• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Xanım deputatlar Avropa Oyunlarından danışdılar

Xanım deputatlar Avropa Oyunlarından danışdılar

Milli Məclisin xanım deputatları ölkəmizin ev sahibliyi edəcəyi “Bakı-2015” İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

“Avropa Oyunlarının bizə həvalə olunması uğurumuzun göstəricisidir”

Millət vəkili, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova deyib ki, bütün azərbaycanlılar ölkəmizdə bu cür mühüm tədbir keçiriləcəyi üçün sevinir: “Əlbəttə ki, Azərbaycan bu Oyunları qəbul etməyə layiq ölkədir. Bu qərar təsadüfən qəbul edilməyib. Azərbaycan idmançıları son illər beynəlxalq idman yarışlarında çox böyük uğurlar əldə ediblər, bununla da ölkəmizdə idmanın yüksək səviyyədə olduğunu təsdiqləyiblər. Azərbaycanda idman infrastrukturunun yaradılmasına çox böyük diqqət yetirilir. 40-a yaxın Olimpiya stadionu tikilib. Təkcə Bakıda yox, eyni zamanda respublikanın bütün bölgələrində idman arenalarına rast gəlmək olar. Bütün bunlar da idmanın kütləviliyinin artırılmasına xidmət edir. Hətta dünyada böhran olmasına baxmayaraq, Azərbaycanın bütövlükdə inkişaf tempinin sürətlə davam etməsi bu cür mötəbər idman yarışının ölkəmizdə keçirilməsinə əsas yaradır. I Avropa Oyunlarının bizə həvalə olunması uğurumuzun göstəricisidir və şərəfli işdir”.

“Bu Oyunlar Azərbaycan üçün idman bayramına çevriləcək”

Onun sözlərinə görə, Azərbaycan Avropa Oyunlarını keçirməyə hazırdır: “Çünki ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi təcrübəsi var. Azərbaycan sabit və demokratik ölkədir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin həm bizim, həm də Avropa üçün böyük əhəmiyyəti var. Bu Oyunlar Azərbaycan üçün idman bayramına çevriləcək. İndiyədək təşkil etdiyimiz bütün beynəlxalq tədbirlər çox yüksək səviyyədə keçirilib. İlk Avropa Oyunları da çoxsaylı qonaqların iştirakı ilə və Azərbaycan xalqına məxsus qonaqpərvərliklə, idmanın təşkilində olan dünya standartlarına uyğun şəkildə keçiriləcək. Azərbaycanın imicinin artırılmasında daha bir göstərici əldə edəcəyik”.

“Bədii gimnastikanı çox sevirəm”

Deputat Gülçöhrə Məmmədova qeyd edib ki, hər bir azərbaycanlı, bütün Bakı camaatı idmanın müxtəlif növləri üzrə yarışları böyük həvəslə izləməlidir: “Mən idmandan uzaq adamam, amma I Avropa Oyunları elə bir bayramdır ki, bu bayramdan heç kəs kənarda qala bilməz. Mən bədii gimnastikanı çox sevirəm. Məmnuniyyətlə gimnastlarımızın çıxışına baxacağam. Həmçinin voleybol, basketbol da sevdiyim idman növlərindəndir”.

“Həmin qüvvələr biabırçı duruma düşdü”

Deputat Kamilə Əliyeva bu mötəbər idman yarışının yüksək səviyyədə keçiriləcəyinə inandığını söyləyib: “Hər birimiz bu tədbirin möhtəşəm keçməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Oyunlar öncəsi bəzi təxribatçı qüvvələr, erməni lobissinin sifarişi ilə hərəkət edən beynəlxalq təşkilatlar, onların buradakı emissarı olan müxalifətçilər var ki, onlar boykot çağırış səsləndirdilər. Elə bildilər ki, bu cür mötəbər tədbirin qarşısını almağa çalışa bilərlər. Amma bu dəfə də biabırçı duruma düşdülər”.

“Ölkəmiz bu sınaqdan da üzü ağ çıxacaq”

Onun sözlərinə görə, ölkəmiz artıq ilk Avropa Oyunlarına tam hazırdır: “Cənab Prezident və xanımı Bakıda I Avropa Oyunlarının məşəlini alovlandırdılar. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Avropa Oyunlarının Təşkilat Komitəsi hazırlıq işlərini ən yüksək səviyyədə təşkil edib və böyük uğurlara imza atıb. Heç kəsin şübhəsi yoxdur ki, ölkəmiz bu sınaqdan da üzü ağ çıxacaq və idman tarixində ilkə imza atacaq, dünya Olimpiadasına bərabər möhtəşəm tədbir keçirəcək”.

Vaxtilə basketbolla məşğul olduğunu xatırladan xanım deputat deyib ki, idmanın hər bir sahəsinə marağı var: “Artıq həyat yoldaşım Oyunlara bilet də alıb. Ailə üzvlərimizlə birgə yarışları seyr edəcək, Azərbaycan idmançılarının qələbələrini izləyəcəyik”.

Nərgiz

Xəbər lenti

DAHA ÇOX XƏBƏR