• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Rusiyalı futbolçular da Bakı 2015-in elçiləri oldu

Rusiyalı futbolçular da Bakı 2015-in elçiləri oldu

Rusiyanın çimərlik futbolu ulduzları Andrey Buxlitski, İlya Leonov və Anton Şkarin bu yay keçiriləcək Birinci Avropa Oyunlarının İdman Elçiləri seçilib.

Publika.az xəbər verir ki, 2011 və 2013-cü illərdə öz güclərini sübut edərək, bir-birinin ardınca müxtəlif titullar qazanan oyunçular, çimərlik futbolu üzrə FIFA dünya çempionudurlar. 2011-ci ildə ilk dəfə final mərhələsinə çıxan komanda kuboku başı üzərinə qaldıraraq, dünya çempionatlarına hökmranlıq edən Braziliya yığmasını təəccübləndirdi. Komandanın kapitanı İlya Leonov və Andrey Buxlitski isə, müvafiq olaraq, ən yaxşı oyuncu və ən yaxşı qapıçı adına layiq görüldülər.

“Bakı 2015”-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib:

“Rusiyanın çimərlik futbolu komandası bu idman növü üzrə ən yüksək pilləyə çatmaq üçün idmana bağlılıq, əsl komanda gücü nümayiş etdiriblər və bu xüsusiyyətlər onları Birinci Avropa Oyunları üçün mükəmməl elçilər edən keyfiyyətlərdir. Biz, Andrey, İlya və Antonun iyun ayında Birinci Avropa Oyunlarında mübarizə aparacağı günü səbirsizliklə gözləyirik“.

Bakı 2015-in İdman Elçiləri mübarizə apardıqları idman növünü təmsil edəcək, Avropa Oyunlarının təbliği üçün Avropada və sosial mediada aparılan marketinq kampaniyalarına qoşulacaqlar.

İlya Leonov deyib: “İdman Elçiləri olduğumuz və Birinci Avropa Oyunlarında ölkəmizi, eləcə də, çimərlik futbolunu təmsil edəcəyimiz üçün qürur duyuruq. Bütün dünyada Oyunların və idmanın nüfuzunu qaldırmaq, tarix yazmaq, çimərlik futolu üzrə Birinci Avropa Oyunları çempionu adını qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Andrey Buxlitski, İlya Leonov və Anton Şkarin alman stolüstü tennis oyunçusu Dimitriy Ovtçarov, yunan qılıncoynadan Vasiliki Vuguka, irland boksçu Keti Teylor, Böyük Britaniyanın taekvondo komandasının üzvü Ceyd Cons, fransız bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Pulsen və Serbiyanın Duşan Domoviç Bulut, Marko Savic, Marko Zdero və Dejan Majstoroviçdən ibarət 3x3 basketbol komandası, polşalı dağ velosipedçisi Maya Vloşçovska və italiyalı qılıncoynadan Nikolo Kamprianidən sonra, Bakı 2015-in növbəti beynəlxalq İdman Elçiləri oldular. Yaxın gələcəkdə növbəti elçilərin adları da açıqlanacaq.

Bakı 2015-in çimərlik futbolu yarışları, iyunun 24-də Çimərlik Arenasında start götürəcək və 98 idmançının qızıl medal uğrunda mübarizə aparacağı gözlənilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR