• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sabir Rüstəmxanlı: “I Avropa Oyunları Qarabağ faciəsini dünyaya daha yaxşı eşitdirəcək”

Sabir Rüstəmxanlı: “I Avropa Oyunları Qarabağ faciəsini dünyaya daha yaxşı eşitdirəcək”

“I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir”.

Bunu Publika.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, Azərbaycanın dünyada nüfuzu durmadan artır: “Bu möhtəşəm tədbirin bizim ölkədə keçirilməsi də bunu deməyə əsas verir. 2012-ci ildə “Eurovision” müsabiqəsinin Bakıda keçirilməsinə şübhə ilə yanaşanlar var idi. Ancaq mahnı müsabiqəsinin tarixində ən gözəl müsabiqə bizim ölkəmizdə keçirildi. Qarabağ problemi olan, torpaqları işğal altında ola-ola bu millətin hansı böyük mədəniyyətə, hansı potensiala malik olduğunu, təşkilati işlərdə necə güclü olduğunu ortaya qoyduq. Mən açıq deyirəm ki, bu, dövlətin və millətin gücünü göstərir. Odur ki, buna qarşı təbliğat aparmağı ağılsızlıq hesab edirəm. Əgər belələri içimizdə varsa, heç də yaxşı hal deyil”.

S. Rüstəmxanlı qeyd edib ki, Azərbaycana qarşı aparılan kampaniya və ölkə daxilində bəzi qüvvələrin buna dəstək verməsi I Avropa Oyunları məsələsi deyil.

“Ölkə daxilində müəyyən problemlər ola bilər. Təbii ki, insan haqları qorunmalıdır, çox iş görülməlidir. Ancaq bütün bunları böyük beynəlxalq tədbirlərlə, Azərbaycanın milli maraqları ilə əlaqələndirmək olmaz. Bu dəqiqə Azərbaycanda mühüm tədbir keçirilirsə, filan iş belə olduğundan bu mühüm tədbirlərin Bakıda keçirilməməsi fikrini irəli sürməməliyik. Onsuz da kifayət qədər düşmənimiz, Azərbaycanı sevməyənlər var”, - deyə o bildirib.

VHP sədri I Avropa Oyunlarından sonra Azərbaycanın bütün dünyada yaxşı görünəcəyini diqqətə çatdırıb: “Hesab edirəm ki, bu, gələcəkdə böyük futbol yarışları, dünya olimpiya oyunlarının keçirilməsi üçün də bir məşqdir. Azərbaycanın bu yarışları keçirməyə də gücü çatacaq. Ancaq bura gələnlər Azərbaycanın mədəniyyətini, tarixini, yaşadığı problemləri, Qarabağ faciəsini daha yaxşı eşidəcək və biləcəklər. Bunsuz mümkün deyil. Bütün bunları nəzərə alsaq, I Avropa Oyunlarının məhz bizim ölkəmizdə keçirilməsinə müsbət yanaşmalıyıq”.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR