• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Namiq Abdullayev: “Avropa Oyunları Olimpiya Oyunlarına bərabər səviyyədə keçiriləcək”

Namiq Abdullayev: “Avropa Oyunları Olimpiya Oyunlarına bərabər səviyyədə keçiriləcək”

“Əlbəttə ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi bir andır. Bu xalqımız, idmançılarımız üçün bir uğurdur. Avropa Oyunları ilk dəfə keçirildiyinə görə, həm Avropa ölkələrinə, həm də dünyaya səs salacaq”. Bu sözləri Publika.az-a açıqlamasında olimpiya çempionu, Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev deyib. Sabiq idmançı ölkəmizin İlk Avropa Oyunlarından sonra Olimpiya Oyunlarını da keçirəcək gücdə olduğunu bildirib:

“Biz Avropa və dünya çempionatlarına ev sahibliyi etmişik. Beynəlxalq turnirdə lazımi şəraiti yaratmaq üçün təcrübəmiz var. Bu turnirin önəmi ondadır ki, yeniyetmə, gənc idmançılarımız inkişaf dövrü yaşayacaqlar və görəcəklər ki, Avropa Oyunları Olimpiya Oyunlarına bərabər səviyyədə keçiriləcək, ondan heç də geri qalmayacaq. Azərbaycanda Olimpiya Oyunlarına bərabər Avropa Oyunları keçiriləcək. Müstəqilliyimiz əldə edilən gündən ulu öndərimiz idmana böyük diqqət qayğı göstərib. İdmanda olan inkişaf göz qabağındadır. Dünya Olimpiya Komitələri prezidentləri, Avropa Olimpiya Komitələri prezidentləri də bilirlər ki, artıq Azərbaycanda gedən proseslər idmana olan diqqət və qayğının nəticəsidir. Həmçinin Avropa və dünya çempionatlarında qazanılan medallar buna nümunədir. Bundan başqa, London olimpiadasında qazanılan uğur özü bir tarix idi.

Avropa Oyunlarının keçirilməsi ilə ölkəmizdə böyük bir bayram olacaq. Artıq hər kəs bu cür möhtəşəm turniri televiziya vasitəsi ilə yox, canlı izləmək şansı əldə edəcək. Bilirsiz ki, İlk Avropa Oyunlarında dünya miqyaslı idmançılar, olimpiya çempionları iştirak edəcəklər. Ölkəmizdə Avropa Oyunlarına hazırlıq məqsədi ilə test yarışları keçirilir. Bu da hazırlığın necə getdiyini göstərən bir nümunədir. Həmçinin aprelin 26-da Atəşgah məbədində məşəlin cənab prezidentimiz İlham Əliyev tərəfindən götürülməsi bütün dünya ölkələrinə səs saldı. I Avropa Oyunlarının açılış və bağlanış mərasimi çox gözəl keçəcək.

Keçmiş bir idmançı, idmanın içində olan biri kimi deyə bilərəm ki, bu yarışın təşkili məni çox qane edir. Yeni idman obyektlərinin tikilməsi, yenidənqurma işlərinin aparılması yarışların yüksək səviyyədə keçiriləcəyini göstərir.

Onu da qeyd edim ki, Olimpiya oyunlarında qazanılan uğurlar kimi, İlk Avropa Oyunlarında da uğur qazanacağımıza inanıram. İnanıram ki, idmançılarımız dəfələrlə bayrağımızı qaldırıb, himnimizi oxudacaq, bizə qızıl medallar bəxş edəcəklər”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR