"Rüstəm İbrahimbəyovun "Xalq yazıçısı" adını daşıması doğru deyil" - Natiq Rəsulzadə
Bizi izləyin

Art

"Rüstəm İbrahimbəyovun "Xalq yazıçısı" adını daşıması doğru deyil" - Natiq Rəsulzadə

“Ədəbiyyatda qapalı mövzu yoxdur. Amma yazdığın mövzunu gərək sevəsən və yazasan. Sevmirsənsə, onu yazma, ürəyində saxla”.

Bu sözləri məşhur azərbaycanlı yazıçı Natiq Rəsulzadə Publika.az-a Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu Azərbaycan xalqının vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan, ermənilərin isə ailicənab, sülhsevər kimi təqdim edildiyi “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib.

O bildirib ki, xalq yazıçısının bu cür yazı ərsəyə gətirməsi insanı olduqca məyus edir:

“Bilirsiz, Ulu öndər Heydər Əliyev öz dövründə ölkədə senzuranı aradan qaldırdı. Amma gərək yaradıcı şəxsin içində də senzura olsun. Ürəyində, qəlbində vətən sevgisi olmayan bir insanın yaradıcılığı çox təhlükəlidir. Hər şey sevgi ilə yaradılmalıdır. Əgər xalq yazıçısı öz vətəninə, xalqına bu qədər nifrət edirsə, bunu bu qədər açıq şəkildə büruzə verməsinə ehtiyac yoxdur. Sadəcə yazmaya bilər. Mən çox məyus oldum. Buna tamamilə qarşıyam. Bu düzgün bir şey deyil”.

Natiq Rəsulzadə deyir ki, Rüstəm İbrahimbəyovun bu hərəkətində paradoksal vəziyyət özünü büruzə verir:

“Bilirsiz, Rüstəm İbrahimbəyov bir vaxtlar müxalifət tərəfindən xalqa liderlik etmək istəyən şəxslərdən biri olub. Əgər bu xalq belə qaniçən, vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan bir toplumdursa, nə üçün xalqa rəhbərlik etmək üçün namizədliyini irəli sürmüşdü? Burada çox təzadlı məqamlar var. O kimdən intiqam alır, kimdən acıq çıxır, başa düşə bilmirəm. Bütün ölkələrdə, bütün xalqların nümayəndələri arasında, yaxşıları da var, pisləri də. Amma ölkə adından, xalq adından qələmə aldığımız yazılara xüsusi diqqət etməliyik. Çünki nifrət hissi ilə yazılan yazıların nəticəsi düşmənlərimiz üçün müsbət olur. Bu cür yazılar yadda qalmır. Bu cür yazarlar da qısa müddət sonra unudulub gedir. Dövlət buna münasibət bildirəcək. Yəni, düşünürəm ki, xalqa qarşı belə mövqedə olan insanın "Xalq yazıçısı" adını daşıması doğru deyil”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm