• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qətərdə “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı olub

Qətərdə “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı olub

Mayın 5-də Dünya Güləş Birliyi Asiya Şurasının Qətərin paytaxtı Dohada keçirilən növbəti konqresində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, konqres mayın 6-11-də Dohada keçiriləcək güləş üzrə Asiya çempionatı öncəsi təşkil edilib.

Tədbirdə Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti, Dünya Güləş Birliyi idarə heyətinin üzvü Namiq Əliyev və Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov iştirak ediblər.

Konqresdə gündəlikdə duran məsələlərin müzakirəsi ilə yanaşı, tarixdə ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunları barədə təqdimat nümayiş etdirilib.

Əvvəlcə ilk Avropa Oyunlarına hazırlıqdan bəhs edən video və fotoslayd təqdim olunub. AGF-nin birinci vitse-prezidenti Namiq Əliyev “Bakı-2015”-ə hazırlıq işləri, Oyunların dünya idman həyatında əhəmiyyəti barədə ətraflı məlumat verərək, ölkəmizin bu tarixi hadisəyə ciddi hazırlaşdığını bildirib. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin hazırlıq prosesini daim diqqətdə saxladığını qeyd edən AGF rəsmisi Oyunların təşkili üçün tikilən və ya yenidən qurulan idman arenaları barədə də tədbir iştirakçılarına məlumat verib.

Namiq Əliyev qeyd edib ki, iki il bundan əvvəl bir çoxları üçün mümkünsüz görünən işlər artıq həyata keçirilib. Bir çox idman obyektləri tikilib, mövcud olanları isə təmir edilərək yenidən qurulub. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı, açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi Bakı Olimpiya Stadionu ən yüksək standartlar səviyyəsində tikilib istifadəyə verilib. Bakı İdman Sarayı, Heydər Əliyev adına İdman Sarayı müasir dövrün tələblərinə uyğun təmir edilib.

Azərbaycanda idmanın müxtəlif növləri üzrə çoxlu sayda beynəlxalq yarışın, o cümlədən Avropa və dünya çempionatlarının keçirildiyini vurğulayan Namiq Əliyev ölkəmizin təşkilatçılıq baxımdan zəngin təcrübəyə malik olduğunu diqqətə çatdıraraq deyib: “Əminik ki, birinci Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycana, paytaxtımız Bakıya yönələcək. Tarixdə ilk dəfə keçirildiyi üçün Avropa Oyunlarının standartı məhz Azərbaycanda yaradılacaq. Bir ay sonra Bakıda həm təşkilatçılıq baxımdan, həm də Oyunların standartı baxımından dünya idmanı tarixində yeni bir səhifə açılacaq".

AGF-nin birinci vitse-prezidenti Dünya Güləş Birliyi Asiya Şurasının üzvlərini iyunun 12-28-də Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dəvət edib.

“Bakı-2015”in proqramına güləşin hər üç növü üzrə yarışlar daxil edilib. İyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında keçiriləcək yarışda ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR