“Açılış şousunu çox həyəcanla gözləyirik” - “Olimpiya” stadionundan FOTOREPORTAJ
Bizi izləyin

Bakı 2015

“Açılış şousunu çox həyəcanla gözləyirik” - “Olimpiya” stadionundan FOTOREPORTAJ

Avropa Oyunlarının başlanmasına 39 gün qalıb. Vaxt yaxınlaşdıqca həyəcan artır. Bu mötəbər turnirin keçirilməsinə görə ölkəmizdə yeni idman obyektləri tikilib və yenidənqurma işləri aparılır.

Yeni tikilən idman obyektlərindən biri də Bakı “Olimpiya” stadionudur. “Olimpiya” stadionu futbol yarışları və atletika görüşlərinə ev sahibliyi etmək üçün nəzərdə tutulan çoxfunksiyalı idman obyektidir. Atletlər Kəndinin (AK) şimalında yerləşən kompleksdə Avropa Oyunları üçün atletika yarışları, həmçinin Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimləri də baş tutacaq.

“Olimpiya” stadionu ilə yaxından tanış olmaq üçün həmin kompleksə yollandıq.

Möhtəşəm sürpriz bizi gözləyir

Düzdür, “Olimpiya” stadionunun içərisində çəkiliş aparmaq, oraya daxil olmaq mümkün olmadı. Buna da səbəb Avropa Oyunları zamanı hər kəsi gözləyən sürprizdir. Elə stadionun baş meneceri Konstantin Bortniçek də bunu belə izah etdi. Onun sözlərinə görə stadionun konstruksiya işləri artıq başa çatıb, ancaq strukturda bəzi işlər hələ də davam edir:

“Bakı 2005 İlk Avropa Oyunlarına çox ciddi və yüksək səviyyədə hazırlıq gedir. Bu oyunları səbirsizliklə gözləyən tamaşaçılara sürpriz etmək istədiyimiz üçün iyunun 12-nə, yəni oyunların açılışınadək heç bir çəkiliş etməyə icazə verilmir. Stadionun konstruksiya işləri tamamilə yekunlaşıb, hazırda struktur işləri plan üzrə açılışa qədər ardıcıllıqla gedir”.

Diqqətləri cəlb edən obyekt – Şayiələrə inanmayaq...

Ümumilikdə 3 mindən çox şəxsin çalışdığı “Olimpiya” stadionunda güclü iş rejiminin getdiyi kənardan da görünürdü. Yeni üslubda tikilən arena Avropada və dünyada ən müasir dizaynda tikilmiş stadionlardandır. Bu stadion həm Avropa Oyunlarını, həm də bir çox beynəlxalq və yerli yarışları keçirmək imkanına malikdir. Bəlkə də elə buna görə həqiqətə uyğun olmayan bəzi iddialar ortaya atılır. Stadionun baş meneceri K.Bortniçek neqativ informasiyaların həmişə mötəbər yarışlardan əvvəl səsləndiyini bildirdi:

“Dünyadakı bütün mötəbər yarışlar öncəsi belə hallar olur. Həm Soçi, həm də London olimpiadalarından əvvəl buna şahid olmuşuq. Həqiqətə uyğun olmayan məlumatları ciddiyə almaq lazım deyil. Hər kəsi əmin etmək istəyirəm ki, stadionda bütün işlər çox yüksək səviyyədə və dünya standartlarına cavab verən şəkildə davam edir. Stadion 60 mindən çox tamaşaçını və idmançıları qəbul etməyə, açılışa hazırdır. Bir neçə gün sonra stadion sınaq məşqləri keçirməyə tam hazır olacaq. Artıq iyun ayında açılışa ideal şəkildə hazırlanacaq”.

“Gələcək nəsillər deyəcək ki...”

Doğrudur ki, bu cür mötəbər turnirin Azərbaycanda keçirilməsi bir tarixdir. Bütün dünya illər keçsə də, bu tarixi oyunu Azərbaycanla xatırlayacaq. Necə ki, Yay Olimpiya Oyunları Yunanıstanla xatırlanır. Elə həmsöhbətimiz, stadionda gedən işlərdən məsuliyyətli şəxs Konstantin Bortniçek də bu fikirlə razıdır:

“Bu Oyunların əsas özəlliyi ondan ibarətdir ki, birinci Avropa Oyunları məhz Bakıda keçiriləcək. Dünyada müxtəlif olimpiya oyunları keçirilib. Amma “Bakı 2015” Olimpiya Oyunlarından çox fərqlənəcək. Gələcək nəsillər deyəcək ki, ilk Avropa Oyunları Azərbaycanın paytaxtında keçirilmişdi. Hər bir işin başlanğıcında çətinliklər çox olur. Bakı Avropa Oyunlarının idman tarixini yazır. Tarixdə Bakı ilk Avropa Oyunlarının keçirildiyi məkan kimi yadda qalacaq. Hər bir şeyin öhdəsindən gəlmişik, çox möhtəşəm idman yarışı olacaq. Biz peşəkar komandalarla, ABŞ, London və digər ölkələrdən gələn mütəxəssislərlə birgə çalışmışıq və əlimizdən gələni etmişik ki, İlk Avropa oyunları çox yüksək səviyyədə keçirilsin. Bu yarışlarda müxtəlif millətlərdən olan nümayəndələrin iştirakı ilə möhtəşəm tədbirin keçiriləcəyinə inanırıq.

Açılış şousunu çox həyəcanla gözləyirik. Doğrudur, 24 saat fasiləsiz çalışmaq çətin iş qrafiki olsa da, biz tam gücümüzlə hər şeyin yüksək səviyyədə alınacağına əminik”.

Aygün İlqarqızı

FOTOLAR: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm