Dünyada ən yaxşı iş – BİZİM TƏRCÜMƏ
Bizi izləyin

Art

Dünyada ən yaxşı iş – BİZİM TƏRCÜMƏ

Təxminən əlli il əvvəl jurnalistika məktəbi ümumiyyətlə yox idi. Biz bu peşəni birbaşa reportyor otağında, mətbəədə, ən yaxın kafedə, cümə günləri yuxusuz gecələrdə öyrənirdik. Qəzet jurnalist hazırlayan və eyhamsız yeniliklər fabriki idi.

Biz jurnalistlər həmişə bir yerdə olurduq, eyni hisslərlə yaşayırdıq və öz işimizə o qədər bağlı idik ki, başqa heç bir şey haqqında danışmırdıq. İş möhkəm dostluq əlaqələrinin yaranmasına kömək edirdi və şəxsi işə, ayrıca həyata demək olar ki, yer qalmırdı.

Heç kim redaksiya planlaşdırması keçirmirdi, lakin hər gün saat 5-də bütün əməkdaşlar yeniliklər şöbəsinə kofe içməyə yığışır və gündüz qaçaqaçından dincəlirdilər. Biz sadəcə söhbət edirdik, qəzetin hər bir bölməsi ilə bağlı ən son yenilikləri ətrafında müzakirə aparır və sabahkı buraxılış üçün materiallara son dəyişiklikləri edirdik.

Onda qəzet üç böyük bölmədən ibarət idi: yeniliklər, sensasiyalar və redaksiya məqalələri. Redaksiya şöbəsi ən nüfuzlu və "qapalı" şöbə idi; reportyor bu piramidanın ən aşağısında, haradasa şəyird və buyruq qulu olan oğlanların arasında yer tuturdu.

On doqquz yaşındaykən mən redaksiya şöbəsində anonim ədəbi əməkdaş kimi işə başladım və yuxarı pilləyə qalxana - yeni işə başlayan reportyor olana kimi yavaş-yavaş, böyük çətinliklə xidmət pilləkəni ilə qalxırdım.

Sonralar jurnalistika məktəbləri peyda oldu və texnologiyalar hücüma keçdi. Bu məktəbləri qurtaranlar qrammatikanı və sintaksisi pis bilirdilər, mürəkkəb anlayışlardan çətinliklə baş çıxarırdılar və öz peşələrinin mahiyyətini aşağı səviyyədə başa düşırdılər: nəyin bahasına olursa-olsun, sensasiya əxlaqı bütün prinsiplərdən üstün idi.

Görünür ki, peşə öz işçi alətləri kimi, tez inkişaf edə bilmirdi. Jurnalistlər nəzarətin tam yoxluğu şəraitində onları gələcəyə qovan dəli-divanə tələskənliklə texnologiyanın labirintində itib-batırdılar. Başqa sözlə desək, qəzet işi texniki modernizasiya naminə amansız yarışa cəlb olundu, piyadalarına (reportiyorlarına) təlim keçməkdən imtina etdi və peşənin ruhunu canlandıran bircə əmək mexanizmlərini yaddan çıxartdı.

Yeniliklər şöbələri yalquzaqların işlədiyi steril laboratoriyalara çevrildi. Adama elə gəlirdi ki, oradan Yerdənkənar sivilizasiyalarla təmasa girmək oxucuların qəlbinə nüfuz etməkdən asandır. Bəşəri dəyərlərdən imtina çaparaq gedirdi.

Teletaypın və teleksin ixtirasına qədər hansısa könüllü məzlum az qala kosmik xırıltının və fitin həftəbecərindən bütün dünyanın yeniliklərini tutmaq üçün radioya qulaq asırdı.

Yaxşı məlumata malik müxbir fraqmentləri düzməyə, fonu və uyğün detalları müəyyənləşdirməyə, bir sözlə, bircə fəqərə sütunu ilə dinozavrın skletini bərpa etməyə məcbur idi. Bununla yanaşı müəllifliyi göstərmək qadağan idi – bu, baş redaktorun müstəsna səlahiyyəti idi, hesab olunurdu ki, hətta belə olmasa da dərk olunmayan və qarışıq dildə yazılmış baş məqalə və redaksiya sütünları onun tərəfindən yazılmışdır.

Tarixin göstərdiyi kimi bu yazıları redaktorun makinaçısı səliqə-səhmana salırdı ki, onu məhz bu məqsədlə işə götürürdülər.

Bu gün fakt və rəy çulğalaşıb: şərhlər yeniliklərin içindədir, redaksiya materialları başdan-ayağa faktla doludur. Son məhsul isə bununla mükəmməlləşmir.

Heç vaxt jurnalist peşəsi belə təhlükəli olmayıb: qeyri-ixtiyari və yaxud bilərəkdən buraxılan səhvlər, qərəzli manipulyasiyalar, yaxud zəhərli təhriflər yeniliyi ciddi silaha çevirir.

Adlarını açıqlamaq istəməyən "məlumatlı mənbələri" və "hökumət məmurlar", yaxud hər şeydən xəbərdar, amma heç kimin tanımadığı müşahidəçilər bütün pozuntuları ört-basdır edir və onlar cəzasız qalırlar. Günahkar öz mənbəsini açıqlamamaq hüququndan yararalanır və heç bir zaman özünə sual vermir ki, bəlkə ona məlumatı özünə sərfəli şəkildə ötürən mənbənin əlində itaətkar alətə çevrilib?

Mənim fikrimcə, məhz pis jurnalistlər öz mənbələrini göz-bəbəyi kimi qoruyurlar. Əgər bu mənbə rəsmidirsə, jurnalist onu mifləşdirir, əzizləyir, müdafiə edir, nəticə etibarilə təhlükəli şəkildə onunla həmrəy olur ki, bu da onu bütün digər mənbələri rədd etməyə məcbur edir.

Ola bilsin ki, mən gülməli görünməyə risk edirəm, lakin mənim fikrimcə, maqnitafon bu dramın digər günahkarıdır. O, ixtira olunana kimi üç alətin-bloknotun, "səfehdən qorunmaq" üçün etik prinsiplərin və bir cüt qulağın köməyi ilə iş uğurla gedirdi. Bu alətlərin köməyi ilə reportyor mənbənin danışdıqlarına qulaq asırdı.

Hələlik maqnitafon üçün jurnalistika və etika dərsliyini ixtira etməyiblər. Kim isə cavan reportyorlara başa salmalıdır ki, maqnitafon yaddaşın əvəzi yox, təkmilləşmiş və rahat bloknotdur.

Maqnitafon mexaniki tutuquşu kimi qulaq asır və təkrar edir, lakin o düşünmür, etibarlıdır, lakin onun ürəyi yoxdur və nəhayət, həmsöhbətinə diqqətlə qulaq asan və eyni zamanda deyilənləri dəyərləndirən, öz biliyi və təcrübəsi ilə yoxlayan canlı jurnalistin qavrayışına olduğu qədər ona arxalanmaq olmaz.

Hazırda intervünün layiq olmadığı böyük əhəmiyyət kəsb etməsi üçün maqnitafon tam məsuliyyət daşıyır. Tamam aydındır ki, radionun və televiziyanın təbiəti intervünü özlərinin əsas dayağına çeviriblər. Lakin bu

gün hətta nəşr olunan kütləvi informasiya vasitələri ümumi nöqsanları bölüşür və belə hesab edirlər ki, həqiqətin səsi jurnalistə yox, onun müsahibinə məxsusdur. Ola bilsin, jurnalistin öz həmsöhbətinə qulaq asaraq düşünülmüş qeydlər etdiyi bloknotu qaytarmaq, maqnitafona isə ona uyğun son dərəcə dəyərli şahid rolunu vermək lazımdır.

Düşünmək istərdik ki, çağdaş jurnalistikanın ləyaqətini aşağı salan və onun düzgün işinə mane olan əxlaq qaydalarının pozulması və digər problemlər heç də həmişə şəxsi əxlaqın nəticəsi deyil və adi qeyri-peşəkarlıqdan doğur.

Jurnalistika məktəblərinin bədbəxtliyi ondadır ki, peşənin bəzi faydalı vərdişlərini aşılayır, lakin peşənin mahiyyətini kifayət qədər izah etmirlər.

Jurnalistika məktəblərində təlim üç başlıca prinsipə əsaslanmalıdır. Birincisi və əsası, bacarıq və istedad jurnalist peşəsinin vacib şərtidir; ikincisi, başa düşülməlidir ki, "jurnalist təhqiqatı" xüsusi janr deyil, jurnalistika özü mahiyyəti etibarilə təhqiqatdır; üçüncüsü, etika sadəcə olaraq peşəkarlığın ikinci dərəcəli şərti yox, onun ayrılmaz tərkib hissəsidir, vızıltı və milçək kimi etika və peşə də ayrılmazdır.

Qabriel Qarsia Markes

Qeyd edək ki, bu gün böyük yazıçı, jurnalist Qabriel Qarsia Markesin ad günüdür.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm