"Maşın bir “07”-dir maşınların içində" – FOTOLAR
Bizi izləyin

Avtopublika

"Maşın bir “07”-dir maşınların içində" – FOTOLAR

İndikindən fərqli olaraq sovet vaxtı avtomobil bazarı kasad idi.

Xarici ölkələrdə işləyib özləri ilə gələndə vətənə alman, yaxud yapon istehsalı olan maşınlar gətirmiş azsaylı vətəndaşlarımızı nəzərə almasaq, qalanları sovet avtomobili idarə edirdilər.

Əlbətdə ki, maşınların "şahı" "QAZ-24" sayılırdı. Növbəti yeri "Jiquli" və "Moskviç" tuturdu. Ən axır pillədə isə "Zaparojets" qərarlaşmışdı. Bu sıralamaya aid hətta məşhur meyxana da vardı:

Maşın bir "07"-dir maşınların içində,
Hamısından "vid"didi maşınların içində,
"Qaz-24" hörmətlidi maşınların içində,
Kül başına, ay "Zapı", səndə yoxdu dal qapı,
"Zapı" xəcalətlidi maşınların içində..

Avtomobil həvəskarları digərlərindən fərqlənmək üçün öz maşınlarını bəzəyirdilər. "Volqa" bəzəksiz də prestijli sayıldığı üçün onu çox da tyuninq etmirdilər. Ancaq "Jiquli" və "Moskviç"lərə o ki var bəzək-düzək vurulurdu. Maşının salonu xalça və müxtəlif aksessuarlarla bəzəyən kim, "fala-fala" siqnal qoyan kim.

Sovet avtomobilinin görünüşünü xeyli dəyişirdilər.

Bu müstəqillik dövründə də davam etdi. 90-cı illərdə "Jiquli"lərə enli disklər qoymaq dəbdə idi. Həmin vaxtlar da "Niva" markalı avtomobilləri də tyuninq edərək xarici "cip"lərə bənzədirdilər. "Dubay" variantı olan "Niva"lara şəhərdə tez-tez rast gəlinirdi.

2000-ci illərdə maşın bəzəmək ənənəsi sona çatdı. Ən son olaraq, qara "07"-lər və "Tofaş"lar dəbdə oldu ki, onları da əsasən avtoxuliqanlar idarə edirdi.

Publika.az bu gün tyuninq edilərək, xarici görünüşü dəyişilmiş sovet avtomobillərini təqdim edir.

Qeyd edək ki, tyuninq o qədər də ucuz başa gəlmir. Bəzən ona xərclənən pul maşının öz dəyərini belə üstələyir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm