qədər il keçib görən,
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!

“Ölmədim” deyirəm,
nə bilim axı,
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə.

Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim,
nə sən indiki,
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin
bu ayın
bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.

…Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz
ömründə min yol
Özünü öldürən adamlar keçir.

Keçir öz qanına qatan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada,
Amma,
Dünyada heç kəsin günahı yoxdu.

Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada
on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.

Halal yolumuzu dəyişib, nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.

Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində ögey analar
Ögey balaları gəzdirir indi.

Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız
anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.

Bu yalan ömrümdə görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan,
bacımsan,
nənəmsən,
nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.

Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza
nə yol, nə körpü.
Ölüsən,
dirisən,
hər nəsən,
dayan!
Dayan, heç olmasa əlindən öpüm…

Deyirsən: “Ölüyəm, ölünü öpmə…”
Əlimin içində
soyuyur əlin
Deyirsən: “Sən allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir…”

manera.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm