“Avropa Oyunları ölkəmizdə turizmin inkişafı üçün yeni imkanlar yaradacaq” – Bakı sakinləri arasında SORĞU - FOTOLAR
Bizi izləyin

Bakı 2015

“Avropa Oyunları ölkəmizdə turizmin inkişafı üçün yeni imkanlar yaradacaq” – Bakı sakinləri arasında SORĞU - FOTOLAR

İlk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları istər yerli, istərsə də xarici vətəndaşların diqqətindədir. Bir neçə aydır başlanan hazırlıq işləri daha da sürətlənib. Aprelin 26-da Bakıda I Avropa Oyunlarının məşəlinin alovlandırılması artıq Oyunlara qısa zaman qaldığından xəbər verirdi.

Paytaxtda, eləcə də bölgələrdə rəsmi qurumlar tərəfindən hazırlıqlar aparılır. Oyunlar ölkə iqtisadiyyatı, turizmi baxımından xeyli uğur vəd etdiyi qədər idmana olan marağı da artıracaq. Oyunlara bilet satışları da artıq başlanıb.

Bəs Bakı sakinləri oyunlar barədə nə düşünür? Əsas maraq hansı idman növünədir?

Publika.az olaraqbununla əlaqədar sakinlər arasında mini sorğu keçirdik. Sorğuda iştirak edən gənclərlə yanaşı, orta və yaşlı nəslin nümayəndələri də oyunlara xeyli maraqlı görünürdü.

Ellada Əliyeva bu oyunların ilk növbədə ölkəmizi xarici qonaqlara tanıtmaq üçün yaxşı fürsət olduğunu deyir.

“Bizim insanımız, ölkəmizin gözəlliyi mütləq avropalıların diqqətini çəkəcək. Bu oyunlar idmana marağı olan insanlar üçün də yaxşı fürsətdir. Mənim qızım və kürəkənim gimnastika və üzgüçülüklə maraqlanır. Həmin oyunlara bilet alacaqlar. Mən nəvəmi saxladığıma görə, yəqin, gedə bilməyəcəm”.

Oyunların ölkənin turizm imkanlarına müsbət təsir edəcəyini düşünən iş adamı Qalib Haqverdiyev övladları ilə birlikdə oyunlarda iştirak edəcəyini deyir:

“Avropa Oyunları ölkəmizdə turizmin inkişafı üçün yeni imkanlar yaradacaq. Oğlum idmanla məşğul olur, elə mən də işdən imkan tapdıqca üzgüçülüyə gedirəm. Ümumiyyətlə, idman bizim ailənin ən sevimli məşğuliyyətidir. Oğlumla birlikdə oyunlara baxmağa gedəcəyik”.

62 yaşlı Şamama İbrahimova idmanla məşğul olmasa da, oyunlara baxmağa marağının yüksək olduğunu deyir:

“Oyunlar ölkəmizdə idmanın inkişafı baxımdan yaxşı fürsətdir. Yaşıma baxmayın, mən idmanla çox maraqlanıram. Özüm getməsəm də, övladlarım gedəcək. Artıq bilet alıblar”.

“Evrovision”dan sonra belə bir möhtəşəm yarışın ölkəmizdə keçirilməsinin böyük bir uğur olduğunu deyən Bakı Avrasiya Universitetinin tələbəsi Nurlanə Səfərli oyunlarda könüllü kimi iştirak edəcək.

“Bu oyunlar sayəsində Azərbaycan öz qüdrətini və böyük dövlət olduğunu bir daha Avropaya sübut etmiş olacaq. Biz tələbələr bu işə dəstək vermək üçün könüllü olaraq iştirak edəcəyik. Ölkəmizə gələn turistlərin bizdən razı qalmasına çalışacağıq”.

Tələbə Aynur Salmanova bu oyunların ölkəmizi daha da irəli aparacağını deyir.

“Mən gimnastika ilə maraqlanıram. Qrup yoldaşlarımla birlikdə bu oyunlara getməyi planlaşdırmışıq”.

21 yaşlı Tural Həsənov gənclər arasında oyunlara marağın yüksək olduğunu deyir:

“İdmanla məşğul olan biri kimi oyunların ölkəmizdə keçirilməsini dəstəkləyənlərdənəm. Mütləq bir neçə yarışa baxmağa gedəcəm. Əlbəttə, tək yox, tələbə dostlarımla birlikdə”.

Gülxar

FOTO Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm