• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Avropa Oyunlarının məşəli Biləsuvarda sevinclə qarşılandı

Avropa Oyunlarının məşəli Biləsuvarda sevinclə qarşılandı

Bakı 2015 İlk Avropa Oyunlarının məşəli Masallıdan sonra Biləsuvara gətirilib. Birinci Avropa Oyunlarının məşəli Biləsuvarda böyük sevinclə qarşılandı.

Publika.az xəbər verir ki, əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutan sakinlər məşəl yürüşünün iştirakçılarını qarşılamaq üçün şəhərin küçə və meydanlarında toplaşmışdılar.

Əvvəlcə Biləsuvar şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi oldu.

Avropa Oyunlarının rəmzi qapısında rayonun fəal gənclərindən olan Səbinə Hüseynova məşəli qəbul etdi.

Sonra 10 məşəlçi Oyunların rəmzi qapısından 4 kilometr məsafədə yürüşə başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında Nizami Gəncəvi, Tofiq İsmayılov, Mübariz İbrahimov və Səməd Vurğun küçələri boyunca hərəkət etməklə şəhərin mərkəzi meydanına gəldilər. Buradakı meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşıladılar.

Meydana toplaşan yüzlərlə sakinin alqışları ilə kikboksinq üzrə dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, respublika Kikboksinq Federasiyasının baş məşqçisi Ehtiram Məcidov məşəli Heydər Əliyev Meydanında qurulmuş səhnəyə qaldırdı.

Burada məşəli alovlandıran Ehtiram Məcidov birinci Avropa Oyunlarının çırağını yandıraraq sərbəst güləş üzrə respublika çempionu İqbal Aslanova təqdim etdi. İqbal Aslanov isə çırağı yarışlar başa çatana qədər rayonda saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də 150-dən artıq qonağın iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı bayram əhval-ruhiyyəsini daha da artırdı.

Heydər Əliyev Mərkəzinin direktoru Gülmalı Gülalıyev bu əlamətdar hadisə münasibətilə təəsssüratlarını bölüşərək dedi: “Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nə qədər böyük nüfuza malik olduğunu göstərən ən tutarlı faktdır. Mən respublikamızın bu böyük uğuruna sevinir, fərəh hissi keçirirəm. Çünki bu əlamətdar hadisə xalqımızın tarixinə həkk olunacaq”.

Rayon sakini Nadir İlyasov isə birinci Avropa Oyunlarının məşəlinin qarşılanmasından duyduğu sevinci dilə gətirdi: “Bu gün çox böyük qürur hissi keçirirəm. Azərbaycan iyun ayında birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Oyunların məşəlinin Biləsuvara səyahəti isə bu sevincimizi ikiqat artırır. Rayonumuzun belə mötəbər tədbirin bir hissəsi olmasından hədsiz sevinc duyuruq”.

Birinci Avropa Oyunlarının məşəli Biləsuvardan sonra Cəlilabada yola salınıb.

Qeyd edək ki, birinci Avropa Oyunlarının məşəlinin səyahətinə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Birinci Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək. Oyunlarda milli olimpiya komitələrini təmsil edən 6000-dən çox avropalı idmançı qüvvəsini sınayacaq və yarışlar çimərlik futbolu, basketbol 3x3, karate və sambo kimi qeyri-Olimpiya idman növləri də daxil olmaqla, ümumilikdə 20 idman növü üzrə təşkil ediləcək. Həmçinin 12 idman növü Rio 2016 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Yarışlar 18 idman obyektində keçiriləcək və ümumilikdə 253 medal uğrunda mübarizə aparılacaq.

Azərtac

Xəbər lenti

DAHA ÇOX XƏBƏR