İçərişəhərdən bulvaradək Avropa Oyunları...
Bizi izləyin

Bakı 2015

İçərişəhərdən bulvaradək Avropa Oyunları...

Qonaqlar və yerli sakinlər üçün xüsusi turların təşkili başlanıb

Bakıda keçiriləcək I Avropa Oyunları zamanı gələn turistlərin üz tutduğu məkanlar sırasında İçərişəhər və Dənizkənarı Bulvar öndə olacaq. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dənizkənarı Bulvarın bu tədbirə necə hazırlaşdığını öyrənmək üçün deyilən ünvanlara yollandıq.
İçərişəhərə artıq turist axınının başladığı nəzərə çarpırdı.

Turistlər üçün audio-bələdçi

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mətbuat xidmətinin rəhbəri Nərmin Azadgilin sözlərinə görə, ilk Avropa Oyunları zamanı Azərbaycana gələn turistlər İçərişəhəri gəzərkən məlumatsız qalmayacaqlar: “Əcnəbi turistləri ölkəmizin, paytaxtımızın, xüsusən, İçərişəhərin tarixi ilə tanış etmək üçün 20-yə yaxın məlumat məntəqəsi yaradılıb. Bu məntəqələrdə turistlərə bir çox xidmətlər təklif olunur.

Öncə turistlər məntəqəyə yaxınlaşıb oradan audio-bələdçi almalıdırlar. Həmin audio-bələdçiyə Azərbaycan, rus, fransız, ingilis və ispan dillərində məlumat daxil edilib. Qədim şəhəri gəzərkən onun köməyi ilə tarixi binaların tikilmə tarixi, muzeylər, məscidlər və digər tikililər haqqında ətraflı məlumat almaq mümkündür.

Turistlərə yardımçı olmaq üçün I Avropa Oyunları zamanı könüllü tərcüməçilər də fəaliyyət göstərəcək. Ənənəvi Qız qalası Beynəlxalq İncəsənət Festivalının tarixi də Avropa Oyunlarına görə dəyişdirilib, tədbir iyunun 11-dən 14-dək keçiriləcək. Bu il artıq altıncı dəfədir bu festival baş tutur. Biz ötən illər ərzində bu festivalla 60-dan çox ölkəni əhatə edə bildik. 100-dən çox rəssam iştirak etdi. Bu il isə Avropa Oyunlarına görə, daha çox ölkədən nümayəndənin iştirakı gözlənilir".

Nərmin Azadgil bildirdi ki, İçərişəhər Qoruq İdarəsi I Avropa Oyunları müddətində turistlərə müxtəlif turlar təklif edəcək: “Əcnəbi qonaqların asudə vaxtının səmərəliliyi üçün İçərişəhər ərazisində həyata keçirilən layihələrdən biri də elektro-avtomobillər vasitəsilə turların təşkildir ki, qonaqlar Şirvanşahlar sarayı, Miniatür kitab muzeyi, Qız qalası Arxeologiya və etnoqrafiya sərgisi, Vaqif Mustafazadə, Kamil Əliyev, Tahir Salahovun ev muzeyləri ilə tanış ola biləcəklər.

I Avropa Oyunları zamanı bütün mədəniyyət ocaqları gücləndirilmiş iş rejimində işləyəcək və onların fəaliyyət saatı artırılacaq. Muzeylərdən əlavə İçərişəhərdə sərgi, qalereya mərkəzləri fəaliyyət göstərir ki, turistlər burada rəssamların, heykəltəraşların əl işləri ilə tanış ola biləcək və bəyəndikləri əsərləri əldə edəcəklər".

Alınan bir biletlə iki gün şəhər turu

Bakıda artıq turistlər və yerli sakinlər üçün xüsusi turlar təşkil olunur. Turun təşkilatçısı Əfsun Əhmədov deyir ki, I Avropa Oyunları zamanı turist axını nəzərə alınaraq belə turların sayı artırılacaq: “Müşahidələrimiz göstərir ki, bu il turistlərin sayı çoxalıb. Təbii ki, oyunlar zamanı bizim də yeniliklərimiz olacaq. Hazırda avtobuslarda texniki işlər gedir. Bu günə kimi 15 dayanacaq vardısa, artıq onun sayı 16-ya çatdırılıb.

I Avropa Oyunları ilə əlaqədar turların proqramı da dəyişib. Əvvəllər turistlər bu xidmətdən 24 saat müddətində istifadə edirdilərsə, indi aldıqları bilet vasitəsi ilə 2 gün şəhər turuna çıxa bilərlər. Bu o deməkdir ki, hər bir şəxs istənilən dayanacaqda düşə və istənilən dayanacaqda yenidən bu və ya növbəti avtobusla ekskursiyanı davam etdirə bilər.

