Bakı 2015-ə doğru: Silahın yoxdursa, özünü necə qoruya bilərsən?
Bizi izləyin

Bakı 2015

Bakı 2015-ə doğru: Silahın yoxdursa, özünü necə qoruya bilərsən?

Sambo dünyanın ən müasir döyüş idman növlərindən biridir. Bu növdə bir sıra müxtəlif üslublardan istifadə edilir. Cüdo, ciu-citsu və güləşin qatı qarışığı olan bu idman, eləcə də Avropa və Asiyadan çoxlu müxtəlif güləş üsullarını özündə birləşdirir.

Yarandığı gündən maraq oyadan Sambo I Avropa Oyunlarının proqramına da salınıb. Publika.az İlk Avropa Oyunlarında keçiriləcək idman növləri və iştirakçıları ilə bağlı silsilə yazıları sambo ilə davam etdirir.

Sambonun 3 növü var

Sambo idman - Həvəskar güləş və ya cüdoya bənzəyir. Bu idman növü də cüdoda olduğu kimidir. Lakin qaydalar və formada bəzi fərqliliklər var. Cüdodan fərqli olaraq, Sambo bütün ayaq kilidlərinə icazə verir.

Sambo güləş - Ayki-ciu-citsu, ciu-citsu və ya Aykidoya bənzəyir. Silahlı və silahsız hücumçulara qarşı özünü qoruma təzahürüdür. İdman mütəxəssisləri taksi sürücülərinə, bank işçilərinə və peşələrdə çalışan insanlara bu idman növü ilə məşğul olmaqlarını təklif edirlər. Ayrıca təcavüzdən müdafiə və uşaqların özlərini müdafiə etməsi üçün də münasibdir.

Sambo döyüş - Hərbi məqsədlərlə istifadə edilən və inkişaf etdirilən bu idman növünün mübarizəsi müasir qarışıq döyüş sənətlərinə bənzəyir. Vuruş və tutuş formaları da daxildir. Çox aqressiv bir sistemdir. Məqsəd həyatda qalmaqdır. Digər iki sambo növünün texnikaları bunda da cəmləşir. Ancaq bu texnikalardan istifadə şəkli fərqlidir. Burada idmanda təhlükəli olacaq texnikalar da saxlanılır.

İdman müəllimlərinin yaratdığı döyüş sənəti

Sambo da cüdo kimi silahsız özünü müdafiə etmə döyüş sənətidir. Ancaq sambonun vətəni Yaponiya yox, SSRİ sayılır. Sambo sözünün hərfi mənası üç rus sözünün baş hərflərinin birləşməsindən əmələ gələrək (samozaşita bez orujiya) “silahsız özünümüdafiə” deməkdir.

XX əsrin əvəllərində Moskvanın “Dinamo” cəmiyyətində əsası qoyulan sambo daha sonra Mərkəzi Dövlət Bədən Tərbiyəsi İnstitutunda, eyni zamanda Ordu İdman Klublarında tətbiq olunmağa başlayır.

Sambonun yaranma tarixi rəsmi olaraq, 1938-ci il 16 noyabr sayılır. Həmin tarixdən etibarən Ümumitiffaq Bədən Tərbiyəsi və İdman Komitəsinin əmri ilə sambo dəyərli idman növü hesab edilir.

Sambonun inkişafında azərbaycanlılar

Sambonun inkişafında azərbaycanlı idman xadimlərinin də önəmli yeri var. Həmin idman xadimləri vaxtilə milli komandanın baş məşqçisi kimi fəaliyyət göstərib. Əməkdar məşqçi ümumittifaq dərərəcəli hakim Sabir Hüseynov (1967-1992), SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Əbülfəz Əliyev sambo güləşinin inkişafı üçün gördüyü işlərə görə seçilir.

1959-cu ildən rəsmi olaraq, Azərbayçan çempionatı ardıcıl keçirilir. Yeniyetmələr arasında ilk qızıl medalı 1966-cı ildə Leninqrad şəhərində keçirilən SSRİ birinciliyindən 52 kq çəki dərəcəsində güləşən Kamal Qasımov gətirir. Yeniyetmələr arasında 1982-ci ildə Fransada keçirilən dünya birinciliyində ilk qızıl medala Sumqayıt sambo məktəbinin yetirməsi, 52 kq çəki dərəcəsində güləşən Faiq Ağayev layiq görülür.

Ağdam sambo məktəbinin yetirməsi Ceyhun Məmmədov 1987-ci ildə gənclər arasında ilk dünya birinciliyinin qalibi, 1988-ci ildə SSRİ və dünya çempionu, 1989-cu ildə SSRİ və dünya kubokunun sahibi, 1990-cı ildə Avropa çempionu olur. Əməkdar idman ustası Ceyhun Məmmədov 7 qat dünya, 6 qat Avropa çempionu, dünya kubokunun qalibi kimi yüksək idman nəticələri göstərməklə, dünya rekordçusu olur, XX əsrin sambo “ulduzu” kimi tarixdə iz qoyur.

Qadınlar arasında 5 qat dünya, dəfələrlə Avropa, 2 qat SSRİ çempionu olmuş, əməkdar idman ustası Zülfiyyə Hüseynova Azərbaycan sambosunun dünya miqyasında layiqli təmsilçisidir.

Bizim federasiya...

Azərbaycanda 1974-cü ildə Ələkbərov Arif Baba oğlunun təşəbbüsü ilə Sambo və Cüdo Federasiyası yaradılır və 10 il ardıcıl olaraq bu federasiyaya rəhbərlik edir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1992-ci ildə Azərbaycan Sambo Federasiyası yaradılır. 1992-ci ilin noyabrın 16-da Sumqayıt şəhərində ASF-nin I təsis Qurultayı keçirilir. Qurultayda Zəlimxan Məmmədov ASF-nin ilk rəsmi prezdenti seçilir. O, 10 il ASF-yə rəhbərlik edir.

1993-cü ildən ASF Avropa Sambo Federasiyası (FES) və Beynəlxalq Həvəskar Sambo Federasiyasının (FİAS) həqiqi üzvüdür. 2003-cü ildən Azərbaycan Sambo Federasiyasının prezidenti əfsanəvi samboçu, öz adını idman tariximizə və dünya idman tarixinə yazmış, əməkdar idman ustası, milli iftixarımız, dünya rekordçusu Ceyhun Məhəmməd oğlu Məmmədovdur.

70-dən çox idmançı 8 medal dəsti uğrunda

Vaxtilə Sovet Ordusu tərəfindən yaradılan bu idman növü ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları proqramına da salınıb. Sambo yarışları iyunun 22-də Heydər Əliyev adına İdman Arenasında kişi və qadınlar arasında 8 ayrı çəki üzrə keçiriləcək. Ümumilikdə 70-dən çox idmançı 8 medal dəsti uğrunda mübarizə aparacaq.

Amur Pələngi samboçuların talismanıdır

Diqqətinizə çatdıraq ki, bu il mayın 5-də Amur pələngi Beynəlxalq Sambo Federasiyasının talismanı seçilib. Beynəlxalq qurum ilə “Amur pələngi” Mərkəzi arasında imzalanmış müqaviləyə əsasən, nəsli kəsilməkdə olan bu heyvan federasiyanın talismanı olub. Müqavilənin əsas məqsədi sambonun kütləviliyinin təmin olunması və dünyada Amur pələnginə diqqəti artırmaqdır. Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasiliy Şestakov müqavilənin əhəmiyyətini yüksək qiymətləndirib və belə bir addımı digər federasiyalara da nümunə göstərib.

Aygün İlqarqızı

Əvvəlki yazıların linkləri: Gimnastika, Stolüstü Tennis, Triatlon, Atıcılıq, Badminton, Avarçəkmə, Velosiped idmanı, Basketbol 3x3, Çimərlik futbolu, Karate, Taekvondo, Güləş, Kamandan oxatma, Su İdman Növləri, Voleybol (zal və çimərlik), Cüdo.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm