Elza Seyidcahan: “Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi ilə fəxr edirəm”
Bizi izləyin

Bakı 2015

Elza Seyidcahan: “Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi ilə fəxr edirəm”

Əməkdar artist Elza Seyidcahan “Bakı Avropa Oyunları 2015” yarışmasının ilk dəfə olaraq məhz vətənimizdə keçirilməsindən qürur duyduğunu deyib. Bu barədə Publika.az-a açıqlama verən müğənni bunun çox böyük məsuliyyət olduğunu vurğulayıb:

“Mənim üçün böyük fəxrdir ki, dünyada ilk dəfə keçirilən Avropa Oyunları məhz mənim ölkəmdən başladı. Buna görə ali baş komandanımız, ölkə başçımız İlham Əliyevə minnətdarlığımı bildirirəm. O, gözəl insan olduğu qədər də müdrikdir. Hesab edirəm ki, məhz Azərbaycanın birinci ailəsinin sayəsində ölkəmizdə dünyanın ən mötəbər tədbirləri baş tutur. Bu həm də böyük məsuliyyətdir. 6 min idmançı ölkəmizə gələcək”.

Elza Seyidcahan tədbirə hazırlıqla birbaşa əlaqəsinin olub-olmamağından asılı olmayaraq, hər kəsin bu işə can yandırmasının vacibliyini də vurğulayıb:

“Mən şöhrət ordenli, əməkdar məşqçi, Azərbaycana qızıl medallı idmançılar bəxş edən Vahid Məmmədovun bacısı qızıyam. Olimpiya səfiri seçilməsəm də, idmana və idmançılarımıza hər zaman dəstəyəm. Odur ki, vətəndaş və bəstəkarlıq borcumu yerinə yetirərək bu tədbirə “Olimpiya himni” həsr etmişəm. Sözləri Rəşad Məcidə, musiqisi isə mənə məxsus olan “Olimpiya himni” adlı əsərimi hər kəs bəyənəcək. Ümumiyyətlə, düşünürəm ki, hər peşə sahibi bu uğura öz töhfəsini verməlidir”.

Seyidcahan Publika.az-a uşaqlıqdan idmana həvəsli olduğunu və sağlam həyat tərzi sürdüyünü də bildirib.

“İdman sağlam bədəndə sağlam ruh deməkdir. Elə özüm də sağlam həyat tərzi sürürəm. İçki və siqaret çəkmək kimi pis vərdişlərim də yoxdur. Mən uşaqlıqdan qılıncoynatma idman növünə meylli olmuşam. Bundan başqa atçılıq, gimnastika, üzgüçülük idman növlərinə də marağım var. Ancaq oğlan olsaydım, futbolu seçərdim”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm