Habil Əliyev: “Prezident məşəli alovlandıranda ağladım” - MÜSAHİBƏ
Bizi izləyin

Bakı 2015

Habil Əliyev: “Prezident məşəli alovlandıranda ağladım” - MÜSAHİBƏ

Azərbaycan möhtəşəm tarixi hadisənin astanasındadır. Ölkəmizdə birinci Avropa Oyunlarının keçiriləcəyi zamana az qalıb. Bu tarixi hadisə hər bir azərbaycanlını qürurlandırır.

Xalq artisti, Şöhrət və İstiqlal ordenli Habil Əliyev Avropa Oyunları ilə bağlı Publika.az-a müsahibə verib

- Habil müəllim, ölkəmizdə ilk dəfə keçirilən Avropa Oyunları ilə bağlı xəbərləri izləyirsinizmi?

- Əlbəttə izləyirəm və fəxarət hissi keçirirəm. Heyf ki, yaşlanmışam, son vaxtlar səhhətimdə yaranan problemlərə görə həkimlər məni evdən bayıra çıxmağa qoymur. Şərqiyyə elə dava-dərmanla məni evdə uşaq kimi saxlayır. Ürəyim atlanır ki, mən də geyinim-kecinim, bir xoşbəxt vətəndaş kimi o tədbirlərə qatılım. Gözümü televizordan çəkmirəm. Paytaxtımızda Prezidentimiz Avropa Oyunlarının məşəlini alovlandıranda mən ağladım. Sevincimdən kövrəldim, həm də çox qürurlandım. Prezidentim İlham Əliyev və onun xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Azərbaycan naminə atdığı hər addım məni qürurlandırır. Sənət adamlarımız da orda idi, o an ürəyimdən keçdi ki, kaş mən də orda olaydım, o məşəlin alovuna yaxından tamaşa edəydim. Elə televizora baxa-baxa qaldım.

- Havalar da isinir, inşallah, tezliklə sağalarsınız, elə iyun ayında Avropa Oyunlarını daha yaxından izləyərsiniz…

- Ay qızım, Allah ağzından eşitsin. Azərbaycanı bu gün tanımaq olmur, dəyişib, gözəlləşib. Vallah adamın heç ölməyi gəlmir. Deyirəm kaş heç qocalmayaydım, bu xəstəlik olmayaydı, hələ yaşamaq istəyirəm.

- Habil müəllim, kimdir sizi ölməyə qoyan, siz hələ bu xalqa çox gərəklisiniz…

- Elə məni də yaşadan bu xalqın sevgisidir. Xalqımın hər uğurunu özümün uğurum saymışam.

- Habil müəllim, ölkəmizdə keçirilən Avropa Oyunlarını necə qiymətləndirirsiniz? Azərbaycan bu mötəbər tədbirdən nə qazanacaq?

- Çox şey. Birincisi ölkəmizin adı dünyanın ən güclü dövlətləri ilə eyni sırada çəkiləcək. Yarışların keçirildiyi hər gün bütün dünyanın gözü Azərbaycana dikiləcək. İkincisi, ingilis, rus, fransız və daha neçə-neçə xalq Azərbaycandan danışacaq. Ölkəmiz qapılarını bütün xalqların üzünə açacaq. Onda başa düşəcəklər ki, Azərbaycan necə sülhsevər, barış istəyən bir ölkədir. Bu möhtəşəm tədbir ermənilərin əsrlər boyu apardığı yalançı təbliğatı heçə döndərəcək. Bakıdan qayıdandan sonra hələ uzun müddət Azərbaycan və Azərbaycan xalqının qonaqpərvərliyi, sülhsevərliyi, gözəlliyi haqqında danışılacaq. Bu nüfuzlu tədbir beynəlxalq aləmdə yerimizi daha da möhkəmləndirəcək. Bu tədbirin keçirilməsi Azərbaycan üçün böyük bir fürsət və uğurdur.

- Habil müəllim, idmanla aranız necədir?

- Cavanlıqda həmişə idmana maraq göstərmişəm. Çünki idman sağlamlıq deməkdir. Şərt o deyil ki, idmanın hansı növü iləsə məşğul olasan. Elə fiziki işlə məşğul olmaq, gəzmək idman etmək deməkdir. Qolumun gücünü yalnız kamançaya göstərmişəm. Azərbaycanın adını dünyada tanıdan qalib idmançılarımızla həmişə fəxr etmişəm.

- Avropa Oyunlarında iştirak edən idmançılarımıza bir ağsaqqal, sevilən sənətkar kimi xeyir-duanızı da eşitmək istərdik…

- Təkcə öz idmançılarımıza deyil, Azərbaycanıma qonaq gələn və qalib olmaq istəyən hər bir idmançıya uğurlar arzulayıram. Qoy öz ölkələrinə qalib adıyla qayıtsınlar. Bizim idmançılarımız qalib olmasalar da olar. Çünki Avropa Oyunlarının keçirilməsi elə Azərbaycanın ən böyük qələbəsidir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm