Bakı 2015-ə doğru: Özünümüdafiə üçün “Elastik yol”
Bizi izləyin

Bakı 2015

Bakı 2015-ə doğru: Özünümüdafiə üçün “Elastik yol”

Cüdo yapon döyüş sənətlərindən biridir. Bu idman növü Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Ciqaro Kano tərəfindən 1882-ci ildə yaradılıb.

Hazırda sevilən və böyük maraq göstərilən cüdo I Avropa Oyunlarının proqramına da salınıb. Buna görə də Publika.az İlk Avropa Oyunlarında keçiriləcək idman növləri və iştirakçıları ilə bağlı silsilə yazıları cüdo ilə davam etdirir.

Zədələri azaltmaq, zərbələri ləğv etmək üçün yaradılan idman

O dövrdə ciu-citsu tək Yaponiyada deyil, bir çox ölkələrdə geniş yayılmışdı. Yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu məşğələlərini, yarışlarını idmançılar böyük zədələrlə bitirirdi. Bu səbəbdən mütəxəssislər düşünür ki, bu zədələrlə başa vurulan idman gənclərin fiziki tərbiyəsinə yönəldilmiş növ ola bilməz.

Yaponiya məktəblərində müəllim kimi fəalliyyət göstərən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürürdü. Bu üzdən o, belə qənaətə gəlir ki, gənclərə yeni, zərbələrsiz və fəndləri bir o qədər zədələnmələrə səbəb olmayan bir idman növü lazımdır. Buna görə də o, Tokio universitetinin həkimi Ervin Bels ilə birlikdə ciu-citsu idman növündə zədələnmələrə, çıxıqlara və sınıqlara səbəb olan fəndləri və zərbələri ləğv edərək yeni idman növünü yaradır. Həmin idman növünə cüdo adı verilir (“cü” - elastik, yumşaq, “do” - yol, prinsip).

Yeni idmanın sirləri Ciqaro Kanonun yaratdığı və dünyada ilk cüdo məktəbi olan "Kodokan"da öyrədilirdi. Hazırda da Kodokan ümumdünya cudo institutu olmaqla bu gün də dünyanın ən böyük cüdo mərkəzidir, yapon milli güləşini bütün dünyada təbliğ edən və yayan bir təşkilatdır.

Az müddət ərzində cüdo daha da məşhurlaşmağa başladı. Cüdonun yaradıcısı söyləyirdi ki, ən zəif adam belə cüdo fəndlərinin köməyi ilə özündən qat-qat güclü adama çox güc sərf etmədən asanlıqla qalib gələ bilər.

1964-cü ildə Yay Olimpiya oyunlarına ev sahibliyi edən yaponlar cüdonun bu proqrama daxil olunmasına nail olurlar və indiyə qədər də bu davam edir.

Ölkəmizdə yapon döyüş sənəti...

1972-ci ildə SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun ölkə ərazisində yayılması haqqında qərar verir. Elə həmin il Azərbaycanda da Cüdo Federasiyası yaradılır. Bu illər ərzində federasiyaya Arif Ələkbərov rəhbərlik edir. 1980-ci ildən bəri federasiya rəhbərliyində xeyli dəyişikliklər baş verib.

Azərbaycan cüdosunun ən məşhur simaları...

1992-ci ildə Barselonada keçirilən Olimpiadada MDB yığmasını təmsil edən idmançımız Nazim Hüseynov cüdo üzrə ilk azərbaycanlı Olimpiya çempionudur. Eyni uğuru 2008-ci ildə Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Elnur Məmmədli təkrarlayır.

Paralimpiyaçı cüdoçu İlham Zəkiyev isə 2 qat paralimpiya, 2 qat dünya, 5 qat Avropa çempionu olmaqla və uğurlarını hələ də davam etdirməklə əfsanə idmançılar sırasına adını yazdırıb.

1996-cı ildən Füzuli Ələkbərov Azərbaycan Cüdo Federasiyasının prezidentidir.

I Avropa Oyunlarında 18 medal dəsti

Bu gün bütün dünya ölkələrində məşhur olan cüdo İlk Avropa Oyunlarının da proqramına salınıb. Bakı 2015 Avropa Oyunlarında cüdo üzrə yarışlar iyunun 25-28-də baş tutacaq. Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışlarda 350-dən çox cüdoçu iştirak edəcək. Kişi və qadın idmançılar fərdi və komanda yarışlarında mübarizə aparacaqlar. Çoxsaylı idman oyunlarından birincisidir ki, ilk dəfə Avropa miqyasında gözdən əlil idmançılar arasında da cüdo yarışı keçiriləcək.

Bakı 2015 İlk Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bununla bağlı belə deyib:

“Gözdən əlil idmançılar arasında keçiriləcək cüdo yarışının proqramımıza əlavə edilməsi çox gözəl haldır. Bu, dünyanın hər yerindən olan idman azarkeşlərinin zövq alacağı birinci Avropa Oyunlarının innovativ və inkluziv idman yarışları olacağının sübutudur”.

Bakı 2015 İlk Avropa Oyunlarının cüdo proqramına salınmış paralimpiya yarışlarında Azərbaycanı iki idmançı təmsil edəcək. İkiqat paralimpiya çempionu İlham Zəkiyev kişilərdən ibarət turnirdə ölkəmizi təmsil edəcək. Qadınlar arasında ölkəmiz son dünya çempionatının gümüş mükafatçısı Səbinə Abdullayeva ilə təmsil olunacaq.

Ümumilikdə Bakı 2015 İlk Avropa Oyunlarında keçiriləcək cüdo yarışlarında iştirakçılara 18 medal dəsti təklif olunacaq.

Aygün İlqarqızı

Əvvəlki yazıların linkləri

Gimnastika, Stolüstü Tennis, Triatlon, Atıcılıq, Badminton, Avarçəkmə, Velosiped idmanı, Basketbol 3x3, Çimərlik futbolu, Karate, Taekvondo, Güləş, Kamandan oxatma, Su İdman Növləri, Voleybol (zal və çimərlik).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm