“Xatirələrin işgəncəyə döndüyü yer” - Trampın və Sevincin Amerikası - FOTOLAR
Bizi izləyin

Art

“Xatirələrin işgəncəyə döndüyü yer” - Trampın və Sevincin Amerikası - FOTOLAR

Bu gün “Müsavat” qəzetinin redaksiyasında qəzetin əməkdaşı, tanınmış jurnalist Sevinc Telmanqızının “Trampın və Sevincin Amerikası” və “Xatirələrin işgəncəyə döndüyü yer” kitablarının təqdimat mərasimi keçirilib.

Kitab Azərbaycan Respublikasının prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “ABŞ yeni nəsil Azərbaycan diasporası” layihəsi çərçivəsində Qadın haqları və Gender Bərabərliyi İctimai Birliyi tərəfindən nəşr edilib.

Kitabda müəllifin Amerika səfəri, yaşadığı hadisələr, azərbaycanlılarla müsahibələri və Amerikanın məşhur şirkətlərində işləyən soydaşlarımızın həyat tərzi əksini tapıb.

Tədbiri giriş nitqi ilə “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlu açdı. O, müəllifi Donald Tramp prezident seçildikdən sonra Amerikaya ayaq basan ilk azərbaycanlı jurnalist olması və kitabı ərsəyə gətirməsi münasibətilə təbrik etdi.

Daha sonra müəllif qonaqlara üz tutaraq bildirdi ki, "Yeni Müsavat"a və ona göstərdikləri hörmətə görə hər birinə təşəkkür edir:

“Biz bu işə başlayanda əslində ağlımızda bir layihə formalaşdırmaq kimi fikir yox idi. Məqsədimiz Donald Trampın prezident seçildikdən sonra 7 müsəlman ölkəsinin vətəndaşlarına tətbiq etdiyi viza sanksiyasını araşdırmaq idi. Saytımızda bu formada araşdırma ənənəsi geniş yayılıb və bu cür araşdırmalardan həmişə maraqlı nəticələr çıxıb.

Xoşbəxtlikdən, bizim viza müraciətimiz müsbət qarşılandı və beləcə, Amerika macəramız başlamış oldu. ABŞ-da yaşayan azərbaycanlılar da hələ getməzdən öncə sosial şəbəkələr vasitəsilə öz dəstəklərini göstərirdilər. Kimisi bizi öz evində qonaq saxladı, kimisi də şəhər turlarında bələdçilik etdi. Beləliklə, bizim Amerika səfərimiz uğurlu alındı və maraqlı yazılar ortaya çıxdı.

Müəllif kimi kitabda əlahiddə bir şey yazmamışam. Sadəcə insanları danışdırmışam və onların mühacir obrazlarını təqdim etmişəm. Onların niyə köç etdiklərini, niyə məhz orada yaşadıqlarını, nə işlə məşğul olduqlarını qələmə almışam.

Düzdür, onlardan bəziləri həyatından çox məmnundur, bəziləri çox iztirab çəkir, peşmanlıq hiss edir. Ancaq bütün hallarda hərəsinin özünəməxsus bir hekayəsi var. Mən də həmin hekayələri kitab halında toplamaq qərarına gəldim. Düşünürəm ki, gələcəkdə hər hansı bir araşdırmaçı 2000-ci illərdə Azərbaycandan köç etmiş insanların həyatını araşdırmaq istəsə, bu kitab ona yardımçı olacaq”.

“525-ci qəzetin" baş redaktoru Rəşad Məcid söylədi ki, bir media orqanının öz əməkdaşına dəstək olaraq onu həm Amerikaya, həm Avropaya göndərməsi və oradan yazılar hazırlaması nadir rast gəlinən hadisədir:

“Vaxtilə bir fikir səsləndirmişdim: bu qədər yazı var, ancaq oxumağa bir şey tapmırıq. Ancaq yeni dövrdə elə imzalar ortaya çıxıb ki, onların adını görən kimi yazısını dərhal açıb oxumaq istəyirsən. Onlardan biri də elə Sevinc Telmanqızıdır. Sevinc elə jurnalistlərdəndir ki, ən həssas və qalmaqallı mövzularda belə müsahibə almağı bacara bilir. Yəni, danışmaq istəmədiyim bir mövzu olub, ancaq bir də görmüşəm ki, artıq 20 dəqiqədir mövzunu şərh edirəm. Bu potensial peşəkarlıqdan irəli gəlir ki, Sevincdə bu kifayət qədər var.

Fikrimcə, müəllifin layihəsi kimi kitabının adı uğurlu seçim olub - Trampın Amerikası ilə Sevincin gördüyü Amerika. İnanıram ki, Sevincin öz baxış bucağı ilə bizə göstərdiyi Amerika bizim üçün yeni bir dünya olacaq”.

Sabiq millət vəkili Pənah Hüseyn bildirib ki, bu cür təqdimatlarda müəllifi tənqid etmək kübarlıq sayılmaz:

"Düzü, kitabı oxumağa dünən başlamışam və hələ bitirməmişəm. Buna görə də kitab haqqında fikrilərim tam formalaşmayıb. Lakin bundan əvvəl çap olunan kitabını oxumuşdum. Həmin kitabın verdiyi təəssüratlara əsasən demək istəyirəm ki, Sevinc Telmanqızının yazıları Azərbaycan jurnalistikasının uğurudur. Güman edirəm ki, müəllif bu kitablarla kifayətlənməyəcək.

Bir məsələyə toxunmağı vacib hesab edirəm. Trampın Amerikası yoxdur. Sadəcə ABŞ son seçkiləri ilə göstərdi ki, Amerikanın Trampı da var. Mən məsələyə bu cür yanaşmağın tərəfdarıyam. Bizdə Amerika məfhumu abstrakt bir azadlıq simvolu kimi formalaşıb. Dünyada Amerikadan qorxan çox insan və ölkə var. Çünki o, çox nəhəng və güclüdür - bir bədheybət kimi. Bu qorxunun da nə zamansa sevgiyə çevrilməsi hələ ki, mübahisəli məsələdir".

Millət vəkili Çingiz Qənizadə müəllifin ilk kitabını oxuyarkən çox təsirləndiyini bildirdi:

“Çünki o, həmin kitabda silinən xatirələri yenidən yaddaşlara qaytarmağı bacarmışdı. Kitab bir xatirəmi yenidən gözümün önünə gətirdi. Bir dəfə Avropa Şurasının iclası üçün Almaniyaya gedirdik. Bizi qarşılayanlarla əvvəldən razılaşmışdıq ki, orada yaşayan bir azərbayacanlının doğum gününə gedəcəyik. Həmin məclisdən çıxarkən bizi yola salan azərbaycanlı ailələr göz yaşlarını saxlaya bilmədilər. Bu mənzərə mənə çox pis təsir etdi. O an bir daha əmin oldum ki, vətən həqiqətən də, doğma və şirin məfhumdur. Müəllif sağ olsun ki, həmin vətən həsrəti çəkən insanları qiyabi də olsa, Azərbaycana gətirib”.

"Gündəlik Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı əsas diqqəti kitabın önəminə çəkdi:

“Doğrudan da, kitabın sehri və gücü danılmazdır. Gün ərzində nə qədər yazı yazsaq, saytlarda, sosial şəbəkələrdə paylaşsaq da, kitabın yerini heç nə vermir. Çünki onun mistikası tamamilə başqadır. Son dövlərdə virtual aləmdə dərc olunan, paylaşılan yazıların itməsi kimi xoşagəlməz hallar baş verir. Buna görə də yazıların toplanmasını, kitab halında qorunub saxlanmasını çox gözəl və faydalı təşəbbüs hesab edirəm.

Sevinc Telmanqızı arzulanan jurnalistdir. Ümumiyyətlə, media işi kollektiv fəaliyyətdir. Rauf Arifoğlunu çox xoşbəxt redaktor hesab edirəm ki, Sevinc Telmanqızı kimi istedadlı və fədakar işçiləri var. Əslində, azərbaycanlı qadınların əksəriyyəti belədir. Sevinc də onlardan bir örnəkdir, nümunədir. Araşdırmaçı jurnalist kimi fəaliyyət göstərmək, hətta xarici ölkələrə getmək, bununla yanaşı, 2 uşaq böyütmək həqiqətən çox çətindir. Ancaq o, bütün bunların öhdəsindən gəlməyi bacarır. Buna görə də onu təbrik edirəm.

Mən də Amerikada səfərdə olmuşam. Sevincin keçirdiyi hisslər mənə tanışdır. Bir şeyin şahidi oldum ki, orada yaşayan azərbaycanlıların hər biri öz evində kiçik bir Azərbaycan qurub. Hələ həmin azərbaycanlıların evində qonaqkən onlarla həmsöhbət olanda bu vəziyyətin çox maraqlı və yazı üçün əla bir material olduğu qənaətinə gəldim.

Müxtəlif xarici ölkələrdə olan zaman görüşdüyüm azərbaycanlılarda təkrar-təkrar bir şeyi kəşf edirəm. Azərbaycanlılar, doğrudan da istedadlı olurlar. Məsələn, Amerikada ikən bir azərbaycanlı həkim qadınla tanış olmuşdum. O, Amerikaya köçdükdən sonra həyatını demək olar, sıfırdan qurmuşdu, ingilis dilini öyrənərək məşhur Stanford Universitetinə daxil olmuşdu. Hazırda öz sahəsinin əvəzsiz mütəxəssisidir. Baxmayaraq ki, onun 3 azyaşlı övladı var idi. Yəni demək istəyirəm ki, biz hara gediriksə gedək, hər şəraitdə öz gücümüzü və potensialımızı ortaya qoya bilirik”.

Millət vəkili Fazil Mustafa isə kitabın mühacirət ədəbiyyatı ilə bağlı önəmli başlanğıc olduğunu qeyd etdi:

“Kitab ərsəyə gətirmək məsuliyyətli və faydalı bir işdir. Xüsusilə Azərbaycan mühacirətini işıqlandırmaq və bu sahənin inkişaf etdirmək təqdirəlayiq hadisədir. Çünki mühacirət məsələsi bizdə araşdırılmayan sahədir. Ümumilikdə bizdə hər bir sahəyə yalnız tarixi aspektdən yanaşılır. Sosioloji baxımdan yanaşma olmadığı üçün də biz mühacirətin xaraketini təyin etməkdə çətinlik çəkirik.

Qeyd etmək istəyirəm ki, Ermənistan diasporası sırf bir ideya üzərində qurulub. Hər hansı bir səbəbdən ölkəni tərk edən ermənilər həmin idayadan kənara addım atmır və böyük Ermənistan xülyasından vaz keçmirlər. Lakin Azərbaycan diasporası belə deyil. Bizim diasporamız ideyasız fəaliyyət göstərir. Çünki ortaq bir ideyanın tapılmasında böyük çətinliklər yaşayırlar. Bu problemin həll olunacağı təqdirdə, düşünürəm ki, azərbaycanlılar xaricdə daha böyük uğurlar əldə edə, daha yaxşı vəzifələrdə işləyə bilərlər. Bu həm də Azərbaycanla bağlı verilən qərarlara təsir göstərməkdə də bizə kömək olacaq.

Belə bir təklif də irəli sürmək istəyərdim ki, xaricdə yaşayan azərbaycanlıların məişət, sosial, siyasi və bu kimi ayrı-ayrı sahələrdə fikirləri müsahibə, yaxud sorğu şəklində öyrənilsin. Sevincin də məhz bu istiqamətdə fəaliyyət göstərməsi gələcəkdə daha yeni və uğurlu layihələrin ortaya çıxmasına səbəb ola bilər. Bütün bunlarla yanaşı, müəllifin atdığı addım daha öncə işlənməmiş bir mövzunun açılmasına yardımçı olduğu üçün həm də ədəbiyyatımıza bir yenilik gətirdi”.

“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı bu kitabın gələcəkdə Azərbaycan mühacirət tarixinə işıq tutacağına əmin olduğunu söylədi:

“Bu kitablar, xüsusilə, siyasi aspektdən aparılan araşdırmalar üçün mənbə rolunu oynayacaq. Kitabları oxuduqca gördüm ki, xoşbəxtlik anlayışının içində vətən var. Bu fakt bütün müsahiblərinin danışıqlarında sezilirdi.

Sevincin axtarışları göstərdi ki, uğurlu adam hər yerdə uğurludur. Çünki bu uğuru insanın özü yaradır. İkinci məqam isə ondan ibarətdir ki, Sevinc dünyanın heç bir yerində ideal cəmiyyət olmadığını göstərdi. Hətta ideallaşdırılan Amerikada belə. Yəni hər cəmiyyətin özünə görə problemləri var. O cəmiyyətləri quran insanlar yaranan problemlərdən qaçmaq əvəzinə, onların üstünə gediblər.

Sevincin müsahibə texnikası da çox yaxşıdır. O, sadə suallarla müsahibinin bütün xarakter və duyğularını ortaya qoymağı bacarır. Buna görə də kitabı oxunaqlı və gözəl alınıb”.

Tanınmış jurnalist Arif Əliyev bütün mühacirlərin ortaq mövqelərinə diqqət çəkərək, müəllifin üzərinə götürdüyü məsuliyyətin böyüklüyünə toxundu:

“Vətənin sərhədləri dirəklərdən deyil, ürəklərdən keçir. Hara istəsən, apara bilərsən. Dünya xalqlarının əksəriyyəti kimi, Azərbaycan xalqının da nümayəndələrinin bir hissəsi ölkənin hüdudlarından kənarda yaşayır.

Bu baxımdan Sevinc Telmanqızı kitabı yazarkən öz üzərinə böyük bir missiyanı götürüb. Belə işlər, həqiqətən də, Azərbaycanı dəyişməyə və onu uğura aparmağa qadirdir”.

Sonda müəllif qonaqlara imzalı kitabını hədiyyə edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm