“İlk Avropa Oyunları qədim Bakı torpağında” klipi naziri ağlatdı - FOTOLAR
Bizi izləyin

Bakı 2015

“İlk Avropa Oyunları qədim Bakı torpağında” klipi naziri ağlatdı - FOTOLAR

Bu gün Beynəlxalq Muğam Mərkəzində “İlk Avropa Oyunları qədim Bakı torpağında” adlı mahnının və klipin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mahnının söz müəllifi tanınmış yazar Cəlal Qurbanov, musiqisi Muxtar Absiyevdir.

Mərasimin aparıcısı Kamilə Babayeva layihə barədə məlumat verib: “Bu mahnının söz müəllifi Cəlal Qurbanovdur. Cəlal Qurbanov hər zaman olduğu kimi bu dəfə gənclərə vətənpərvər ruhu aşılayan, enerji dolu bir musiqi təqdim edib. Bu mahnı hər kəsi ruhlandıracaq”.

Mərasimdə idman və gənclər naziri, “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti yanında ASAN xidmət sədri İnam Kərimov və bir sıra təşkilatların rəhbər şəxsləri iştirak edib.

Tədbirdə çıxış edən Azad Rəhimov idman azarkeşlərini gözəl mahnı və klip münasibəti ilə təbrik edərək, incəsənət ustalarına təşəkkür edib: “Azərbaycan və Avropa tarixində ilk dəfə keçiriləcək bu Oyunlara incəsənət nümayəndələrinin dəstək vermələri təqdirəlayiq haldır. Klip Avropa Oyunları ərəfəsində bəstəkar və müğənnilərimiz tərəfindən hədiyyədir. İnanıram ki, mahnı və klipi tək idman azarkeşləri deyil, bütün xalqımız maraqla dinləyəcək”.

ASAN xidmətin sədri İnam Kərimov Avropa Oyunları və kliplə bağlı fikirlərini belə ifadə edib: “Azərbaycanda idmana dövlət qayğısı və bu sahəyə maraq ilbəil artmaqdadır. Qitə tarixində ilk dəfə olaraq məhz Bakıda keçiriləcək Birinci Avropa Oyunları ölkəmizi beynəlxalq aləmdə tanınmasında növbəti bir addım olacaq. İnanıram ki, bu gün təqdim olunan mahnı və klip idmançılarımıza bir hədiyyə olacaq”.

Tədbirdə əməkdar artist Sevda Ələkbərzadə və xalq artisti Samir Cəfərov da çıxış edərək Avropa Oyunlarının ölkəmizin tarixində ən qürurverici hadisə olduğunu qeyd ediblər. Onlar yarışların başlanmasını bütün xalqın, o cümlədən də incəsənət ustalarının da səbirsizliklə gözlədiyini bildiriblər.

Mərasimdə ASAN Könüllülərin təşəbbüsü ilə hazırlanan klip ilk dəfə olaraq təqdim olunub və alqışlarla qarşılanıb.

Nazir Azad Rəhimov klipin nümayişi zamanı qürur hissi keçirərək göz yaşlarını saxlaya bilmədi.

Tədbirin sonunda akapella və fləşmob təqdim olunub.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm