Bakı-2015: Məşəl Beyləqanda - FOTOLAR
Bizi izləyin

Bakı 2015

Bakı-2015: Məşəl Beyləqanda - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin birinci Avropa Oyunlarının Bakıdakı Atəşgah məbədində alovlandırdığı məşəli respublikamızın bölgələrini dolaşaraq mayın 9-da qədim Beyləqan şəhərinə gətirildi.

AZƏRTAC xəbər verir ki, şəhərin qərb girişində məşəlin təntənəli qarşılanma mərasimi oldu. Minlərlə beyləqanlının alqış sədaları altında Uşaq-Gənclər İdman Məktəbinin məşqçi müəllimi Əli Sarıyev birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra estafet rayon mərkəzinə doğru istiqamət götürdü. On məşəlçi 3,1 kilometr məsafədə yürüşə başladı. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Magistral, Sərdar İmrəliyev küçələri və Heydər Əliyev prospektindən keçərək Ulu Öndərin adını daşıyan Mərkəzi Parka gəldilər. “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin sərbəst güləş üzrə məşqçi müəllimi Nofəl Hüseynov məşəli burada qurulmuş səhnəyə qaldırararaq kasanı və çırağı alovlandırdı. Birinci Avropa Oyunlarının sonuna qədər şəhərdə yanacaq çırağı isə 1 nömrəli tam orta məktəbin şagirdi Fatimə Kazımlı rayon ictimaiyyətinə təqdim etdi.

Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Məşəl Heydər Əliyev Parkına gətirilərkən tədbir iştirakçıları daha bir əlamətdar hadisənin – yeni ailə quran iki gəncin nikah mərasiminin də şahidi oldular. Rayonun Birinci Aşıqlı kənd sakinləri Qadir Paşayevlə Əsmayə Paşayevanın nikahı rəsmiləşdirildi.

Estafet iştirakçılarını böyük coşqu ilə qarşılayan rayon sakinləri arasında gənclər üstünlük təşkil edirdi. Əlinəzərli kəndindən gəlmiş Zaur Quliyev sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşərək dedi: “Biz beyləqanlı gənclər birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən və məşəl estafetinin bu gün doğma rayonumuzda alovlandırılmasından sonsuz fərəh və qürur hissi keçiririk. Bu tarixi hadisə Azərbaycanı dünyada müasir, demokratik, tolerant, sülhsevər, daim inkişaf edən, qüdrətlənən bir dövlət kimi bir daha tanıdacaq. Buna görə rayon gəncləri adından Prezident İlham Əliyevə və ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.

Beyləqan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Lamiyə Əliyeva isə dedi: “Bu günlər respublikamızın əhalisi böyük fərəh içərisindədir. Artıq neçə gündür Azərbaycanı bölgə-bölgə dolaşan birinci Avropa Oyunlarının məşəli indi bizim rayonumuzda alovlanır. Bu möhtəşəm mərasimi izləmək üçün minlərlə beyləqanlı küçələrə axışıb. Gördüyünüz kimi, uşaqdan ahıla kimi bütün izləyicilər bayram əhval-ruhiyyəsindədir. Respublikamızın gündən-günə çiçəklənməsinə və bugünkü unudulmaz günə görə ölkəmizin hər bir vətəndaşı kimi azərbaycanlı olmağımla fəxr edirəm”.

Tarixi hadisəni sevinclə izləyən rayon sakini Tofiq Sadıqov fikirlərini belə ifadə etdi: “Azərbaycan birinci Avropa Oyunlarının həyəcanı ərəfəsindədir. Biz bu gün ölkənin digər bölgələrində olduğu kimi, Beyləqanda da məşəlin necə coşqu və fəxarətlə qarşılandığını gördük. Bütün bu alqışlar xalqımızın Avropa Oyunlarına verdiyi yüksək dəyərin və keçirdiyi sevinc hissinin göstəricisidir. İnanıram ki, bütün dünyanın diqqət mərkəzində olan bu möhtəşəm idman bayramı yüksək səviyyədə keçəcək. Birinci Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm