• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Tour d’Azerbaidjan-2015”: Daha bir uğurlu gün

“Tour d’Azerbaidjan-2015”: Daha bir uğurlu gün

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2015" beynəlxalq veloyürüşündə 2-ci mərhələyə yekun vurulub. Planetin 24 ölkəsini təmsil edən 25 komandanın iştirakı ilə təşkil olunmuş yürüşün iştirakçıları Veloparkdan start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşüblər. Paytaxtı tərk edən velosipedçilər 187 km qət etdikdən sonra İsmayıllıda qalibi müəyyənləşdiriblər.

Publika.az xəbər verir ki, nüfuzlu yarışın 2-ci mərhələsi də Azərbaycanın "Synergy Baku" komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, ötən günkü Bakı - Sumqayıt mərhələsini 3-cü pillədə tamamlayan Azərbaycanın Elit yığma komandasının üzvü Maksim Averin, bu dəfə sprinterlərin mübarizəsində ən yaxşı nəticə göstərib və bununla da yaşıl rəngli "SOCAR" köynəyinə yiyələnib.

Mərhələnin qalibi isə Sloveniyanın "Adria-Mobil" komandasının üzvü Primoş Roqliç olub - o, məsafəni 4 saat, 43 dəqiqə, 26 saniyəyə başa vurub.

Sprinterlərin mübarizəsində liderliyə yüksələn "Synergy Baku"nun üzvü Maksim Averin sprintdə daha güclü olduğunu vurğulayıb:

"Aralıq finişində məqsəd qoyulmuşdu ki, köynəyi əldə etmək üçün irəli atılım. Sevinirəm ki, güclü olduğum sprintdə bunu bacardım. Şəxsi nailiyyətim önəmli deyil. Əsas odur ki, komanda yoldaşım da ikinci oldu. Amma yarış hələ davam edir. Mən də ən yaxşı sprinter köynəyini özümdə saxlamağa çalışacağam".

2 mərhələdən sonra ümumi təsnifatda "Synergy Baku"nun 2 üzvü var - Matey Müqerli 3-cü, Maksim Averin 5-ci yerdə qərarlaşır. Komanda hesabında isə "Synergy Baku" 2-ci yerdədir. İlk pillədə Sloveniyanın "Adria Mobil" komandası qərarlaşır.

Sabah "Tour d’Azerbaidjan-2015" veloyürüşün 3-cü mərhələsinin startı saat 09:30-da Qəbələ rayon İcra Hakimiyyətinin binasının qarşısında veriləcək. İştirakçılar Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ marşrutu üzrə 177 km məsafə qət edəcəklər.

Qeyd edək ki, "Tour d’Azerbaidjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar. Belə ki, 1-ci mərhələdə 3-cü olmaqla 6 xal toplayan təmsilçimiz Maksim Averin, bu gün finiş xəttini 5-ci keçməklə aktivinə daha 4 lisenziya xalı əlavə edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR