Gənc kinematoqrafçılar üçün müsabiqə elan edildi
Bizi izləyin

Art

Gənc kinematoqrafçılar üçün müsabiqə elan edildi

Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunmuş “Azərbaycan kinosu : dünən, bu gün, sabah” adlı məqalə və resenziyaların müsabiqəsini elan edir.

İttifaqdan Publika.az-a verilən məlumata görə, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir gətirmək məqsədilə keçirilir. Müsabiqə, həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulub.

Müsabiqəyə Azərbaycan kinosuna həsr olunmuş məqalə və resenziyalar qəbul olunur. Yaşı 30-a qədər olan bütün şəxslər müsabiqəyə məqalə və resenziyalar təqdim edə bilər. Həmçinin müsabiqəyə təqdim olunan məqalə və resenziyaların hüquqları müəllifə məxsus olmalı, mətbuatda dərc olunmamalıdır. Məqalə və resenziyalar müsabiqəyə 10 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda şrift-12 “Courier New”də təqdim olunmalıdır.

Çap olunmuş məqalə və resenziyalarda müəllifin ad və soyadı qeyd olunmamalıdır. Müəllif məqalə və resenziya ilə birgə tərcümeyi-halını və şəxsiyyət vəsiqəsinin surətini də təqdim etməlidir. Hər bir müəllif 3 (üç) məqalə və resenziyadan artıq təqdim edə bilməz. Müsabiqəyə təqdim olunan məqalə və resenziyalar geri qaytarılmır. Məqalə və resenziyalar mayın 25-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına göndərilməlidir. Müsabiqədə birinci yer tutan qalibə 1000, ikinci yerin sahibinə 750, üçüncü yerin sahibinə isə 500 manat pul mükafatı veriləcək.

Ulucay Akif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm