Cəfər Cabbarlının qızı dəfn olundu - FOTO - (YENİLƏNİR)
Bizi izləyin

Art

Cəfər Cabbarlının qızı dəfn olundu - FOTO - (YENİLƏNİR)

Vida mərasimindən sonra G. Cabbarlı Yasamal qəbiristanlığında dəfn olunub.

***

Mərhumla vida mərasimi yekunlaşıb.

***

Təzəpir məscidində Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə vida mərasimi keçirilir.

Publika.az-ın xəbərinə görə, vida mərasimində ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Böyük sənətkar Akif İslamzadə bildirib ki, Gülarə xanımla görüşəndə huşu yerində olub: "Son dəfə onunla bir ay əvvəl evində görüşdüm. Uşaqları soruşdu, xeyli söhbətləşdik. Mən qızı Qəmərlə bir oxumuşdum. Bizim həyətə gəlin köçmüşdü. Gediş-gəlişimiz də elə o vaxtdan yaranmışdı".

Mərhumun oğlu Bəhlul Seyfəddinoğlu Gülarə Cabbarlının həmişə həyat eşqi ilə dolu bir xanım olduğunu diqqətə çatdırıb : "Ürəyində problemləri var idi. Düşünürəm ki, əsas o səbəbdən onu itirdik. Son günlərə qədər onun heç bir zehni problemləri olmayıb. Ağlı başında, yaddaşı yerində olub. O heç kimi incitməzdi. Bir neçə dəfə ürəyində problem yaransa da, hər dəfə həkimlər onu bu kritik vəziyyətdən çıxartmağa müvəffəq olmuşdular. Sanki ürəyinə danmışdı ki, son saatlarıdır. Bir-bir hamımız ilə görüşdü. Bizdən və Allahından razılıq etdi. Vəsiyyəti o oldu ki, bu gündən sonra da, həm babanızın, həm də mənim adımı qoruyun. Bir də hər kəsdən üzr istədi ki, istəmədən kiminsə xətrinə dəymişəmsə haqqını halal etsin. Uzun müddət əvvəl C.Cabbarlı adına muzeydə işləyib. Daha sonra ev muzeyi təşkil edildi və orada uzun müddət direktor vəzifəsində çalışıb. Gücü çatan qədər C.Cabbarlı irsinin davam etdirilməsində zəhmət çəkmişdi. Demək olar ki, bu istiqamətdə bütün işləri yekunlaşdırmağa vaxt tapdı. Onun əsərlərinin çapına zaman ayırırdı. Bundan sonra da onun davamçısı bizlərik. C.Cabbarlı irsini biz də çalışacayıq imkan daxilində davam etdirək. Bacım Qəmər xanım hazırda ev muzeyinin direktorudur. Yeni layihələr hazırlanır. Sağ olsunlar, hər kəs bizə bu istiqamətdə dəstək olur."

Mərhumun qızı Qəmər Seyfəddinqızı bildirib ki, Gülarə Cabbarlı uzun illər Azərbaycan mədəniyyətinə xidmət göstərib. Onun sözlərinə görə, anasının ölümündən 1 həftə əvvəl vəziyyəti pisləşib:" Biz onun ad günündə bir yerə toplaşdıq və öz aramızda kiçik bir məclis təşkil etdik. Keçən il də ürəyində problem yaranmışdı, sağaldı. Amma bu dəfə onun ürəyi dözmədi".

Qəmər Seyfəddin qızı qeyd edib ki, anası ailədə hər kəsin mehriban olmasını arzulayıb:" Xalqımızın sağ-salamat olmasını da arzu edib, gözlərini bu dünyaya əbədi olaraq yumdu".

Qeyd edək ki, Gülarə Cəfər qızı Cabbarlı 1930-cu il fevralın 11-də Bakıda, görkəmli dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının ailəsində anadan olub.

1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq, 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C.Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub. Prezident təqaüdçüsü idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm