Çarlz Hendri: “I Avropa Oyunları Azərbaycan və Britaniya təcrübəsinin zəfəri oldu”
Bizi izləyin

Bakı 2015

Çarlz Hendri: “I Avropa Oyunları Azərbaycan və Britaniya təcrübəsinin zəfəri oldu”

Böyük Britaniyanın “Diplomat” jurnalının iyul-avqust buraxılışında (http://www.diplomatmagazine.com/issues/2015/july-august/989-the-baku-2015-games.html ) bu ölkənin keçmiş enerji naziri, baş nazirin Azərbaycandakı sabiq ticarət nümayəndəsi, 2001-2015-ci illərdə parlamentin üzvü olmuş Çarlz Hendri “Bakı 2015 Avropa Oyunları” adlı məqalə ilə çıxış edib.

Publika.az xəbər verir ki, məqalədə müəllif I Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirildiyini qeyd edib:

“Baş nazirin ticarət nümayəndəsi vəzifəsində çalışdığım zaman mənim Cənubi Qafqaz və Mərkəzi Asiyaya bir çox səfərlərim olub. Səfərlərimin əsas məqsədi daha çox peşə fəaliyyətimlə əlaqədar olub - xüsusilə Azərbaycana etdiyim səfərlər. Burada xarici ölkələr tərəfindən yatırılan bütün sərmayənin yarısı Böyük Britaniyaya məxsusdur.

2012-ci ildə Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilk Avropa Oyunlarının keçirilməsini Azərbaycana həvalə etdi. Beləliklə, adətən, 5 ildən 7 ilə qədər vaxt tələb edən layihənin həyata keçirilməsi üçün cəmi iki il yarım vaxt qaldı. Təşkilatçıların bunun öhdəsindən çox qısa müddətdə uğurla gələ bilməsində, heç şübhəsiz, Britaniya təcrübəsindən effektiv faydalanmanın mühüm rolu vardır.

“Bakı-2015” yarışları üçün Azərbaycana gələn qonaqlar ilk növbədə britaniyalı dizaynerlərin layihələri ilə inşa edilmiş hava limanı terminalına üz tuturdu. Onlar “London keb” adlanan əfsanəvi taksilər vasitəsilə tezliklə oyunların keçirildiyi arenalara və ya otellərə çatdırıla bilərdilər. Bakının səs-küylü küçələrində yüzlərlə bu cür taksi işləyir.

Qonaqlar stadiona gəldikdə isə onlar Britaniya Olimpiya Komitəsinin sabiq rəhbəri cənab Saymon Kleq tərəfindən təşkil edilmiş açılış mərasimindən və oyunlardan, şübhəsiz ki, təsirlənəcəklər. O, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinə (BAOƏK) rəhbər seçiləndən öncə London-2012 Yay Olimpiya Oyunlarının Böyük Britaniyada uğurla həyata keçirilməsinə rəhbərlik edən şəxs olub.

Son iki il yarım ərzində mən Avropa Oyunlarına hazırlıq işlərinin şəxsən şahidi oldum. Şəhərdə həyata keçirilən inşaat proqramı misli görünməyən bir proqram idi və bu prosesə 20 000 şirkət cəlb olunmuşdu. Ümumilikdə isə burada 18 yarış arenası var. Bura yeni tikilmiş gimnastika mərkəzi, BMX, üzgüçülük və atıcılıq üçün nəzərdə tutulmuş idman qurğuları, bundan əlavə 68 000 tamaşaçı tutumu olan, atletika idman növləri, həmçinin açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulan stadion daxildir.

50 ölkədən gəlmiş 6 000-dən artıq idmançı 20 idman növü üzrə medallar uğrunda yarışıb. Onlardan 16 idman növündə Rio-2016 Yay Olimpiya Oyunları üçün təsnifat mərhələsindən keçmək imkanı təmin edilib. İdmançılar tam yeni inşa edilmiş “Atletlər kəndi”ndə yerləşdirilmişdi. Onlar burada 1042 mənzil və 800 ton ərzaqla təmin edilmişdi. Bu ərzaq və yeməklər ən yaxşı qida mütəxəssisləri tərəfindən təyin edilmiş və Avropanın ən böyük mətbəxlərindən gətirilmişdi.

Biz açılış mərasimində digər 68 000 tamaşaçı ilə birgə əyləşərək Odlar Yurdunun canlılığı, rəngarəngliyi və ruhunu nümayiş etdirən əlamətdar bir şounu seyr etmək imkanı əldə etdik. Göstərilən tamaşada kaleydoskopik rəqs silsiləsi, atəşfəşanlıq, nəhəng bir nar və onun içindən çıxan “dənələri” əks etdirən şarlar, uçan xalça üzərində oturaraq muğam ifa edən Alim Qasımov, Qobustanın qayaüstü rəsmləri və Con Lennonun “İmagine” mahnısını ifa edən Ledi Qaqa var idi.

Son olaraq məşəli cüdo üzrə ikiqat olimpiya çempionu, Azərbaycan və işğal olunmuş ərazilər arasındakı təmas xəttində xidmət edərkən erməni snayperi tərəfindən vurulub gözdən əlil olan İlham Zəkiyev daşıdı.

Açılış mərasimi Avropa Oyunlarının möhtəşəm birləşdirici gücünü nümayiş etdirdi. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bah bildirdi: “Biz rusiyalı idmançıların ukraynalı idmançılarla yanaşı yarışdığını görürük. Burada Serbiya və Kosovo komandaları və erməni idmançıları yarışı keçirən azərbaycanlılarla yanaşı bu oyunlarda yarışırdılar. Bütün bu idmançılar açılış mərasimində birgə yürüş ediblər. İdmanın gücü bundadır - tarixçəsindən, inancından və ya milliyyətindən asılı olmayaraq insanları bir araya gətirməkdə. Bu, idmanın edə biləcəyi bir şeydir və bəlkə də yalnız idmanın edə biləcəyi şeydir”.

Cənab Bah çıxışına belə davam etdi: “Açılış mərasimi həqiqətən çox əzəmətli idi, tarix, simvolizm və mədəniyyət elementləri ilə dolu idi. Mərasim və Avropa Oyunlarının tam şəkildə təşkili təşkilatçıların qısa müddət ərzində gördüyü möhtəşəm işi əks etdirirdi. Bu, böyük nailiyyətdir”.

Təbii ki, bizim hamımızın Qərb mətbuatının tənqidləri barədə məlumatımız var. Buna baxmayaraq, qeyd etməliyəm ki, getdiyim hər yerdə açılış mərasimi, ümumilikdə Avropa Oyunları barədə çox həvəslə danışıldığını gördüm, söhbət etdiyim bütün insanlardan xoş münasibət gördüm. Mən çox xoşbəxtəm ki, Britaniya təcrübəsi bu uğura öz töhfəsini verib. Bu ölkə beynəlxalq arenada öz yerini tutmağa qərarlıdır. Növbəti Avropa Oyunlarının keçirilməsinə kim cəhd edərsə, o, öz üzərinə çox çətin bir vəzifə götürməli olacaq”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm