Ramiz Quliyev: “Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ürəyimi dağa döndərir”
Bizi izləyin

Bakı 2015

Ramiz Quliyev: “Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ürəyimi dağa döndərir”

Azərbaycan möhtəşəm tarixi hadisənin astanasındadır. Ölkəmizdə birinci Avropa Oyunlarının keçiriləcəyi zamana az qalıb. Bu tarixi hadisə hər bir azərbaycanlını qürurlandırır.

Xalq artisti, şöhrət ordenli tarzən, professor Ramiz Quliyev Avropa Oyunları ilə bağlı təəssüratlarını Publika.az-la bölüşüb:

“Ölkəmizdə belə bir mötəbər tədbirin keçirilməsini tarixi hadisə kimi qiymətləndirirəm. İndiyə qədər belə möhtəşəm tədbirlər dünyanın sayılıb-seçilən güclü dövlətlərində keçirilib. Şadam ki, artıq Azərbaycan da o dövlətlərin sırasına qatıldı”.

Tarzən paytaxtımızda birinci Avropa Oyunlarının məşəli alovlandırılarkən hiss etdiklərindən də danışıb:

“Bilirsiniz ki, aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi və paytaxtımızda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. Prezidentimiz İlham Əliyev və onun xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə keçirilən o tədbiri sevinc göz yaşları içərisində izlədim. Biz bu uğura ölkəmizi daima irəli aparan, onu dünya dövlətləri sırasına qaldıran cənab İlham Əliyev və Mehriban xanım Əliyevanın əziyyətli xidmətləri sayəsində nail olmuşuq. Allah Azərbaycanımızı və dövlət başçımızı qorusun, hifz eləsin! Azərbaycana - Odlar yurduna qonaq gələn digər dövlətlərin nümayəndələri də öz çıxışlarında bir daha bunu təsdiq etdilər ki, bəli, Azərbaycan güclü, sülhsevər və tanınmış bir ölkədir”.

Xalq artisti birinci Avropa Oyunlarının ölkəmizin imicinə müsbət təsirindən də danışıb: “Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsi ölkəmizin müsbət imici deməkdir. Ölkəmizin adı böyük dövlətlərlə qoşa çəkiləcək. Ölkəmizdə Avropa Oyunlarının keçirilməsi bir vətəndaş olaraq ürəyimi dağa döndərir”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm