“Avropa Oyunlarında qalib olsam, olimpiya çempionu sayılacam”
Bizi izləyin

Bakı 2015

“Avropa Oyunlarında qalib olsam, olimpiya çempionu sayılacam”

Bir müddətdir ki, “Qəbələ” idman klubunun şərəfini qoruyan dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı, xanım cüdoçu Kifayət Qasımova da I Avropa Oyunlarında iştirak edəcək.

Hazırda Azərbaycanda xanım cüdoçular arasında lider hesab edilən Kifayət Qasımova Publika.az-a açıqlamasında ilk dəfə ölkəmizdə keçiriləcək mötəbər yarışa ciddi hazırlaşdıqlarını deyib:

“Bilirsiniz ki, “Qəbələ”nin idmançısı kimi ilk ciddi sınağım bu il Bakıda keçiriləcək I Avropa Oyunları olacaq. İndi bütün diqqətimi I Avropa Oyunlarına yönəltmişəm. Burada qalib olsam, olimpiya çempionu sayılacağam”.

Xatırladaq ki, K.Qasımova saytımıza verdiyi əvvəlki açıqlamalarında belə demişdi:

“Avropa Olimpiya Oyunlarından 1 il sonra Rio-de-Janeyroda Yay Olimpiadası başlayır. Buna görə Rio-de-Janeyrada da güləşməyi düşünürəm. Olimpiadadan sonra idmandan gedəcəm”.

Məlumat üçün bildirək ki, Bakı 2015 Avropa Oyunlarında cüdo üzrə yarışlar iyunun 25-28-də baş tutacaq. Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışlarda 400-dən çox cüdoçu iştirak edəcək. Kişi və qadın idmançılar fərdi və komanda yarışlarında mübarizə aparacaqlar. Çoxsaylı idman oyunlarından birincisidir ki, ilk dəfə Avropa miqyasında kor idmançılar arasında cüdo yarışı keçiriləcək. Bu yarışda kişilər 90 kq-dan çox, qadınlar isə 57 kq-dan az çəki kateqoriyaları üzrə yarışacaqlar. Bununla da ümumilikdə Bakı 2015 Avropa Oyunlarında keçiriləcək cüdo yarışlarında iştirakçılara 18 qızıl medal dəsti təklif olunacaq.

Qeyd edək ki, Avropa Cüdo İttifaqı Bakıda keçiriləcək Avropa Oyunlarında çıxış etmək hüququ qazanmış cüdoçularımızın siyahısını dərc edib.

“Bakı 2015” çərçivəsində qitə çempionatı keçiriləcək, buna görə də atletlərin yarışa buraxılması müstəsna olaraq reytinq üzrə həyata keçirilir.

Azərbaycandan Avropa Oyunlarında Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Ramin Qurbanov (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Ayişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Səkinə Zairova (52 kq), Kifayət Qasımova (57 kq), Xanım Hüseynova, Nuriyyə Axundova (hər ikisi 63 kq), Nərgiz İbrahimova, Validə Mirzəzadə (70 kq) və Günel Həsənli (78 kq) çıxış etmək hüququ qazanıblar.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm