Bakı Bulvarı I Avropa Oyunlarına yeniliklərlə hazırlaşır – FOTOREPORTAJ
Bizi izləyin

Bakı 2015

Bakı Bulvarı I Avropa Oyunlarına yeniliklərlə hazırlaşır – FOTOREPORTAJ

Azərbaycanın ev sahibliyi etdiyi “Bakı-2015” I Avropa Oyunlarına təxminən bir aydan bir qədər artıq vaxt qalıb. Bütün ölkədə hiss olunan canlanma Bakının Dənizkənarı Bulvarında da hiss olunur. Bu mötəbər tədbirin keçirilməsi üçün 3 böyük idman meydançasının Bulvar ərazisində yerləşdiyini nəzərə alsaq, dənizkənarı parkın təkcə qonaqların istirahəti üçün deyil, həm də yarışların izlənilməsi üçün nə qədər əhəmiyyət daşıdığını görərik.

İlk Avropa Oyunları çərçivəsində müxtəlif idman növlərində bir sıra yarışlar bu meydançalarda keçiriləcək. Bunlar paytaxt sakinlərinin keçmişdə “Əl Oyunları Sarayı” kimi tanıdığı Bakı İdman Sarayı, “Kristal Holl” idman-konsert kompleksi və yeni bulvar ərazisində yerləşən Su Oyunları stadionudur. Bunları nəzərə alsaq, nəinki gələn turist və qonaqların, həmçinin idmançıların da sayı bulvar ərazisində çox olacaq, idarə gücləndirilmiş iş rejimində işləyəcək. Bu həm bulvar idarəsinin əməkdaşlarına, həm də bulvarda xidmət edən çoxlu sayda obyektlər- restoranlar, kafelər, köşklər, attraksionlar, karusellərdə çalışan sahibkarlara da aiddir.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun bildirdiyinə görə, bu obyektlərdə çalışanlar səhər qapılarını bir qədər tez açacaq və sonuncu qonaq gedənə qədər bağlamayacaqlar. Bulvarda dəniz gəzintisi üçün 3 gəmi ayrılıb. Qurum rəsmisinin sözlərinə görə, onlar da gücləndirilmiş iş rejimində çalışacaq. Gəmi gəzintisinə konkret saat məhdudiyyəti qoyulmayacaq və gecə səhərə kimi də gəzintiyə çıxanlara xidmət göstərə bilərlər.

“İndi Avropada internetsiz həyat yoxdur, hər yerdə Wi-Fi var. Bulvarda bəzi yerlərdə var, biz çalışırıq ki, olmayan yerlərdə də internet olsun. Bundan başqa, gələn qonaqların adətən ödəmələri kartla etdiklərini nəzərə alaraq, hər yerdə post-terminallar quraşdırmışıq. Ola bilər ki, əcnəbi turist mübadilə üçün valyuta məntəqəsinin yerini bilməz, amma kart hər yerdə işləyir”.

N. Məcidov həmçinin bildirdi ki, Bulvarda 3 marşrut üzrə qatarlar hərəkət edir. Bunlardan biri Dəniz Vağzalından Saat Qülləsinə qədər, digəri Saat Qülləsindən “Azneft” meydanına qədər, üçüncüsü isə İdman Sarayından Bayraq Meydanına qədərdir. Bu isə bir insanın bütün Bulvarı görməsinə şərait yaratmadığından, qatarı dəyişmək lazım gəldiyindən, oyunlar ərəfəsində bununla bağlı yeni plan hazırlanıb. Belə ki, Bulvarın bir başından o biri başına qədər müxtəlif yerlərdə dayanacaqlar olmaq şərtilə qatarlar hərəkət edəcək. Rəis müavinin sözlərinə görə, artıq bununla bağlı yeni qatarlar da sifariş olunub: “Yeni qatarların yaxın zamanda istifadəyə verilməsi gözlənilir. Fərq odur ki, bunlar daha tutumlu olacaq. Belə ki, əvvəlki qatarlarda hər vaqon 20 nəfər, iki vaqon 40 nəfər tuturdusa, yeni vaqonların hərəsindən 50 nəfərlik yer var. Bundan əlavə, yeni qatarlar həm də daha müasir və daha komfortlu olacaq”.

Yeniliklərdən danışan N. Məcidov bildirdi ki, bu yaxınlarda Bulvara iki yeni attraksion gətirilib – “Uçan boşqab” və “Kosmos”. Artıq hər iki attraksion quraşdırılaraq istifadəyə verilib. 2008-ci ildən Bulvarda nəinki hər ay, bəzən hər gün dəyişiklik, yenilik olduğunu deyən Nazim Məcidovun sözlərinə görə, yeniliklərin davam edəcəyi gözlənilir.

Elə özümüz də Bulvarda gəzinti zamanı bir sıra dəyişikliklərin getdiyinin və ərazinin genişləndirildiyinin şahidi olduq. Bulvarın iki yeni hissəsinin istifadəyə verilməsindən sonra ərazi hər iki istiqamətdə 3 kilometr uzanacaq. Bulvar Dəniz Vağzalından Nobel prospektinə qədər, Bayraq Meydanından 20-ci dairə istiqamətinə genişləndirilir. Hazırda ərazidə son təmir-tikinti işləri aparılır və işıqlandırma sistemləri qurulur.

Gülnar Əliyeva

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm