“Bu idman obyekti Avropada tikilmiş ən gözəl stadionlardan biridir”
Bizi izləyin

Bakı 2015

“Bu idman obyekti Avropada tikilmiş ən gözəl stadionlardan biridir”

Xəbər verdiyimiz kimi, Bakı-2015 İlk Avropa Oyunları üçün inşa edilmiş BMX stadionunun hazırlığını yoxlamaq üçün sınaq xarakterli yürüşlər təşkil olunub.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov yeni stadionla bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Federasiya rəsmisi bildirib ki, daha əvvəl ABŞ-dan məşhur BMX ustalarından biri olan Barri Nobles yeni stadionu sınaqdan keçirib və müsbət fikirlər səsləndirib:

“Bu gün isə Almaniya, Rusiya və Latviyadan olan idmançılar da stadionu sınaqdan keçirdilər və öz razılıqlarını ifadə etdilər. Bu idman obyekti nəinki MDB-də, ümumiyyətlə Avropada tikilmiş ən gözəl BMX stadionlarından biridir. Güman edirəm ki, yeni inşa olunan arena Azərbaycanda bu idman növünün inkişafına öz müsbət təsirini göstərəcək”.

Sahib Ələkbərov qeyd edib ki, stadionun yerləşdiyi ərazidə abadlıq işlərinin aparılması haqda ilk dəfə ulu öndər Heydər ƏIiyev göstəriş verib:

“Bu ərazidə daha əvvəl daş karxanası yerləşirdi. Ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyev burada abadlıq işlərinin aparılmasına və ərazidə park salınmasına göstəriş verib. Daha sonra isə Prezidenti İlham Əliyevin göstərişi ilə bura idman şəhərciyinə çevrilib. Burada 4 marşrut üzrə velosipedçilərin yarış və məşq keçməsi üçün lazımi şərait var. İşlərin başa çatmasına çox az qalıb. Yaxın bir neçə gün ərzində arena tam hazır olacaq. Azərbaycan velosipedçiləri fəxr edə bilər ki, belə gözəl bazaya sahibdirlər. Bu, onların inkişafına müsbət təsir göstərəcək”.

Federasiyanın vitse-prezidenti “Tour d’Azerbaidjan-2015”-in 6-10 may tarixlərində keçiriləcəyini bildirib:

“Bu yarış ölkəmizdə böyük ərazini əhatə edir, marşrut üzərində 10 rayon və şəhər var. Mötəbər yarış üçün hər şey hazırdı. Avropalı televiziya tamaşaçıları bu yarışın 3 mərhələsinə "Eurosport" kanalı vasitəsilə canlı tamaşa edə biləcəklər. Ölkəmizdə isə “Tour d’Azerbaidjan-2015”-in bütün mərhələlərini "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımda izləmək mümkün olacaq”.

Azərtac

Oxumağa davam et
Reklam
Reklam

Gündəm