Turların iş saatı da uzadılıb. Avtobuslar səhər saat 11-dən gecə 12-yə kimi fəaliyyət göstərəcək. Turistlərə Bakı haqqında məlumat 8 dildə çatdırılır".

Xatırladaq ki, avtobus turlarında marşrutun uzunluğu təxminən 21 kilometrdir. Bu da 1 saat 30 dəqiqəlik vaxt deməkdir. “Azadlıq” meydanından start götürən turların marşrutuna Heydər Əliyev Mərkəzi, Qız Qalası, Müasir İncəsənət Muzeyi, “Four Seasons” oteli, Filarmoniya bağı, Alov qüllələri, Dağüstü Park, Bəhram Gur heykəli, Dövlət Bayrağı Meydanı, Şeytan çarxı, “Azneft” meydanı, Kukla Teatrı, Muzey Mərkəzi, 7 Gözəl Fəvvarəsi və “Port Baku” daxildir.

60 növ çay və milli mətbəx

Əslən Azərbaycanlı olan İlyas Yaşayev deyir ki, I Avropa Oyunlarını doğma vətənində izləmək üçün gəlib: “Mən 90-ci illərdən Kanadada yaşayıram. Bu oyunlara 30 gündən artıq müddət qalsa da, ailəmlə birlikdə qərar verdik ki, Azərbaycana gəlib şəhərimizin müxtəlif yerlərini gəzək. Doğma Bakı 90-ci illərdən çox dəyişib, möhtəşəm olub. I Avropa Oyunlarının açılış zamanını ailəmlə birlikdə səbirsizliklə gözləyirik, vətənimin bu oyunlara ev sahiblik etməsi qürurverici bir hisdir”.

Məlumat üçün bildirək ki, I Avropa Oyunları zamanı İçərişəhərdə yerləşən üç, dörd və beş ulduzlu otellər, kafe və restoranlar da gücləndirilmiş iş rejimində çalışacaq. Əcnəbi qonaqlar bu restoranlarda milli mətbəximizin çeşidlərini dadmaqla yanaşı milli musiqidən də zövq alacaqlar.

Turistlərə 60 növ çay təklif olunur. Küçələrdə əl əməyi olan məhsulların satışına da diqqət artırılıb.

Dəniz gəzintisi və “wi-fi”

Daha sonra Dənizkənarı Bulvardakı yeniliklərlə tanış olmaq üçün ora yollandıq.
İlk olaraq Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovla söhbətləşdik. Onun sözlərinə görə, bulvarın genişləndirilməsi Avropa oyunlarına qədər tamamlanacaq: “Gün ərzində bulvara istirahət edənlərin sayı kifayət qədərdir. I Avropa Oyunları zamanı turistlərin ən çox üz tutacaqları ünvanlardan biri də bulvar olacaq. Bunun üçün Dənizkənarı Bulvarın hər iki istiqamətdə genişləndirilməsi işləri başa çatmaq üzrədir.

I Avropa Oyunlarına qədər bulvarda gözlənilən əsas yenilik bütün bulvar ərazisinin “wi-fi” şəbəkəsi ilə əhatə olunmasıdır. Hazırda “wi-fi” şəbəkəsinin yaradılması davam edir və may ayının sonu - iyunun əvvəlində bulvarda “wi-fi” sistemi tam quraşdırılacaq.

Hətta fikrimiz var ki, insanlar gəmi ilə gəzəndə də bu sistemdən istifadə etsinlər. Avropa Oyunları ilə bağlı bulvar işçiləri ingilis dilində təlimlərə cəlb olunublar. Hər işçi ən azı bir dil biləcək. Bu kurslar may ayının sonuna qədər davam edəcək".

Rəis müavini bildirdi ki, I Avropa Oyunları zamanı turistlərin daha çox gəmi gəzintisinə çıxacağı nəzərə alınıb: “Bu oyunlar yay vaxtına düşdüyü üçün turistlərin gəmi gəzintisinə üstünlük verəcəyi gözlənilir. Bu səbəbdən üç yerdə gəmi gəzintisi təşkil olunacaq. Kafe, ticarət obyektlərində pos-terminalların sayı artırılacaq. Digər tərəfdən, yeni gəzinti qatarları gətirilib. Bu qatarlar hazırda fasilə ilə hərəkət edirdisə, I Avropa Oyunları zamanı bütün bulvarı əhatə edən marşrut istifadəyə veriləcək. Bulvarda həmçinin təhlükəsizlik tədbirləri də görülür. Bütün ərazi müşahidə kameraları ilə izlənir”.

Nazim Məcidov qeyd etdi ki, Avropa Oyunları zamanı bulvardakı xidmət sahələrində qiymət artımı gözlənilmir.

İlhamə Əbülfət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm