“Aksiyon”: “Bakı Avropa Oyunları sayəsində mədəni zənginliyini nümayiş etdirmək istəyir”
Bizi izləyin

Bakı 2015

“Aksiyon”: “Bakı Avropa Oyunları sayəsində mədəni zənginliyini nümayiş etdirmək istəyir”

Türkiyənin tanınmış media orqanı olan “Aksiyon” jurnalı "Bakı-2015" I Avropa Oyunları ilə bağlı yazı dərc edib.

Publika.az xəbər verir ki, jurnal Azərbaycan paytaxtı Bakının ilk dəfə təşkil ediləcək Avropa Oyunlarına 12-28 iyun 2015-ci il tarixlərində ev sahibliyi edəcəyini yazıb.

Jurnal beynəlxalq idman yarışında 20 idman növü üzrə 6 min idmançının medallar uğrunda mübarizə aparacağını bildirib. Qeyd edilir ki, Azərbaycan ilk dəfə təşkil ediləcək Avropa Oyunlarına ev sahibliyinin ona verdiyi həyəcanı yaşayır: “Son illərdə mədəniyyət, turizm və iqtisadiyyat sahələrində böyük uğurlar qazanan ölkə idman sahəsində də söz sahibi olmaq arzusundadır. 2012-ci ilin 9 dekabrında İtaliyanın paytaxtı Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk dəfə Avropa Oyunlarının keçirilməsi və bu oyunların Bakıda təşkil olunması barədə qərar qəbul edilib. Avropa Oyunlarının ilk ev sahibi olmaq hüququ qazanan Bakı beynəlxalq tədbir üçün hazırlıqlarını davam etdirir. Ölkədə yarışların keçiriləcəyi stadion və idman komplekslərində işlər başa çatdırılıb. Qərb ilə Şərq arasında dəhlizin ən əhəmiyyətli qovşaqlarından biri olan Bakı Avropa Oyunları sayəsində mədəni zənginliyini nümayiş etdirməyi, ölkənin təqdimatına fayda verməyi qarşısına məqsəd qoyub”.

Jurnal qeyd edir ki, hazırlığın hər mərhələsi Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva tərəfindən izlənilən Avropa Oyunları sayəsində paytaxt Bakı yeni bir görüntü qazanmağa başlayıb: “Oyunlar üçün inşası tamamlanan, açılış və bağlanış mərasimlərinin keçiriləcəyi 68 minlik stadion müasir arxitekturası ilə göz qamaşdırır. Bundan başqa, oyunlar üçün tikilən yeni idman kompleksləri fərqli dizayn və texnologiya imkanları ilə şəhərə ayrı gözəllik verir. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunları üçün hər cür fədakarlığa getdiklərini söyləyir. “Bakı-2015” Avropa Oyunlarında 20 idman növü üzrə 49 ölkədən 6 min idmançı yarışacaq. Türkiyə isə oyunlarda 20 idman növü üzrə 159 nəfərlik heyətlə iştirak edəcək. Oyunlara marağı artıran daha bir məqam isə 12 idman növündə əldə olunacaq dərəcələrin 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazandırmasıdır”.

“Aksiyon” jurnalı “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirlərinə də yer verib. Qeyd olunub ki, o, “Bakı-2015” Avropa Oyunlarının bənzər idman yarışlarından çox fərqli olacağını söyləyib.

“2012-ci ildə keçirilən “Eurovision” mahnı yarışmasında Azərbaycana qələbə qazandıran Nigar Camal və Eldar Qasımov “Bakı-2015” Avropa Oyunlarının ulduz elçiləridir. Avropa Oyunlarının bir parçası olmaqdan qürur duyduqlarını deyən ulduz elçiləri ölkədə və xaricdə keçirdiyi konsertlərdə oyunların təqdimatı üçün çalışır. Onlar kimi “Bakı-2015” Avropa Oyunları üçün çalışan minlərlə insan var. On üç min könüllüdən biri olan tələbə Günel Salmanova qeyd edir ki, Avropa Oyunları ilk dəfə Azərbaycanda keçirildiyi üçün xoşbəxtdir. Salmanova Azərbaycanın nəhəng idman yarışını böyük bir müvəffəqiyyətlə keçirəcəyinə inanır”, - “Aksiyon” "Bakı-2015" I Avropa Oyunları ilə bağlı yazısını yekunlaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm