Olimpiya çempionumuz: “Yaradılan şərait məni valeh edib”
Bizi izləyin

Bakı 2015

Olimpiya çempionumuz: “Yaradılan şərait məni valeh edib”

“I Avropa Oyunları bir tarixdir” – bu sözlərin müəllifi olimpiya çempionu Elnur Məmmədlidir.

Hazırda cüdo federasiyasının vitse-prezidenti postunu tutan keçmiş idmançı iyunun 12-28-də ölkəmizdə keçiriləcək İlk Avropa Oyunları haqqında fikirlərini Publika.az-la bölüşüb. O, I Avropa Oyunlarını illər sonra da xatırlanacaq möhtəşəm tarix kimi xarakterizə edib:

“Bilirsiz ki, birinci olimpiya oyunları Yunanıstanın adı ilə bağlıdır. Bu tarix uşaqdan böyüyə qədər hamının ağlında belə qalıb. Təbii ki, I Avropa Oyunlarının da Azərbaycanda keçirilməsi bir tarixdir. Bütün dünya illər keçsə də, bu tarixi oyunu Azərbaycanla xatırlayacaq.

İkinci tərəfdən tikilən hər bir idman qurğusu, idman obyektləri xalq, dövlət üçündür. Cənab prezidentimiz bunu idmançılar üçün edib. Bu da bizim üçün xoş təəssüratlardır”.

Elnur Məmmədli idman obyektlərindən də danışdı:

“Mən özüm Gimnastika arenasında, yeni təmirdən çıxmış Heydər Əliyev adına idman-konsert kompleksində, Əl Oyunları İdman Sarayı və bir çox zallarda olmuşam. Keçmiş bir idmançı kimi deyə bilərəm ki, şərait məni valeh edib.

Bütün dünyanı gəzmiş, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında olmuş biri kimi deyirəm ki, ölkəmizdə yaradılan şərait fantastikdir. Həm arenalar, həm tamaşaçılar üçün oturacaqlar, həm zalın hündürlüyü – bir sözlə, hər şey yüksək səviyyədə qurulub.

Demək olar ki, ölkəmizin bir çox insanları televizor vasitəsi ilə olimpiya oyunlarına baxıb. Amma artıq oradakı təşkilatçılığı canlı şəkildə Avropa Oyunlarında da görə biləcəklər.

Hər kəs yarışa gəlib baxa bilər, açılışda da ola bilər. Hamımız bu mötəbər turnirin keçiriləcəyi mərkəzlərdə olub, bu gözəlliklərə heyran qalacağıq. Bu da ölkəmiz üçün böyük bir işdir. İnanıram ki, idmançılarımız onlara yaradılan şərait müqabilində yüksək nailiyyətlər qazanacaqlar. Himnimiz dəfələrlə səslənəcək”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm